Tərtər rayon Şıxarx Qəsəbəsində vətəndaş şikayəti.
Tərtər rayonunun Şıxarx qəsəbəsində binaların çöl işıqlanması , eləcə də mənzillərin keçidində işıqlanma sıradan çıxıb. Gecələr hər tərəf zülmət qaranlığa qərq olur. Qəsəbə sakinlərinin bildirdiyinə görə, qaranlıq küçələrdə sahibsiz itlərin təhlükəsilə üz-üzə qalıblar.Dəfələrlə səlahiyyətli qurumlara şikayətlər ünvanlasalar da aidiyyatı şəxslərdən xəbər yoxdur. Nə sönmüş işıqlar bərpa edilir, nə də sahibsiz itlərin yaratdığı təhlükə aradan qaldırılır. Onu da əlavə edək ki, şikayətlər tək bununla bitmir. Qəsəbədə yerləşən 7-ci binanın həyətindən boru keçir və bir neçə ay əvvəl o boru partlayıb vətəndaşlar şikayət etdikdən sonra gəlib borunu təmir ediblər və həyətyanı sahəni çox pis vəziyyətə salıblar . Ancaq problem yarı-yarımçıq həll edildiyindən vətəndaşların narazılığı bu gündə qalır. Dəfələrlə deyilsə də həyətdə olan quyunun üstü örtülməyib. Bina sakinləri övladlarını qorxularından həyətə buraxmırlar . Nəticədə uşaqlar azad dünyalarından məhrum ediliblər. Valideynlərin qadağasından uşaqlar həyətdə oynaya bilmir. Məlum məsələdir ki, yaz fəsli olduğundan uşaqların həyətdə oynamağa daha çox həvəsi olur. Ancaq təəssüflə demək olar ki, uşaqlar bu imkanlardan yararlana bilmirlər. İndi yenə bu binaların sakinləri dözüb gözləmək məcburiyyətindədirlər. Ümidləri var ki, nə vaxtsa səlahiyyətlilər qəsəbədə olan problemlərin həlli istiqamətində addım atacaqlar.


