Gündəm 

Minsk qrupunu diriltmək istəyən «şeyx nəsrullahlar»

El arasında «Üç müşktyor» adlandırılan, ermənilərin tribunası olan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətisiz «fəaliyyətinə» ehtiyac yoxdur

Tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün yaradılan, el məsəlinə bənzər ifadə ilə deyilsə «bir igidin ömrü qədər yaşı olan» ATƏT-in Minsk qrupunun 30 il ərzində regiona düzənlənən səfərlərinin yalnız görüntü xarakteri daşıdığı bəlli oldu. 44 gün davam edən Vətən müharibəsindən sonra fiaskoya uğradı. Heç bir işə yaramayan bəyanatları ilə özlərini, eyni zamanda, beynəlxalq ictimaiyyəti aldadan Minsk qrupu «Dağlıq Qarabağ» ifadəsi, cəhənnəmə vasil olan «status» kimi faktiki olaraq ömrünü başa vurdu. Rusiyadan sonra ABŞ- ın da qrupda fəaliyyətini dayandıraraq ATƏT-in Minsk qrupundakı həmsədri Endru Şaferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin etməsi, həmin şəxsin göstərilən vəzifə ilə Yerevana səfərinin baş tutması o deməkdir ki, vasitəçilik institutuna son qoyulmuş, missiya uğursuzluqla başa çatmışdır. Ermənistan mətbuatı onu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu «Twitter»”də onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk qrupunun taleyi məsələsinə «yağlı nöqtə» qoydu.

Yarandığı ilk gündən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən , Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması missiyasını yerinə yetirməli olduğu halda, yeri düşdükcə qızışdırıcı və yalan bəyanatları ilə vəziyyəti gərginləşdirən qrupun həmsədrləri vasitəçi kimi regionda kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini isə birdəfəlik unutmuşdular. Azərbaycan 30 illik Qarabağ problemini cəmi 44 gündə həll etməklə «məğlubedilməz” erməni ordusu» ilə birlikdə Minsk qrupunu da tarixin arxivinə gömdü. Yerevan-Xankəndi- Bakı marşrutu üzrə turist gəzintisinə çıxan həmsədrəlrin səfərləri barədə cəmiyyətdə yaranan «Yenə gəliblər, könüllərinə kabab, nərə balığı və konyak düşüb» kimi deyimlər həmsədrlərdən sonra qalan rüsvayçı izdir. Ermənistanın illərdən bəri törətdikləri təxribatlara, hərbi cinayətlərə, ekoloji terrorlara göz yuman, əksinə işğalçını beynəlxalq səviyyədə də dəstəkləyən həmsədrlər institutunun üzvləri rotasiya qaydalarına uyğun başqaları ilə əvəzlənsələr də qrupda təmisl olunan dövlətlərin Azərbaycana ikili standartlardan yanaşma mövqeyi dəyişilməz idi. Keçmişdə qalan «Dağlıq Qarabağ münaqişəsi» nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsini «unudan» həmsədr ölkələrin ən azından Xocalı soyqırımını tanımamaları, erməni terrorçularını silahlandırmaları, istehkamlar inşa etmələrinə kömək göstərmələri, hər il statusu ləğv olunan separatçı rejimə milyon dollarlarla yardımlar ayırmaları, məhv edilən meşələri, vəhşicəsinə dağıdılan evləri «görməmələri» həmsədrlik missiyasını hörmətdən salmışdı. Ermənilərin qətlə yetirdikləri azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqlar da Minsk qrupu həmsədrlərinin karlığının, korluğunun, laqeydliyinin, müsəlmanlara qarşı silah kimi istifadə olunan islamofobiyanın əsirinə çevrilmələrinin nəticələridir. ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair bu günlərdə yayılan illik hesabatda Ermənistanın azərbaycanlılara qarşı vəhşilikləri barədə məlumatların yer alması da göstərir ki, illərdən bəri Azərbaycanın işğal altında qalan ərazilərinə səfər edən Minsk qrupunun digər həmsədrəri kimi, ABŞ üzrə təmsilçilər də erməni qəddarlıqlarına göz yumublar. Azərbaycan hərbçilərinin nəzarətində olan Fərrux yüksəkliyinin ətrafında aşkarlanan məzarlıq işğaldan azad edilmiş torpaqlarımızda tapılan qəbiristanlıqlardan yalnız biridir. Azərbaycana qarşı münasibətləri həmişə səhv, ermənipərəstlik baxımından formalaşan belə missiyanın ölkəmiz üçün xeyrindən çox zərərinin olmasını arxada qalan illərdə törədilən, indi aşkarlanan faciələrın, qırgınların ağrı-acısı da göstərdi.

44 günlük İkinci Qarabağ müharibəsi Qələbəmizlə başa çatdıqdan sonra beynəlxalq ictimaiyyətə də bəlli oldu ki, Minsk qrupunun 30 illik vasitəçiliyi heç bir nəticə verməyib və Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa edib. Müharibədən sonra qrupun fəaliyyətinin bərpasına cəhd edənlərə qəti etirazını diplomatik qaydalara uyğun bildirən Prezident İlham Əliyev həmsədrlərlə görüşündə də münasibətini açıqladı: «Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm.» Nəzərə çatdıraq ki, şərtlərə görə münaqişə tərəflərindən biri sənə etibar etmirsə (digər tərəfin nə deməsindən asılı olmayaraq), zorla vasitəçi olmaq mümkün deyil. Bu baxımdan beynəlxalq səviyyədə dəstəklənən, Vətən müharibəsində qazandığı Zəfəri qəbul olunan Azərbaycanın Minsk qrupu kimi etibarsız missiyaya ehtiyacı yoxdur. Ermənistan və havadarları israrla həmsədrlər institutunun fəaliyyətinin bərpasına çalışsalar da, ölü dirildən «şeyx nəsrulluhlar» dövrü arxada qaldı. Hazırda bölgədə sülh danışıqlarının davam etdirilməsi üçün alternativ formatlarla bağlı təkliflər gündəmdədir. Cənubi Qafqazın üç ölkəsi, əlavə olaraq Rusiya, Türkiyə, İrandan ibarət 3+3 formatının yaranması, imzalanan bütün bəyanatlarda əsas vəzifə kimi nəzərdə tutulan və regionda nəqliyyat-kommuniksiya layihələrinin bərpası, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı danışıqlar daha məqsədəuyğundur.

Hazırda bölgədə dayanıqlı sülhün təminatı üçün irəli sürülən təşəbbüslar arasında ən çox diqqətçəkən, vasitəçisiz format olan, dünya siyasətinin aktual məsələləri arasında maraqla izlənilən Ermənistan-Türkiyə, Azərbaycan-Ermənistan və Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları arasında danışıqların təşkilidir. « ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir» sözləri ilə daha mükəmməl formatın yaranması zərurətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın mövqeyi həmişə birmənalı olub. Sülhün yaranması üçün aparılan danışıqlarda, müzakirələrdə tərəflərin qarşısına qoyulan öhdəliklərə beynəlxalq qanunlara uyğun əməl edən Azərbaycandan fərqli olaraq Minsk qrupu kimi digər havadarlarına arxayın olan Ermənistan heç vaxt sözünə sadiq qalmamışdır. İşğal dövründə Azərbaycana və Ermənistana yüzlərlə səfər edən həmsədrlər kimi digər beynəlxalq təşkilatların təmsilçiləri də ermənilərin törətdikləri vəhşilikləri görsələr belə, baş verən cinayətlərə loyal münasibət bildirməklə vəzifələrini bitmiş hesab etmişlər. Prezident İlham Əliyevin «Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər» sözləri Minsk qrupunu diriltməklə bölgədə gərginliyin davamında maraqlı olan qüvvələrə son xəbərdarlıqdır. Belə qaragürühçular bilməlidirlər ki, artıq Azərbaycan bərpa-quruculuq işlərində ölkəmizə dəstək olacaq yeni təklif və təşəbbüsləri gözləyir, dost ölkələrlə əməkdaşlığa üstünlük verir. Bölgədə davamlı sülhün razılaşdırılması üçün həqiqi mənada haqqı, ədaləti qorumaq iqtidarında olan, qarşılıqlı münasibətlərə önəm verən nüfuzlu formatlarlarla əməkdaşlığa hər zaman hazırdır.

«Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz» söyləyən Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşləri zamanı irəli sürdüyü təkliflər də maraqlıdır. Yəni, ictimai rəyə nüfuz, təsir edə bilən şəxslər ATƏT-in formatı çərçivəsində görüşlər keçirə bilərlər. Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü ilə artıq həll olunan «Dağlıq Qarabağ münaqişəsi»ndən sonra gündəlikdə duran aktual məsələ budur ki, dayanıqlı sülhə təminat verəcək Ermənistan-Azərbaycan əlaqələri normallaşmalıdır. Azərbaycan üçün bu sahədə öz töhfəsini verə biləcək istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq qəbulediləndir. Minsk qrupu faktiki mövcud olmadığı üçün Avropa İttifaqı (Aİ) bu missiyanı yerinə yetirə bilər. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Prezident İlham Əliyevin , Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Brüssel görüşü həmsədrlik institutunun yenilənməsi zərurətini də gündəmə gətirdi.

Daha çox xəbərlər