Gündəm 

Dünya regionda yaranan reallıqları qəbul edir

Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirdi. 12 aprel tarixində baş tutan müşavirə mahiyyətinə görə sələflərindən bir qədər fərqlənirdi. Belə ki, müşavirə təkcə 2022-ci ilin üç ayının yekunlarını yox, eyni zamanda postmüharibə dövrünün illik hesabatını da əhatə edirdi. Müşavirədə olduqca geniş və əhatəli nitqlə çıxış edən ölkə başçımız ötən ilin ölkəmizin həyatında əlamətdar bir il olduğunu vurğulayaraq nitqinə başladı. Ötən il həqiqətən də əlamətdar idi. Çünki müharibədən sonra birinci il idi və əlbəttə ki, bu dövrdə görülən işlər bir çox baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu gün əldə olunan nəticələr göstərir ki, Azərbaycan hakimiyyəti bu dövrü olduqca səmərəli şəkildə dəyərləndirmiş və istər Ermənistanda, istər regionda, istərsə də dünya arenasında mövcud reallıqların qəbul olunması istiqamətində faktiki nəticələr əldə etmişdir. Məsələyə daha yaxından nəzər salaq. İlk olaraq ötən dövrdə Ermənistanla münasibətlərin inkişafı nöqteyi-nəzərindən məsələni dəyərləndirək.

Müharibənin Ermənistanın kapitulyasiyası ilə nəticələndiyi və tarixi 10 noyabr Bəyanatının imzalandığı gündən etibarən Ermənistan tərəfi üzərinə düşən ödəliklərdən yayınmaq və ya onları ləngitmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışdı. Bu mənada Zəngəzur dəhlizinin icrasının həm 10 noyabr, həm də 11 yanvar Bəyanatlarında təsbit olunmasına baxmayaraq Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif dövrlərdə dəhlizin icrası ilə bağlı sərsəm bəyanatlar səsləndirərək özünü gülüş obyektinə çevirdi. Azərbaycan Prezidenti isə öz qətiyyətli mövqeyindən bir addım belə geri çəkilmədi. Ölkə başçımızın dəhlizlə bağlı səsləndirdiyi bir fikri xatırlayaq. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.  Azərbaycan Prezidenti tərəfindən səsləndirilən bu fikir Ermənistanda isterika ilə qarşılansa da davam edən dövrdə Ermənistanın hakim siyasi dairələri bu fikirlə barışmağa məcbur oldu. Çünki Prezident İlham Əliyev səsləndirdiyi hər bir fikirdə yalnız reallığa və sənədlərə əsaslanırdı. Digər bir tərəfdən isə ölkə başçımızın dəhlizlə bağlı məqsədi sadəcə Azərbaycanı onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirmək və ya bu vasitə ilə qardaş Türkiyə ilə birbaşa quru əlaqəsinin əldə olunması deyildi. Məqsəd həm də kommunikasiyaların açılması və sonrakı dövrdə əlaqələrin inkişafı ilə bölgədə davamlı sülh və əmin-amanlığın bərpa olunması, Cənubi Qafqazda əməkdaşlıq formatlarının inkişaf etdirilməsi idi. Təbiidir ki, Azərbaycanın bu mövqeyi beynəlxalq auditoriyadan da maksimum dəstək aldı. Ötən dövrdə keçirilən bütün görüşlərdə, imzalanan bütün bəyanatlarda, o cümlədən 11 yanvar 2021-ci il tarixli Moskva, 26 noyabr 2021-ci il tarixli Soçi, 14 dekabr 2021-ci il və 06 aprel 2022-ci il tarixli Brüssel görüşlərində kommunikasiyaların açılması ilə bağlı ifadələr öz əksini tapdı. Bu görüşlərdən çıxan Bəyanatların hər biri Azərbaycan və onun liderinin diplomatik zəfəri kimi tarixə həkk olundu. Qeyd edək ki, Ermənistanın təxribatları sadəcə dəhlizlə məhdudlaşmırdı. 10 noyabr Bəyanatında öz əksini tapan erməni silahlı birləşmələrinin tör-töküntülərin rus sülhməramlıların bölgəyə yerləşməsinə paralel olaraq torpaqlarımızdan çıxarılmasında, sərhədlərin delimitasiya və demarkasiya proseslərində, əlavə olaraq Bəyanatda olmasa da müharibə qanunlarında öz əksini tapan mina xəritələrinin təhvil verilməsi, əsirlərin taleyi (Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4000-ə yaxın soydaşımız nəzərdə tutulur) kimi məsələlərdə də Ermənistan tərəfi bənzər saxtakarlıqlar nümayiş etdirməyə çalışdı. Ancaq yekun nəticədə Azərbaycan öz gücünə bütün bu məsələlərin həllində effektiv yanaşma ortaya qoydu və heç bir şübhə yoxdur ki, dövlətimiz tərəfindən bu günə kimi qarşıya qoyulan hər bir məqsədə, hədəfə nail olunduğu kimi bu məsələlərin də həllinə nail olunacaq. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi, qətiyyəti, diplomatik məharəti və prinsipial mövqeyi bundan sonra da milli maraqlarımızın təmin olunmasında öz sözünü deyəcək.
Post-müharibə dövründə region ölkələri və beynəlxalq təşkilatların məsələyə yanaşmasına da nəzər yetirək. Məlumdur ki, ölkəmiz region ölkələrindən qardaş Türkiyə Cümhuriyyəti ilə çox dərin və güclü siyasi, iqtisadi və mədəni əlaqələrə malikdir. Bu əlaqələr  İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dövründə öz tarixi zirvəsinə çatmışdır. Ölkə başçımızın da dediyi kimi bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə yoxdur. Bu mənada iki qardaş ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanması gözlənilən idi. Eyni zamanda qısa müddət öncə Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan və Rusiya liderlərinin iştirakı ilə iki ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən Bəyannamənin imzalanması da təəccüblü deyil. İran İslam Respublikası ilə olan münasibətlərimiz də davamlı inkişaf fonundadır. Belə ki, ötən ayın ilk yarısında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Əminliklə demək olar ki, bu sövdələşmə münasibətləri daha irəli mövqeyə daşıyan əhəmiyyətli bir addım olaraq qarşımıza çıxır. Gürcüstanla olan münasibətlərimiz isə hər zaman ən yüksək səviyyədə olmuşdur. Beləliklə, bütün bunlar deməyə əsas verir ki, bu gün Azərbaycanın bütün bölgə dövlətləri ilə əlaqələri artan templə inkişaf edir və gələcəkdə də  bunun belə olacağına yüksək ümid bəsləmək olar.
Beynəlxalq təşkilatların da ölkəmizə və Qarabağ məsələsinə mövqeyinə nəzər yetirək. Müharibəyə qədər Qarabağ məsələsində passivlik və susqunluq göstərən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə başlayaq: Qısa müddət öncə daha dəqiq, ötən ayın 18-də, işğaldan azad olunan Şuşa şəhərində BMT-Azərbaycan əlaqələrinin 30 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbir keçirildi. Bu, BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən hörmətin açıq təzahürü idi. Növbəti olaraq, Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT). Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olma xüsusiyyətini daşıyır. QH müharibəyə qədər olduğu kimi müharibə və post-müharibə dövründə də Azərbaycana açıq dəstəyini ifadə etdi. Eyni şəkildə, İslam Əməkdaşlıq Təşkilatı da daima Azərbaycanın yanında olan təşkilatlardan biridir. ATƏT – Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Minsk qrupuna mandat verən bu təşkilat da hazırda mövcud reallıqları tam qəbul edib. Minsk qrupu ilə bağlı ölkə başçımızın müşavirədəki nitqindən sitatını xatırlayaq: “Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”. Bəli, bu fikirlər Minsk qrupu ilə bağlı ölkəmizin mövqeyini ən açıq şəkildə ifadə edir. Sözügedən təşkilat ABŞ – Rusiya – Fransa kimi dünyada güc mərkəzləri olaraq qəbul edilən dövlətlərdən təşkil olunsa da illər boyu münaqişənin həllində demək olar ki, heç bir irəliləyişə nail olmadı, onların nəticələri sıfır səviyyəsində idi. Qarabağ münaqişəsi Azərbaycanın igid oğullarının canları bahasına, dövlətimizin 30 illik gərgin fəaliyyətinin nəticəsi olaraq azad olundu. Belə olan halda Minsk qrupunun bundan sonrakı fəaliyyəti təbii ki, Azərbaycan üçün tamamilə maraqsızdır.
Beləliklə, müharibədən keçən təqribən il yarımlıq müddət onu göstərir ki, Azərbaycan müharibəni necə dəqiq aparmışdısa, eyni şəkildə post-müharibə dövrünü də bənzər dəqiqlik və ustalıqla idarə etmişdir. Hazırda Azərbaycanın qalibiyyəti heç kim də şübhə doğurmur. Hətta Fransa kimi açıq ermənipərəst mövqeyə malik dövlət belə bu gün bu məsələdə ölkə başçımızın iradəsini qəbul edərək, üçtərəfli görüşlər təşkil etməyə çalışır. Bu Azərbaycan Prezidentinin, Azərbaycan diplomatiyasının qələbəsidir.
Sonda dövlət başçımızın müşavirədə səsləndirdiyi Ermənistanın Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etməsi məsələsinə də toxunmaq istərdim. Azərbaycanın təklifləri əlbəttə ki, beynəlxalq hüquqa uyğun və ədalətli idi. Amma azərbaycanafobiya və türkofobiya ilə beyinləri çirklənmiş erməni siyasi elitasının bunu qəbul etməsi hər halda çətin idi. Ancaq nəhayət gözlənilən oldu. Ermənistanı mövcud vəziyyəti qəbul edərək şərtlərimizi qəbul etdiyini bəyan etdi. Daha əvvəl 6 aprel tarixli Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda bu məsələ ilə bağlı tərəflərin sülh sazişinə doğru sürətlə irəliləmək arzusu qeyd olunmuş və iki ölkənin Xarici İşlər nazirlərinə məsələ ilə bağlı göstəriş verildiyi bildirilmişdi. Ötən gün isə Ermənistanın baş naziri Nikol Paşinyan  parlamentin iclasında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmalı olduğunu vurğuladı. Paşinyan həmçinin qeyd etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bəli, bu, Azərbaycanın cəbhədə qazandığı zəfərin Ermənistan tərəfindən açıq etirafıdır. Düzdür, onsuzda Azərbaycanın zəfəri gün kimi aydın idi və heç kəsdə heç bir şübhə doğura bilməzdi. Amma açıq deyək ki, düşmənin öz ağzından məğlubiyyətinin etirafını eşitmək bizi sevindirdi. Çünki, Ermənistan həmişə riyakarlığı və ikili siyasəti ilə özünü tanıtmış ölkədir. Bunun nəticəsidir ki, 10 noyabr tarixli Bəyanatla üzərinə götürdüyü bəzi öhdəlikləri bu günə qədər hələ də tam icra etməkdən yayınır. Amma artıq Ermənistan üçün yolun sonudur. Artıq Ermənistanın onu qoruya biləcəyini ümid etdiyi heç bir güc yoxdur. Azərbaycanla üz-üzə qaldıqda isə təbii ki, Ermənistan özü də qəbul edir ki, heç bir şansı yoxdur. Beləliklə, nəhayət iki dövlət arasında sülh imzalana və qonşuluq münasibətləri formalaşa bilər. Düzdür, bu, illər çəkəcək uzun və ağır bir proses olacaq amma buna ümid etmək olar. Yalnız bir şeyə ümid etmək olmaz ki, erməni xisləti dəyişə bilər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə olduğu kimi sonrakı dövrdə də Ermənistandan bənzər həmlələr görə bilərik. Buna görə də biz daim güclü olmalı, Ordumuzu inkişaf etdirməli və Ali Baş Komandanımızın ətrafında sıx birləşərək dövlətimizə ən yüksək səviyyədə dəstək olmalıyıq. Unutmamalıyıq ki, bu gün Ermənistanın etirafları onun öz iradəsi ilə yox, güclü Azərbaycan qarşısında tab gətirə bilmədiyi üçündür. Buna görə də yaşasın güclü Azərbaycan, onun şanlı Ordusu və Müzəffər Ali Baş Komandanı!!

Xəyalə Cavanşirli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər