“Türk dünyasında ədəbiyyat, ədəbiyyatda Türk dünyası”- AYB-də konfrans keçirilib FOTOLAR
Aprelin 27-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultayqabağı məruzələr silsiləsindən daha bir konfrans keçirilib.
ARANTV.AZ xəbər verir ki, konfransda çağdaş ədəbi mühitimizin tanınmış nümayəndəsi olan şair- publisist Əkbər Qoşalının məruzəsi dinlənilib.
“Türk dünyasında ədəbiyyat… Ədəbiyyatda Türk dünyası” adlı məruzədə Ə.Qoşalı mövzu ilə bağlı fikir və mülahizələrini həm tarixi-statistik, həm də bədii-estetik planda diqqətə çatdıraraq, sözügedən mədəni-ideoloji platformadakı çağdaş ədəbi prosesləri ətraflı şərh edib.
O, Turk xalqları ədəbiyyatının indiyədək hakim olmuş “İslamöncəsi (Qədim dövr)” və “İslamsonrası” bölgüsünə alternativ olaraq, yeni bölgü ilə çıxış edib. Bu bölgüyə görə I dövr – ən qədimdən Yunus Əmrəyədək (dövrünədək),
II dövr – Yunus Əmrədən (dövründən) I Dünya müharibəsinədək,
III dövr – I Dünya müharibəsindən günümüzədək qruplaşdırılıb.

Məruzəçi belə bir bölgü aparmasının səbəblərini açıb, Yunus Əmrənin şəxsiyyəti və yaradıcılığını, özündən öncəkiləri ümumiləşdirən, sonrakılara yol göstərən sənətkarlığını, fars-ərəb dilinin, poetikasının hakim movqe qazandığı bir coğrafiyada/dövrdə məhz dögma türkcədə, doğma ruhda ozan şeirləri yazmasını, habelə onun yaşayıb-yaratdığı dövrü, Anadolu Səlcuqlusundan Osmanlıya keçid ərəfəsini dövrlərin keçidi kimi sərh edib. Qeyd edib ki, türklər İslamdan öncə də dinlər qəbul edib, bu dəyişimlər ədəbiyyata, mədəniyyətə dərindən nüfuz edib. O söyləyib ki, hər din dəyişimini bir dövr kimi götürməkdənsə, bütün dinlər dövründə öz estetikikası ilə işıq sütunu kimi ucalan türk ədəbiyyatının, türk ruhunun, türk dilinin özünü, onun digər kateqoriyalara təsirləri ilə birgə müəyyənləşdirdiyi dövrləri qəbul etmək daha düzgündür.
Ə.Qoşalının fikrincə, I Dünya müharibəsindən sonra Turk xalqları coğrafiyasında ciddi, inqilabi hadisələrin olması, güclü ideoloji-siyasi axımların hakim mövqe qazanması, Çar Rusiyasının və Osmanlının çöküşünün başlanması, Sovet imperiyasının tarix səhnəsinə hazırlanması, yeni, dəmir pərdəli sınırların cızılması və s. diametral fərqlə bir dövrün başqa dövrlə əvəzlənməsi kimi götürülə bilər. Zatən o dövrədək olmuş heç bir müharibəyə Dünya müharibəsi “status”u verilməməsi də, tarixi bölğünü əsaslı qılır… Bütün bunlar ədəbiyyatda, mədəniyyətdə ayrılmaların, basqa sözlə fərqliliklər qazanmaların meydana çıxması ilə müşahidə olunub. Öncəki dövrlə müqayisədə, III dövr türk ölkə və topluluqlarında KİV-lərin, digər kommunikasiya vasitələrinin də inkişaf etdiyi yaxud yeni yarandığı dövrdür. Bununla da yazılanların tirajlandığı, daha çox yayıldığı və təsir imkanı qazandığı bilinən hadisədir.

Ə.Qoşalı Türk dünyasında, o cümlədən Azərbaycanda yazıb-yaradan ədiblərin əsərləri, həmçinin gün üzü görən ədəbi dərgilər və qəzetlərdə, antologiyalarda, kitablarda, ədəbi portallarda yayımlanan yaradıcılıq ornəkləri barədə geniş bilgi verib.
Konfrans iştirakçılarından AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli, yazıçı-publisist, “Olaylar”ın baş redaktoru Yunus Oğuz, şair-tərcüməçi, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini Adil Cəmil, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, Tatarıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Rəşad Yusifli, Əməkdar incəsənət xadimi, sənətşunas alim Ziyadxan Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, filologiya elmləri üzrə fəlsəfə doktoru, şair Təranə Turan Rəhimli, “Ozan dünyası” dərgisinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şair, jurnalist Faiq Balabəyli, “Ulduz” dərgisinin şöbə müdiri, şair Taleh Mansur, araşdırmaçı-yazar, dinşünas Tural İrfan, Əzizə Cəfərzadə ocağının təmsilçisi Turan İbrahimli, Cəfər Cabbarlının Ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, şair-publisist Vasif Süleyman çıxış edərək Ə.Qoşalını dolğun, əhatəli məruzəyə görə təbrik edib, onun səsləndirdiyi müxtəlif faktlara və mülahizələrə münasibət bildiriblər.
Məruzə “Ədəbiyyat qəzeti”ndə və ayrıca kitab şəklində çap ediləcək.

