Qarabağın maarif ocağı: Şuşa Realnı Məktəbi yenidən həyata qayıdır
Ermənilərin 30 ilə yaxın işğal müddətində tarixi Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər təhsil ocaqlarımızdan da yan keçməyib. Qarabağın tacı, mədəniyyətimizin beşiyi olan Şuşa Realnı Məktəbi də erməni terrorunun qurbanı olub.
Azərbaycanda maarifçiliyin böyük inkişaf yoluna qədəm qoyduğu dövrdə dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid də gücləndi. Bu dövrdə Bakıda cəmi bir real məktəb və Gəncədə bir klassik progimnaziya fəaliyyət göstərirdi. Belə bir mənzərə Azərbaycanda nə əhalinin orta təhsilə olan ehtiyacını, nə də sənaye və ticarətin artmaqda olan tələbini ödəmirdi. Zəruri tələb və ehtiyac Şuşada özünü xüsusi olaraq göstərirdi. Burada orta məktəbə olan tələb getdikcə artırdı. Şəhər əhalisi Şuşada progimnaziyanın təsis olunması tələbinin nəticəsiz qalmasını görüb 1880-ci il iyunun 30-da Peterburqa–Qafqaz komitəsinə müraciət etmişdi. Nəhayət, Şuşada belə bir məktəbin əsası qoyuldu.
Şuşa Realnı Məktəbi həqiqətən də dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdi. Onlar burada tədrislə maraqlandıqda aydın olmuşdu ki, məktəbdə üzrlü və üzrsüz dərs buraxanlar 7,64 faizdir. Bu göstərici xalqın elmə-maarifə həvəsinin əvvəlki illərlə müqayisədə nisbətən artdığını göstərirdi. Xalq xurafat əngəllərinə əhəmiyyət vermədən başqa xalqların dillərini də öyrənir, həmin dildə danışmağa və oxumağa cəhd göstərirdi. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdiyi halda, Şuşa məktəbində bu, könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Şuşa Realnı Məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi “Bizim orta məktəblərdə, ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsində, söhbətlərin aparılmasında əsas silahdır” məqaləsi bir daha bunu təsdiq edir. Ümumiyyətlə, o zaman belə məktəblərdə ədəbiyyata xüsusi diqqət yetirilirdi.
Şuşa Realnı Məktəbində o dövrün tanınmış maarifçilərindən şəxslərindən Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Malikhaqnəzərov, Haşım bəy Vəzirov dərs deyirdilər. Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi. İbtidai təhsilini Şuşada molla yanında alan Mirzə Salah bəy sonra Fransaya yollanıb burada 12 il təhsil aldıqdan sonra Rusiyaya gələrək Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. O, inqilabdan əvvəl Şuşaya qayıtmış ,öz vəsaiti ilə burada məktəb tikdirmiş və həmin məktəbdə rus dili dərsi deməyə başlamışdı. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərslik vəsaitini yazmışdı. O, bir müddət Şuşa Realnı Məktəbində müəllim işləmişdi. Eyni zamanda, Firudin bəy Köçərli ilə birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etmişdir.
Qori Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Malikhaqnəzərov isə müəllim, aktyor və rejissor kimi məşhur idi. O da ibtidai təhsilini molla yanında almış, sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Seminariyanı bitirdikdən sonra Zəngəzur qəzasında dərs demiş, sonra Şuşa şəhərinə dəyişilmişdi. Yusif bəy şəhər məktəbində riyaziyyatdan dərs deyir, həmçinin Şəhər Dumasının üzvü və həvəskar teatr truppasında fəal aktyor kimi iştirak edirdi.
Qarabağın görkəmli ziyalılarından Mir Haşım bəy Vəzirov da əvvəlcə molla yanında dərs almış, sonra şəhər məktəbini bitirmişdi. Həmçinin İrəvan Müəllimlər Seminariyasında da oxumuşdu. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb müdiri işləmişdi. Şuşada “Müsəlman-rus” məktəbi yaradılanda Mir Haşım bəyi bu məktəbə direktor vəzifəsinə dəvət edirlər. O, məktəbdə işləməklə bərabər, Şəhər bələdiyyə idarəsinə qalası seçilmişdi. Bundan başqa, o, Şuşa Realnı Məktəbinin hazırlıq sinfində də ana dilindən dərs deyirdi. Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” adlı komediyalar yazmışdır. Ədib bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də vardır. Bunların içərisində Şekspirin məşhur “Otello” əsərinin tərcüməsini göstərmək olar.
Şuşa Realnı Məktəbinin yetirmələri arasında, həmçinin məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminlini də göstərmək olar. Onu da qeyd edək ki, xalqın maarifləndirilməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri də fəaliyyət göstərib.
Təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş əzəmətini, tarixi görkəmini, qədimliyini qoruyan Şuşa Realnı Məktəbi çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra isə erməni vandalları orada bir çox tarixi, dini abidələrimizi məhv etməklə yanaşı, Şuşa Realnı Məktəbini də yandıraraq xarabazara çevirdilər. Budur, artıq İlahi ədalət zəfər çaldı. 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Onların qurduqları və neçə illərdir ki, həyata keçirməyə çalışdıqları planlar tarixin zibilliyinə atıldı. Təhsil ocaqlarımızı məhv edərək xarabazarlığa çevirən işğalçı ermənilər isə bu dəfə “sinif”də qalmadılar, bütövlükdə “məktəb”dən qovuldular. Özü də ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, düşməni öz torpaqlarımızdan iti qovan kimi qovduq.
Artıq doğma Şuşamıza təhsilimiz də qayıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Şuşa Realnı Məktəbinin binasında həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlığıda bütün bunların uğurlu davamı kimi qiymətləndirilir.

