Cəmiyyət 

İntihar çıxış yolu deyil!

Son zamanlar intihar mövzusu istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz mövzulardan biridir.

Mütəxəssislər “İki sahil”ə bu dəhşətli problemlə bağlı açıqlamalarında  intihar hallarının artmasının səbəblərinə aydınlıq gətirir, qarşısının alınması ilə bağlı təkliflərini səsləndirirlər.

İntiharla bağlı eşidilən və yayılan xəbərlər digərlərini də stimullaşdırır

Psixoloq Orxan Oruc  bildirdi ki, intiharlar bir sıra səbəblərin (fiziki, əqli, iqtisadi problemlər, alkoqol və narkotik vasitələrdən istifadə, ailələrin dağılması, zorakılıq, günahkarlıq hissi və s.) təsiri ilə baş verir.

Ekspert vurğuladı ki,  bəzən insan affekt vəziyyətində və yaxud özünü çox çarəsiz hiss edərkən belə üsullara əl atır: “İntiharların artmasına əsas səbəb kimi “Verter effektini” qeyd edə bilərik. Bu effektin məğzi ondan ibarətdir ki, intiharla bağlı eşidilən və yayılan xəbərlər digərlərini stimullaşdırır. Belə bir addımın atılması digərlərində  də “cəsarət” oyadır. Xüsusilə, indiki dövrdə sosial media istifadəçiləri potensial “mətbuat orqanına”çevrilib. Düşüncəsizlikdən və maariflənmə səviyyəsinin aşağı olmasından irəli gələrək bu görüntülər yayılır. Bəzən intihar düşüncəsi olmayan insan belə bu tip foto və ya videolara baxdıqda həmin hadisə altşüuruna oturur. Affekt halında isə alternativ “çıxış yolu” kimi işə düşür. Belə bir araşdırma var ki, intihar hansı ərazidə baş verirsə, digərlərinin də forması da növü eyni olur. Şəhərdə hündürmərtəbəli binalardan, sahil olan ölkələrdə isə özünü dənizə atmaq kimi halları qeyd edə bilərik.”

Həmsöhbətimiz vurğuladı ki, sosial vəziyyəti aşağı olan ölkələrdə intihar sayı az olur, nəinki daha imkanlı ölkələrdə: “Məsələn, çox inkişaf etmiş ölkələr var ki, orada intiharın adam başına düşən statistikası sosial problemlər məsələsində aşağı olan ölkələrdə nisbətdə çox yüksəkdir. Hər insanın həyatının arxasında özünəməxsus bir hekayəsi və problemi var. Kiminsə intihar səbəbi başqa birisi üçün çox sadə və ya faciəvi görünə bilər. Bəzən ola bilər ki, nümayiş xarakterli intiharlar ölümlə nəticələnsin. Kimisə təhdid etmək, özündən sonra qalan şəxslərə zərər vurmaq məqsədilə edilən intiharları  da bura aid edə bilərik. Bu, aqressiyanın bir növüdür. Başqasına zərər vurmaq istəyir, amma nəticədə öz həyatına son qoyur”.

“İntihara cəhd edən, meyilli olan şəxslərlə mütləq şəkildə psixoloji iş, maarifləndirmə tədbirləri həyata keçirilməli, həmin insanların intihar düşüncələrinin  kökündə nələrin durduğu təhlil olunmalıdır.” deyən həmsöhbətimiz bildirdi ki, şəxsin psixoloji vəziyyətinin yaxşılaşdırılması istiqaməti ilə bağlı atıla biləcək addımlar hamımızı düşündürməlidir. Cəmiyyət olaraq necə etməliyik ki, əmin şəxsin intihar düşüncələri yenidən aktivləşməsin, yenidən özünəqəsd cəhdləri olmasın? Bundan başqa, cəmiyyət olaraq insanlararası münasibətlərdə diqqətli olmalıyıq. Xüsusən də  gənclərə, yeniyetmələrə, çarəsiz, ümidsiz qalmış insanlara münasibətdə diqqətli olmalı, həmişə yadda saxlamalıyıq ki, bizim başqalarına yanlış münasibətimiz onun intiharı ilə nəticələnə bilər. Bunu düşünsək yəqin ki, hər zaman atdığımız addımlarda da, digər insanlara olan münasibətlərimizdə də daha diqqətli ola bilərik. Həmin diqqətimiz isə müəyyən qədər emosiyalarımızı idarə etməyə, münasibətlərdə qarşı tərəfə daha anlayışla yanaşmağımıza köməklik edə bilər.

Bir intihar hadisəsi ardınca bir neçə intiharı gətirə bilir

“Şağan” Reabilitasiya Pansionatının Sosial psixoloji reabilitasiya və abilitasiya şöbəsinin müdiri İlahə Dadaşova diqqətə çatdırdı ki, intiharın  baş verməsinin müxtəlif səbəbləri var: “İntihar hallarının yaşanmasına bəzən şəxsin özünün daxili səbəbləri,  ya cəmiyyətin, ailə üzvlərinin təsiri, ya da ki, maddi-mənəvi  və psixoloji  problemlər zəmin yaratmış olur. Yəni, istənilən dövrdə intihar halları olub. Sadəcə psixoloqlar mütəmadi olaraq intihar hallarının işıqlandırılmasının əleyhinədir. Çünki bəzi insanların müəyyən problemlərlə bağlı ara-sıra ağlından intihar etmək fikri keçir.  Diqqət etsək görərik ki, hər il müəyyən bir mərhələ  olur ki, ard-arda intihar hadisələri baş verir. Çünki bunun səbəbi bir intihar hadisəsi ardınca başqalarına da təkan yaradır. Bu da cəmiyyətdə ardıcıl intihar hadisələrinin baş verməsinə gətirib çıxarır.”

İntiharla bağlı xəbərlərin başlıqlarına  ciddi şəkildə fikir verilməlidir

Mütəxəssis  bu mövzu ilə bağlı xəbərlərin hazırlanması zamanı diqqət edilməli məqamlara da aydınlıq gətirdi : “Sözügedən mövzu ilə bağlı mediada qabardıcı suallarla, ajiotajlı başlıqlarla, hadisənin səbəblərinin araşdırılması halları ilə rastlaşırıq: “Məqbul sayılar ki, intihar edən şəxsin adı və soyadı ya dəyişdirilsin, ya da gizli saxlanılsın. Çünki o şəxsin ailəsi və  yaxın çevrəsi  bu hadisədən sosial zərər görə bilər, psixoloji travma ala bilər. Təsəvvür edin ki, ailənin hər hansı bir fərdi intihar edir. Bunu ailənin kiçik fərdlərinə sadəcə ölüm hal kimi izah edirlər.  Həmin uşaqlar ya sosial şəbəkələrdən,  ya da saytlardan  qardaş, bacılarının ad və soyadı olan intihar xəbərini oxuyurlar. Düşünün ki,  bu, onlar üçün necə də sarsıdıcı bir haldır…”

Bu cür xəbərlər psixologiyamıza mənfi təsir göstərir

Ekspert əlavə etdi ki, bəzən intihardan silsilə xəbərlər hazırlanır. Durmadan intiharı araşdırıb, guya cəmiyyətə yeni məlumat təqdim edirlər. İntihar olaylarının araşdırılması məxfi surətdə, sadəcə istintaq orqanları tərəfindən aparılmalıdır. İntihar hadisələri, dəhşətli qətllər və yaxud  bu motivli bəzi cinayət hadisələri bu şəkildə işıqlandırılmamalıdır.  Ümumiyyətlə,  yaxşı olardı ki, intihar hadisələri gizli arxiv kimi qalsın, mediada işıqlandırılmasın.

Həmsöhbətimiz xatırlatdı ki,  intihar heç bir zaman çıxış yolu deyil. İntihar problemlərinizin həlli üçün ən son variant belə deyil:  “İnsanlara tövsiyə edirəm ki, mümkün qədər nə intihar haqqında videolar izləsinlər, nə də bu dəhşətli sosial bəla ilə  bağlı yazılar oxusunlar. İnsan yaşamağa tutunmalıdır. İnsanın yaşamaq üçün hər zaman bir səbəbi olmalıdır. Həmin o səbəbi gücləndirmək lazımdır. “

KİV və sosial media intihar hallarına həssas yanaşmalıdır

Ümumilikdə fikirlərini öyrəndiyimiz mütəxəssislər bu qənaətdədirlər ki, cəmiyyət üzərində ciddi təsir vasitələri olan kütləvi informasiya vasitələri  insan psixologiyasının həssaslığını nəzərə alaraq intihar xəbərlərini diqqət çəkən tərzdən uzaqlaşdırmalı və alternativ həll yollarını əlavə edərək təqdim etməlidir.  Yəni, sadəcə xəbər kimi yox, səbəb göstərilməli, kökündə nələr yatır o izah edilməlidir. Çünki baş verənlərə yanaşma, psixoloji durum hamıda eyni deyil. Ola bilər kimsə baş verən hadisədən nəticə çıxarar, başqa biri isə buna çıxış yolu kimi baxar. Buna görə də ehtiyatlı olmaq lazımdır. İntihar xəbərlərinə limitlər və müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Bu tip informasiyalar  yayımlanmadan qabaq isə yaş məhdudiyyətini göstərən elan  nümayiş edilməlidir.

Daha çox xəbərlər