Cəmiyyət 

Bərpa prosesinə mənfi təsir edən başlıça amil – Mina təhlükəsi

Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız həlak olmuş və ya ağır yaralanmışdır

 

Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda, bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar. Ermənistan ordusu həm də minalar hesabına öz aciz durumunu kompensasiya etməyə çalışıb. Lakin ordumuzun qüdrəti qarşısında bu da kifayət etməyib.

İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalmağa davam edir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə davam etdirilir. Müdafiə Nazirliyinin məlumatına görə, azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində bildirilir. Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb. 2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr əsasən Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib. Ümumilikdə isə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub. Sözügedən rəqəmlər işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı aydın təsəvvür yaradır. Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan minalar bu gün Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında qoyur. Bu gün həmin ərazilərdən işğalçılar qovulsalar da, həlak olan və ya yaralanan 200-dən çox mülki şəxsin də başına gələnlərdə məhz Ermənistan dövləti məsuliyyət daşıyır.

Məlumdur ki, son olaraq dekabrın 4-də Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Buna qədər verilən xəritələrin dəqiqliyinin 25 faizə qədər olması faktını Azərbaycan tərəfindən müxtəlif platformalarda dəfələrlə bəyan edilib. Bu isə göstərib ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsində maraqlı deyil, əksinə, sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə,  məsələn, meşələrdə  tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir. Bir sözlə, regiona dinc həyatın qayıtmasını, ərazilərdə aparılan quruculuq işlərini gecikdirən mina təhlükəsi İrəvanın məkrli siyasətinə xidmət edir. Belə olan halda Ermənistana qarşı cəza mexanizmləri işə salınmalıdır. Beynəlxalq hüquqa zidd addımlarından əl çəkməyən Ermənistana təzyiq göstərilməli, beynəlxalq ictimaiyyətin və təşkilatların sərt tənqidlərinə tuş gəlməlidir.

Beynəlxalq Konfransda Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində  keçirilən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda xarici qonaqların suallarını cavablandırarkən ərazilərin minalanmasını ən böyük faciələrdən biri adlandırdı: «…Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır. Düzgün qeyd etdiniz ki, onlar minaları müharibədən sonra yerləşdiriblər və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl yaradılıb və hazırda biz heyətin sayını artırır və yeni avadanlıqlar alırıq, o cümlədən minalanmış əraziləri müəyyən edən dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət tələb edir».

Prezident bildirib ki, bu vacib işdə Azərbaycana Türkiyədən başqa tərəf kömək etmir: Bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Prezident bildirib ki, dünyada mina təmizlənməsi ilə məşğul olan QHT-lər də Azərbaycana dəstək vermirlər: “Mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq. Onların hələ ki, heç biri Azərbaycana nəzər salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq. Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq”.

Daha çox xəbərlər