Cəmiyyət 

“Qadınlara qarşı zorakılıq var” demək düz deyil…” – Amansız qətllər niyə artıb? – ARAŞDIRMA

Cəmiyyətdə narahatlıq doğuran qadın cinayətləri yenidən gündəmi zəbt edib. Belə ki, son zamanlar qadın qətlləri və məişət zorakılığı ilə bağlı qarşımıza çıxan məlumatlar vəziyyətin daha da kritikləşdiyini göstərir.

Daha da dəhşətlisi – illər əvvəl bölgələrdə, sıravi insanların törətdikləri tükürpədən qətlləri bu gün paytaxtın mərkəzində, günün günorta çağı vəzifəli şəxslər, hətta yetkinlik yaşına çatmayanlar  törədirlər.

Ərin arvadını, qardaşın bacısını qətlə yetirməsinin şokundan çıxmamış oğlanın anasını öldürməsi də cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Dəfələrlə qadın ölümləri, məişət zorakılığı ilə bağlı məsələlərə müxtəlif prizmalardan yanaşılıb, problem müzakirəyə qoyulub, aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər aparılsa da, görünən odur ki, cəmiyyətə təsir dərəcəsi kifayət qədər deyil.

Qadın cinayətlərində səslənən standart səbəblər – “boşanmaq istəyi”, “xəyanət”, “qısqanclıq”, “uşaqlarımı mənə göstərmədi” və sairdir. Bəhanələrin bənzərliyi nə dərəcədə realdır?

Psixoloqlar, eləcə də sosial şəbəkə istifadəçiləri bunu mobil telefonlarla bağlayırlar. Yəni sosial şəbəkələri ailələrin dağılmasına səbəb olan amil kimi görürlər. Müasir dövr üçün bu bir qədər gülməli sayılsa da, kişilərin sırf bunu bəhanə etdiklərini dilə gətirirlər.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədarOxu.Az-a açıqlamasında bildirib ki, cinayət yalnız bir amil ilə bağlı ola bilməz.

Onun sözlərinə görə, cəmiyyətdə gedən proseslər dərindən nəzərə alınmalıdır:

“Burada əsas səbəb odur ki, humanitar və sosial siyasət müasir dövrün tələblərilə ayaqlaşmır.  Artıq on beş ilə yaxındır, bu mövzu ilə əlaqədar həyəcan təbili çalsam da, aidiyyəti qurumlara birbaşa müraciət etsəm də ki, sahədə dəyişikliyə ehtiyac var, məmurlar bu məsələni dərk edə bilmirlər. Cəmiyyət günü-gündən dəyişir, mürəkkəbləşir, həssaslaşır. İndiki cəmiyyət bir il, beş il öncəki cəmiyyət deyil. Biz isə bu cəmiyyətdə problemlərin həllinə beş il, on il, hətta əlli il əvvəlki metodlarla yanaşırıq. Köhnə metodlarla bu cəmiyyətdə işləmək nəticə verməyəcək. Bu gün başlıca səbəb budur ki, məsul qurumlar bu məsələni arzuolunan səviyyədə idarə etmirlər. Çünki lazımı texnikalar, mexanizmlər qurulmayıb”.

Belə bir sual da yaranır ki, ailə qurulmazdan öncə həkim yoxlanışı tələb edilir, görəsən, buna riayət edən yoxdur? İnsanlar, doğrudanmı bilmədən həyatlarını potensial cinayətkarlarla (istər qadın, istər kişi) bağlayırlar, yoxsa sonradan bu insanları cinayətkara çevirən məqamlar yaşanır?

Sosioloq deyir ki, hər insanın davranışında dörd mühüm amil – şəxsi, fərdi xüsusiyyətlər, aldığı informasiyalar, mühit və üstünlük verdiyi dəyərlər vacib rol oynayır:

“Bu dörd amil birlikdə insanın davranışını formalaşdırır. Xanımların da, kişilərin də davranışları bu amillərin təsiri altındadır. Bu faktorlar lazımi qədər nəzərə alınmazsa, müasir dövrdə heç bir nəticə əldə edilə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla elmi əsaslarla fəaliyyət planı hazırlanmalı və həyata keçirilməlidir. Mənim kimi saç-saqqalı ağarmış bir insan həyəcan təbili çalırsa, bunu eşitmək lazımdır. Ömrümü sosiologiyaya həsr etmiş biri kimi bu problemin ciddiliyini diqqətə çatdırmağa çalışıram.

Biz həm qadınları, həm də kişiləri maarifləndirməliyik. Bizim səhvimiz odur ki, ancaq “qadınlara qarşı zorakılıq var, qadınların hüquqları tapdanır” deyirik. Gərək “Azərbaycan ailəsində faciə, problem var” deyək. Ailə birlikdə götürülməli, kişilərlə ayrı, qadınlarla ayrı söhbətlər aparılmalıdır. Onlara müasir cəmiyyətin tələbləri, demokratiya, azadlıq barədə doğru-düzgün məlumatlar verilmir. Nəinki qadınlara, eləcə də kişilərə qarşı zorakılıq halları artıb.

Qadınlar evdə kişilərə qarşı psixoloji təzyiqləri artırırlar. Evdə kişini təhqir etmək, söymək kimi hallar çoxalıb. Bu gün 100 evlənən cütlükdən 30 faizi boşanırsa, deməli, evlərdə evlərdə ikiqat vuruşma gedir. Düşünürəm ki, Azərbaycan ailələrinin 80 faizində problem var. Bu ailələrin problemləri odur ki, yeni nəsil bu mühitdə, arzuolunmaz formada yetişir. Buna elmi cəhətdən yanaşmaq lazımdır. Hətta sovet dövründə də bu istiqamətdə fəaliyyət göstərən, təlimat hazırlayan institutlar var idi. Amma bizdə elm deyəndə bəzi məmurlar ürkürlər. Eyni zamanda da elm deyəndə yalançı diplom ağla gəlir. Kiməsə deyirsən, elmi mərkəz təşkil elə, baxırsan ki, elmi mərkəz təşkil edilir, rəhbərlikdə olan da qohum-qardaşını yığır oraya. Bu belə olmamalıdır”.

“Sosial işçilər, qruplar hazırlanmalıdır. Necə ki, sahə müvəkkilləri var, hər bir ərazidə də dörd nəfərdən ibarət sosial işçi qrup olmalıdır, problemli ailələr ilə maraqlanmalıdır. Məsələlərə zamanın tələbi ilə elmi yanaşma olmasa, ilbəil bu xoşagəlməz hallar daha da artacaq”, – deyə Ə.Qəşəmoğlu bildirib.

Suallara bir də psixoloq yanaşmasını öyrənək. Psixoloq Fərqanə Mehmanqızı deyir ki, toplum olaraq şiddət məsələsinə həssas yanaşmalıyıq:

“Şiddət məsələsi münasibətlər inkişaf etdikcə – tanışlıq dövründə, nişanlı olarkən özünü büruzə verə bilir. Sadəcə biz toplum olaraq münasibətlərdən o qədər asılıyıq ki, gözümüzü açıb nə ilə qarşılaşdığımızı dərk edə bilmirik. Ruhən şiddətə məruz qaldığımızı görmürük. Şiddət müxtəlif olur – psixoloji şiddət, iqtisadi şiddət və s. Bəzən cütlüklərin evlilikləri psixoloji təzyiq altında qalır və hər iki tərəfin düşüncələrini zəhərləyir. O ailələrdə böyüyən övladlar, istəsələr də-istəməsələr də, psixoloji şiddət altında böyüyür və travma alırlar.

Psixoloji şiddətin sonu fiziki şiddət ilə nəticələnir. İnsan doğulandan şiddətə meyillidir, sadəcə böyüdükcə sosial cəmiyyətin şiddətə verdiyi baxışla özünü korreksiya edir. Eləcə də insan özünütərbiyə zamanı şiddətə qarşı meyilliliyini korreksiya edə bilir. Şiddət insanın özünə aiddirsə, mazoxistlik, ətrafa qarşıdırsa – sadistlik olur. Bu da o şəxslərin ailəsindən və mühitindən asılıdır”.

Kişilər boşandıqları qadınları niyə öldürürlər?

“Cəmiyyət olaraq “qadının başın kəsərəm, amma boşamaram, o mənim namusumu daşıyır”, “qadın boşandısa, ölməlidir” kimi fikirlər var”, – deyən psixoloq həmin şəxslər üçün özlərinin şiddətə qarşı meyillərini korreksiya etməyin çətin olduğunu bildirib.

“Belə olan halda onlar üçün qadına, uşağa qarşı şiddət, cinayət, qətl törətmək çox adi gəlir. Bu gün insanlar bir-birinin fikirlərinə qarşı aqressivdirlər. Qarşılıqlı dinləmə problemi var, bu isə psixoloji şiddət yaradır ki, nəticəsi də fiziki şiddətə gedib çıxır. Məsələn, əgər bir toplum evdə arvadı döyməyi adi hal kimi qəbul edirsə, bu, çoxalacaq. Natamamlıq kompleksindən əziyyət çəkən insanlar özlərini güclü hiss etmək üçün özlərindən zəiflərə əl qaldırırlar. Adını da müxtəlif cür – “qısa ətək geyindi”, “uşağımı mənə göstərmədi”, “sosial şəbəkələrdə çox gəzirdi” və s. kimi qoyub, bu cür bəhanələrlə şiddətə bəraət qazandırırlar.

Cütlüklər evlilikdən qabaq mütləq psixoloq müayinəsindən keçməlidirlər. Onların psixoloji olaraq bir-birlərinə uyğun olub-olmadıqları dəqiqləşməlidir ki, nəticədə belə xoşagəlməz hadisələr yaşanmasın. Təəssüf ki, cəmiyyət olaraq düşünürük ki, “indi belədir, evlənəndən sonra düzələcək”. Amma tam tərsi olur – şiddət daha da artır və cinayətə qədər gedib çıxır”.

Yetkinlik yaşına çatmayan oğulu anasını öldürməyə vadar edən səbəb nə ola bilər?

Psixoloqun sözlərinə görə, cəmiyyətdə ictimai qınaq olmasa, bu kimi şiddət doğuran hallar arta bilər:

“Maarifləndirmə işləri artırılmalıdır. Gənclərin şiddətə meyillənməsinin qarşısı alınmalıdır. Qanunlar burada güclü olmalıdır. Əks təqdirdə insanın şiddət törətmək həvəsi, bəhanələri artacaq. Ailələrdə şiddət ona görə artır ki, məsələ ailə daxilində qaldığı üçün heç kim qınamır, şiddət göstərənlər qanunla cəzalanmırlar və sonu da cinayətlə nəticələnir”.

Daha çox xəbərlər