Xarıbülbül qoxulu Şuşa
Uzun sürən nisgildən sonra Qarabağın döyünən ürəyi adına, şanına, şöhrətinə yaraşan tarixi günlərə qanad açıb
Odlar yurdu Azərbaycanın uca dağların zirvəsində Pənahəli xanın yadigarı olan qədim bir şəhəri var- Şuşa… Şuşasız yola saldığımız hər il həsrət, nisgil və narahatlıqla, düşmənə nifrət və qəzəblə, itirilən hər şey üçün sonsuz kədər və təəssüf hissi ilə dolu idi… Tarixi Zəfərimiz, “Şuşa İli” isə illərin həsrətinin, nisgilinin açdığı yaralara üçün bir məlhəmdir. Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan bu şəhər təkcə qarabağlılar deyil, bütün azərbaycanlılar üçün qürur yeri, hər mənada ucalıq rəmzidir.
8 maydan 8 noyabra…
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal ediləndən ötən 28 il müddətində buradakı tarixi-memarlıq abidələrİ, dini ibadətgahlar, təhsil müəssisələri, kitabxana və muzeylər dağıdılıb, talan edilib. Müdrik Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin al-qanıyla 44 günlük müqəddəs Vətən savaşımız tarixi Zəfərlə bitdi, 30 il əsarətdə, düşmən tapdağında qalan torpaqlarımız, o cümlədən gözəl Şuşamız işğaldan azad edildi. 2020-ci ilin 8 noyabrını, mənəvi qibləmiz Şuşanın azadlığı – Qarabağ Zəfəri kimi könül səltənətimizin şah zirvəsində qərar tutan möcüzəvi tarixə çevirərək salnamələrə həkk etdik. O tarixdən etibarən Azərbaycan xalqı üçün 30 illik həsrətdən sonra Qarabağ ili, yurda qayıdış ili başlandı. Artıq 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və tarixi Zəfərin bəxş etdiyi sevinc və sonsuz qürur hissi ilə yaşayırıq.
Dövlət başçısının imzaladığı sərəncamlar bir daha göstərir ki, Şuşa Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Dövlət rəhbərimizin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Zəngin tarixi keçmişə malik Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərə verilən ən böyük dəyərdir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini bütün dünyaya nümayiş etdirməklə bərabər, həm də bu qədim mədəniyyət paytaxtımızın daha sürətlə bərpasını, şəhərə Böyük Qayıdışıın reallaşmasını şərtləndirmək məqsədi daşıyır.
Şuşanın dirçəlişinə qürur və fərəhlə şahidlik edirik
Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağımız, onun tacı – 270 yaşlı Şuşamız öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Dövlət başçısı İlham Əliyev 2021-ci ilin yanvarın 14-də Şuşaya ilk səfəri çərçivəsində Şuşada təmir-bərpa işlərinin, infrastrukturun yaradılması prosesinin başlanması üçün bütün lazımi göstərişlər vermişdi. 2021-ci ilin yanvar ayının əvvəllərindən başlayan Zəfər yolunun inşası böyük rəmzi məna daşıyır. Vətən oğullarının qəhrəmanlığına, göstərdikləri şücaətə, ən ağır döyüş əməliyyatına şahidlik edən bu yolun əbədiləşdirilməsi xalqımızda böyük rəğbət hissi yaradır.
Qısa müddətdə Şuşanın Baş planın hazırlanıb, həmçinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş və riyakar niyyətlərlə doğma yerlərindən qoparılıb aparılmış büstlərini təxminən 30 il ayrılıqdan sonra yenidən öz məkanlarına qovuşub.
Şair, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin əvvəlki görkəminə geri qaytarılması, dahi Üzeyirin heykəlinin, Bülbülün ev-muzeyinin və heykəlinin açılışları, həmçinin Şuşadakı tarixi, dini və memarlıq abidələrinin bərpası, erməni vandalizminin qurbanı olan tarixi Şuşa məktəbinin yenidən inşası burada aparılan kompleks quruculuq, bərpa işlərinin tərkib hissəsidir. Quruculuq işləri ilə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin yenidən bərpa olunaraq təşkili, Cıdır düzündə gerçəkləşən, ruhumuza toxunan “Bayatı-Şiraz”ın əks-sədası ilə nəinki Qarabağa, bütün dünyaya səs salan məşhur “Xarıbülbül” musiqi festivalı bütün dünyaya verilən mesaj idi. 2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Hər il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir, Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi.
Şuşanın turizm potensialını təmin etmək üçün hotellərin bərpasına da başlanılıb. İlk olaraq “Qarabağ” və “Xarıbülbül” otelləri yenidən qurmadan sonra istifadəyə verilib. 2022-ci ilin ilk günlərindən Azərbaycan vətəndaşlarının Şuşaya səfərlərini təşkil edilib və hazırda bu proses uğurla davam etdirilməkdədir. Səfərlərin başladığı ilk günlərdən 28 il Şuşadan uzaq qalan insanlar axın-axın onun ziyarətinə tələsirlər. Qədim yurd yerimiz olan Şuşanı, işğal dövründə erməni barbarlığını, qəhrəman Azərbaycan Ordusunun əsgərinin qazandığı şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görmək istəyirlər.
Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi hər birimizdə qürur hissi doğurmuşdur. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-dəTürkiyənin Bursa şəhərindəkeçirilən növbədənkənar iclasında qəbul olunub.
Şuşa Qafqazın siyasi, diplomatik mərkəzi statusuna da sahiblənib
Mədəniyyət paytaxtımızda mühüm toplantıların, beynəlxalq əhəmiyyətli konfransların və forumların keçirilməsi bunun bariz təcəssümüdür. İlk olaraq Şuşada ötən il iyunun 15-də – Milli Qurtuluş Günündə Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzaladılar. Bununla da Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı. Bu il isə martın 18-də isə Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək idi. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Çünki 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edildikdən 2 ay sonra Şuşa şəhəri Ermənistan tərəfindən işğal edildi. Zəfərdən sonra Azərbaycan dövləti Şuşada viran qoyulan bütün tarixi, mədəni abidələrimizi bərpa etməyə başlayıb və bu gün dünya əsl həqiqətlərə şahidlik edir. Aprelin 8-də isə Şuşada daha bir ilk yaşandı. Tariximizdə ilk dəfə olaraq Milli Məclisin komitə iclasları qədim qala şəhərimizdə keçirildi. İlk olaraq şəhərdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası baş tutdu. Aprelin 22-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada dünyanın 65 ölkəsindən 400-dən artıq soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Şuşada bir araya gələn həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi bəyan etdilər, şanlı Qələbəmizin rəmzi olan dəmir yumruğun gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdırdılar. Tarixi həmrəylik toplantısında Prezident İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək həm yeni reallıqları dəyərləndirdi, həm də xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun bundan sonrakı fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdi.
Şuşada həyata keçirilən bərpa-quruculuq işləri “Şuşa, biz səni dirçəldəcəyik!” vədinin gerçəkləşməsinin qürur yaradan mənzərəsi olmaqla yanaşı, xalqımızın qurucu, yaradıcı xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır.

