Ordumuzda əsgərsiz yeni qoşun
Hərbi ekspertlər deyirlər ki, Azərbaycan yeni prosesə start verib
“Ukraynaya qarşı müharibə Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrilib və Rusiyanı ağır böhranla təhdid edir. Lakin ABŞ-ın verdiyi əlverişli bəhanəyə baxmayaraq, Kreml öz aqressiyasını azaltmaq niyyətində deyil”.
Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda insansız sistem qoşunlarının ilk dəfə parad heyəti kimi iştirakı texniki və simvolik baxımdan mühüm məna daşıyır. Bu paradın formationuna “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov rəhbərlik edib. Bu, yeni qoşun növünün rəsmi struktur və komanda-təşkili səviyyəsinə çıxarıldığını göstərən açıq siqnaldır.
“İnsansız sistem qoşunları” dedikdə dronlar (UCAV- görür məlumat ötürür/UAV – görür və vurur), loitering munitions (kəşfiyyat-kamikadze dronu), insansız quru və dəniz vasitələri, onlara bağlı kəşfiyyat-məlumat üzrə infrastruktur nəzərdə tutulur. Bunlar əməliyyatlarda yalnız alət yox, məlumatın toplanması, emalı və zərbə ilə birgə işləyən vahid sistem kimi çıxış edir. Real vaxt rejimində kəşfiyyatı, sürətli hədəf təyini və həmin anda (on-demand) zərbə kombinasiyası komandirlərə ənənəvi hava və artilleriya resurslarından qat-qat sürətli və ucuz nəticə vermək imkanı yaradır. Bu dəyişiklik taktiki hədəfin müəyyən edilməsindən məhvinə qədər olan vaxtı qısaldaraq ordulara strateji çeviklik gətirir – yəni insansız qoşun ordunun həm gözüdür, həm barmağı.
Beynəlxalq təcrübə göstərir ki, insansız sistemlərin effektivliyi üç əsas məqamla qiymətləndirilir: əməliyyatlarda sübut olunmuş nəticələr, miqyas (istehsal və tətbiq sayı – “sürü” taktikaları) və digər silah sistemlərinə inteqrasiya (C2, EW, hava-müdafiə ilə sinxronlaşdırma). Dünyada bu sahədə ən irəlidə olanlar – ABŞ, Çin, İsrail, Rusiya və Türkiyədir. Həmçinin onlar müxtəlif model və strategiyalarla özünü doğruldublar.
Məsələn, ABŞ və İsrail yüksək səviyyəli inteqrasiya və MALE/HALE (hərbi və aerokosmik sahədə dərin inkişaf şafı) platformaları üzərində, Çin və Türkiyə maliyyət-effektiv kütləvi istehsal və ixrac modelində, Rusiya və İran isə kamikadze və çoxsaylı kəşfiyyat-kamikadze tətbiqlərində təcrübə toplayıblar. Bu nümunələr göstərir ki, insansız qoşunların gücü texnologiya, istehsal miqyası və əməliyyat intizamının birlikdə işləməsindən asılıdır.
İnsansız sistem qoşunlarının Ordumuz üçün əhəmiyyəti və rolu nədən ibarətdir?

Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında ordunun güclənməsi üçün sistemli və ardıcıl işlər görüldüyünü vurğuladı: “Müasir dünyada ordularda çox böyük dəyişikliklər var. İnsansız sistem qoşunları da bunlardan biridir. Son dövrlərdə yaradılıb. Bu da müasir dövr və texnologiya ilə bağlıdır. Hava və dəniz qüvvətlərində, quru qoşunlarda istifadə edilir. Gələcəkdə fövqəladə halların aradan qaldırılmasında bu qoşun növündən geniş istifadə olunacaq. İnsanın gücü çatmayan yerdə bunu robortlar vasitəsilə həyata keçirirlər. Əslində burada da əsas məqsəd budur. Maliyyə cəhətdən də bu çox əlverişlidir. Çox cəld və tez şəkildə məqsədə nail olmaq üçün də əlverişli sayılır. İnsansız sistem qoşunlarının daxil olduğu hava qoşunlarında da xeyli dəyişikliklər var. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin ordusu dünyanın ən öndə gedən ordularından biridir. Bu istiqamətdə hər an sistemli, ardıcıl işlər həyata keçirilir”.

Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, insansız sistemlər deyəndə insanların ağlına ilk olaraq dronlar gəlir: “Azərbaycan ordusu 44 günlük müharibədə dronlardan geniş şəkildə və səmərəli istifadə etdi. 2020-ci il üçün ən müasir müharibə sayılırdı. Ancaq Rusiya-Ukrayna müharibəsinin başlaması ilə dronlar inkişafını fərqli səviyyəyə yüksəltdi. Artıq hər gün tərəflər bir-birinə yüzlərlə dronlar göndərərək zərər verməyə çalışır. Hər iki tərəf də bu sahədə ciddi nəticələr əldə edib. Bundan əlavə Rusiya-Ukrayna müharibəsi antidron sistemlərinin inkişafına da böyük təkan vermiş oldu. Bir çox ölkələr antidron sistemlərinin yaradılması üçün yüz milyonlarla dollar dəyərində yatırımlar edirlər. Rusiya-Ukrayna müharibəsi elə bir həddə gəlib çatıb ki, artıq hər manqada dronlar var və ondan istifadə olunur.
Rəsmi Bakı başladığı işi (yəni dronlardan müharibələrdə geniş istifadəni – C.A) davam etdirir. Rəsmi Bakı təkcə öz müharibəsini yox, həm də beynəlxalq münaqişələri belə dərindən incələyir. Proseslərdən geri qalmamaq üçün İnsansız Sistem Qoşunları yaratmağa qərar verib. Hesab edirəm ki, bu ən doğru qərarlardan biridir. Ancaq təkcə qoşunların yaradılması ilə işi bitmiş hesab etmək olmaz. Əgər atıcı silahlardan, misal üçün avtomatlardan hər kəs istifadə etməyi öyrədilirdisə, orta məktəblərdə bu silahların sökülüb-yığılması belə tədris olunurdusa, artıq bundan sonra dronlardan istifadə edilməsi də orta məktəblərdə öyrədilməlidir. Hətta bu sahədə məktəblər arası yarışların keçirilməsinə də başlanılmalıdır. Bir çox ölkələr artıq daşımalarda, poçt xidmətlərində belə dronlardan istifadə edir. Yəni, insansız sistemləri gələcəkdə həyatımızın hər sahəsində görəcəyik. Dövrün tələbindən geri qalmaq, ağır nəticələrə gətirib çıxara bilər.
İnsansız Sistem Qoşunlarının yaradılması onu göstərir ki, Azərbaycan ordunu müasirləşdirmək xəttindən geri çəkilmir, əskinə bu sahəni təkminləşdirmək üçün yeni dronlar həm alır, həm də yerli istehsalı gücləndirir. Bu sahəyə ciddi yatırımlar gələcəkdə Azərbaycan məhsullarının dünya bazarına çıxmasına da gətirib çıxara bilər. İnsansız sistemlər deyəndə insanların ağlına ilk olaraq dronlar gəlir. Ancaq Rusiya-Ukrayna və İsrail-HƏMAS toqquşması onu göstərdi ki, insansız sistemlərdə quruda da istifadə olunur. Bunkerlərin partladılması, mövqelərin dağıdılması üçün bu sistemlər çox önəmlidir. Bundan əlavə sularda da insansız sistemlərdən istifadə olunur. Gəmilərin partladılması üçün bu sistemlər də inkişaf etməyə başlayıb. Bunu yenə Rusiya-Ukrayna müharibəsində və Husilərin Qırmızı dənizdəki əməliyyatlarında görə bildik. Ona görə də, bu sahəyə adi, sadə bir məsələ kimi baxmaq doğru yanaşma deyil. Bu sahə bütün sferalarda özünü göstərir. Azərbaycan bu qoşun növünü yaratmaqla yeni prosesə start vermiş oldu. Bunu inkişaf etdirmək üçün hərbi məktəblərdə dərslərin keçirilməsinə, hər manqa komandirlərinin kurslara cəlb edilməsinə ehtiyac yaranacaq. Bunun üçün çoxlu sayda mütəxəssislərin yetişdirilməsinə ehtiyac var”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

