Cəmiyyət Manset 

Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın milli prioritetidir

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə və sistemli şəkildə davam edir.
Bu torpaqları azad edən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhər və kəndlərimizə yeni həyat bəxş olunur. Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər “ağıllı” konsepsiyalarla yenidən qurulur.
Mayın 4-də Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağı keçirdiyi görüşdə səsləndirdiyi fikirlər göstərdi ki, azad edilmiş ərazilərin bərpası kompleks məzmun daşıyır. Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu qeyd etmək lazımdır. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq.
Qeyd edildi ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Prezident İlham Əliyevin dediyi kimi bütün ümidləri gözlərində qaldı: “Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır”.
Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, – mart ayında müvafiq Memorandum imzalanmışdır, – eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun böyük su ehtiyatları var. Bu ərazilərdə Azərbaycanın su ehtiyatlarının 20-25 faizinin toplandığı təxmin olunur. İşğal dövründə çaylarımız, su anbarlarımız da düşmənin əsarətində idi və Ermənistan bundan Azərbaycana qarşı bir silah kimi istifadə edirdi. Yay aylarında çayların qarşısını kəsir, qışda isə açırdı. Hərbi təcavüz nəticəsində Ermənistan tərəfindən Azərbaycanın on minlərlə hektar ərazisini su ilə təmin edən suvarma kanalları şəbəkəsi, kollektor və drenajlar, artezian quyuları, hidrotexniki tikinti obyektləri, su-elektrik və nasos stansiyaları dağıdılıb, yararsız hala salınıb. Mövcud su anbarlarının qəsdən məhv edilməsi də Ermənistanın Qarabağda dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarları buna bariz misaldır. Bütün bunların nəticəsində on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olmuşdu.
Vətən müharibəsinin nəticəsi olaraq, İlham Əliyev Şərqi Zəngəzurun və Qarabağın su ehtiyatlarını da işğaldan azad etdi. Bununla həm də Ermənistan üzərində mühüm hidro qələbə qazanıldı. Qələbədən sonra dərhal başlanan bərpa işlərinin bir istiqamətini də azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə təşkil edir. Bunu ötən il Laçın və Kəlbəcərdə su-elektrik stansiyalarının inşası da təsdiq edir. Bu il isə daha bir neçə su-elektrik stansiyası tikiləcək. Bununla yanaşı, hazırda işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı inşa olunur. Şərqi Zəngəzurun və Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə bu ərazilərin iqtisadi inkişafına və aparılan bərpa-yenidənqurma işlərinə böyük töhfə verəcək, o cümlədən aqrar sahənin yüksəlişində mühüm rol oynayacaq.
Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın milli prioritetidir. Bunu dövlət başçısının bu ərazilərə mütəmadi səfərləri, görülən işlərdə yerində tanış olması da göstərir. Görünən odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə müasir həyat standartları yaradılır

Daha çox xəbərlər