Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir – İlyas Hüseynov
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, postmüharibə dövründə Azərbaycan diplomatiyasının həyata keçirdiyi uğurlu fəaliyyət diqqət çatdırıldı. Azərbaycan məhz postmüharibə dövründə yaranan reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra fəaliyyətlər həyata keçirmişdir. Bu xüsusda Azərbaycan və BMT arasında əməkdaşlığa, eləcə də Azərbaycanın BMT-də üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi Azərbaycan –BMT münasibətlərinin hazırkı yüksək səviyyəsinin vurğulanması ilə yanaşı, həm də postmüharibə reallıqları çərçivəsində ölkəmizin beynəlxalq institutlarla əməkdaşlığının da bir göstəricisi kimi dəyərləndirilə bilər”.
Bu fikirləri “İki sahil”ə politoloq İlyas Hüseynov deyib.
Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir. Azərbaycanın haqq işinə və beynəlxalq hüquqa önəmli töhfələr verən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də münasibətlər inkişaf edir. Azərbaycanın mövqeyini dəstəkləyən, o cümlədən, tarixi və dini abidələrimizin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qətnamənin qəbul olunması da onu göstərir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər Azərbaycanın mövqeyi ilə həmrəydirlər.
İlyas Hüseynov qeyd edib ki, 30 ilə yaxın müddətdə artıq həll olunmuş münaqişənin nizamlanması istiqamətində mandat əldə edən ATƏT-in Minsk qrupunun həmsədrlik institutu hazırkı durumda iflasa uğrayıb və Ermənistan tərəfi dəfələrlə bu həmsədrlik formatının dirçəldilməsi istiqamətində cəhdlər etsə də heç nəyə nail olmayacaq: “30 il ərzində yalnız status-kvonun saxlanılması və mənasız danışıqlarla məşğul olan həmsədrlərin fəaliyyətinə ehtiyac yoxdur. Bu baxımdan, artıq postmünaqişə dövründə yeni formatlar və yeni çağırışlar gündəmdədir. Bu xüsusda Avropa İttifaqı çərçivəsində keçirilmiş görüşlər böyük önəm kəsb edir. 2021-ci ilin 14 dekabr tarixində Brüsseldə keçirilmiş görüş mühüm siyasi nəticələrlə yadda qaldı. Digər tərəfdən aprelin 6-da Brüsseldə keçirilən görüşdə də mühüm irəliləyişlər əldə olunub. Həm sərhədlərarası komissiyanın yaradılmasıı, həm də onun mandata uyğun fəaliyyəti təhlükəsizlik zəmanətləri və ən önəmli məsələ sülh müqaviləsinin imzalanması ilə bağlı Xarici İşlər Nazirliklərinə tapşırıqlar verildi. Artıq əlamətdar haldır ki Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında da telefon danışığı formatında görüş keçirilmişdir. Bu təmasların intensivləşməsi yalnız sülhün, təhlükəsizliyin və sabitliyin dərinləşməsinə xidmət edir. Ermənistan tərəfi Brüssel formatında keçirilmiş danışıqlardan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir və məsuliyyəti anlamalıdır. 10 noyabr Bəyanatından sorna Ermənistan üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməmişdir. Bu da narahatverici məqamdır. Lakin hazırkı durumda Ermənistanın öz marağındadır ki, rəsmi İrəvan tərəfindən götürülən öhdəliklər yerinə yetirilsin”.
Ekspert bildirib ki, ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının gücləndirilməsi konteksində keyfiyyətcə yeni münasibətlər sistemi formalaşır və bu münasibətlər ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi və rəsmi Bakı tərəfindən irəli sürülən 5 maddəlik təklifin qəbul olunması fonunda sülh müqaviləsinin imzalanması şəraitində baş verə bilər: “Bu 5 maddəlik prinsipin Ermənistan tərəfindən qəbul edilməsi də onu göstərir ki, ümumilikdə prosesi diqtə edən tərəf Azərbaycandır .Ölkəmizin siyasi iradəsi, qətiyyəti sayəsində bütün bu reallıqlar masada da özünü göstərir. Mahir diplomat və müdrik siyasətçi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət milli maraqlarımızın təmin olunmasına xidmət edir”.

