Gündəm 

Tilsim qırılır? – Sərhəd komissiyaları işə başlayır, bəs xəritələr…

16-17 mayda 30 ildir gözlənən prosesə start veriləcəkmi…

“Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan komissiyalarının görüşü mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Komissiyaların effektli fəaliyyəti, təbii ki, ən əvvəl hansı ortaq prinsiplərin əsas götürüləcəyindən asılı olacaq. Bu mənada masa üzərinə qoyacaq və hüquqi əhəmiyyət daşıyacaq xəritələr mühüm önəm kəsb edir. Azərbaycan Prezidenti az öncə bəyan eləmişdi ki, 1918-ci ildən bu yana bütün legitim xəritələrə istinad olunacaq. Bəs erməni tərəfi?

Bu da var ki, adətən sərhədlərin delimitasiya və demarkasiyası tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından sonra aparılır. Qonşu Gürcüstan və Rusiya ilə məhz belə olub. Ermənistan isə hələ də ölkəmizin ərazi bütövlüyünü tanımır. Belə olan surətdə sərhədlərin dəqiqləşməsi nə dərəcədə real rejimdə gedə və mümkün ola bilər?

Onu da qeyd edək ki, Azərbaycan tərəfi mayın 16-17-si görüşü ilə bağlı xəbəri hələ ki rəsmən təsdiqləməyib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aprelin sonuna qədər delimitasiya və demarkasiya prosesi, eyni zamanda sülh sazişinin hazırlanması üçün komissiyaların formalaşması və işə başlaması barədə razılıq əldə olunmuşdu: “Hər iki dövlətin xarici işlər nazirlərinə bu istiqamətdə tapşırıqlar verilib. Artıq komissiyalar yaradılıb. Mayın 16-17-də Moskvada bu komissiyaların görüşünün olacağı barədə məlumatlar onu deməyə əsas verir ki, artıq proses başlayır. Görüşün Moskvada keçirilməsi isə həm də o demək olacaq ki, Rusiya yenə təşəbbüsü ələ alır. Təbii ki, bu sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinin və sülh sazişinin hazırlanmasına start verilməsindən öncə dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi gündəmə gəlir. Amma nəzərə alsaq ki, Ermənistan və Azərbaycan 30 ildən artıq bir müddətdə müharibə vəziyyətində olub və indi də Ermənistandan müharibə çağırışları səslənir, o baxımdan belə hesab edirəm ki, öncə sərhədlərin özü müəyyən olunmalıdır və bundan sonra hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ərazi bütövlüyünü tanımaq bəzən öncədən də ola bilir.

Çingiz Qənizadə: Tarixi Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki  mövqeyi daha da möhkəmlənib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

 Çingiz Qənizadə

Yəni öncədən ”Qarşılıqlı olaraq bir-birimizin ərazi bütövlüyünü tanıyırıq” kimi rəsmi bəyanat səslənir, yazılı sənəd açıqlanır, sonra isə digər məsələlər barədə danışıqlar başlanır. Sərhədlər dəqiqləşdikdən sonra məhz bu sərhədlər çərçivəsində ərazi bütövlüyünün tanınması ilə bağlı Avropa İttifaqı bəyanat verməlidir. Bundan sonra isə sülh sazişi imzalanmalıdır. Sərhədlər məsələsində, təbii ki, Ermənistan manipulyasiya etməyə çalışacaq və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, o zaman 1918-ci ildən bəri olan bütün legitim xəritələrə istinad olunmalı olacaq. Ermənistanın hansı xəritənin üzərində dayanmaq istədiyi və nə etməyə çalışdığı isə komissiyanın işində üzə çıxacaq”.

Ekspert hesab edir ki, SSRİ mövcud olduğu dövrlərdəki xəritələr üzərində işin aparılması həm Ermənistanı, həm Azərbaycanı qane etməlidir: “Bu baxımdan hesab edirəm ki, komissiyaların növbəti görüşündə çox ciddi mübahisələr ortaya çıxacaq. Şübhəsiz ki, Ermənistan bütün vasitələrlə prosesi uzatmağa cəhd edəcək. Çünki Ermənistanın daxilindəki vəziyyət rəsmi İrəvanın bu prosesə həvəslə qoşulmasına və qəti qərarlar qəbul etməsinə mane olur. Ancaq yenə də hər halda əgər 16-17 mayda komissiyaların görüşü baş tutsa bu, o demək olacaq ki, 30 ildir gözlənilən, istənilən bir proses start götürür”.

Amerika demokratiyadan çoxdan uzaqlaşıbdır”

Anar Əliyev 

Politoloq Anar Əliyev isə öncə bildirdi ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin hansı platforma və hansı format üzərindən həll edilməsi məsələsi geniş beynəlxalq müzakirəyə səbəb olub: “Xüsusilə aprelin 6-da Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşündən sonra Rusiya tərəfdən ciddi şəkildə tərəflərə təzyiqlər etməklə Brüssel formatının əsas uğuru olan birbaşa danışıqların, əlaqələrin aradan qaldırılması cəhdləri müşahidə edildi. Danışıqların rəsmi Moskvanın vasitəçiliyi ilə aparılmasına nail olunması üçün Rusiya tərəfindən tərəflərə qarşı addımlar atıldı. Eyni zamanda, ABŞ tərəfindən bu müddətdə hərəkətlilik müşahidə edildi: ”Bütün bunlar onu göstərir ki, regionda münasibətlərin tənzimlənməsi istiqamətində əməli addımların atılması bir dairələrin maraqlarına uyğun deyil. Mayın 16-17-də delimitasiya prosesini həyata keçirəcək komissiyanın Moskvada görüşünün keçiriləcəyi barədə məlumatlar yayılıb. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki görüş-telefon danışıqları keçirilib. Üçüncü görüş də mayın 12-də keçirilib. Bu prosesdə vacib məqam Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlı olan dövlətlərin qarşıdakı dövrdə, yaxın vaxtlarda planları və istəkləri ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, münasibətlərin tənzimlənməsinin Rusiyanın nəzarətindən çıxarılması və ümumiyyətlə bölgədə Rusiyanın iştirakçılığına ehtiyacın aradan qaldırılması Qərbi Avropa və Amerikanın əsas hədəflərindən biridir: “Ona görə də hesab edirəm ki, Amerika və onun Qərbi Avropa müttəfiqləri, eləcə Avropa institutları mümkün qədər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində real addımların atılmasına çalışır. Bununla mümkün qədər tezliklə Rusiya faktorunu aradan qaldırmaq məqsədi güdülür. Münasibətlər tənzimlənib qısa müddət ərzində etimad mühiti formalaşarsa, Rusiyanın bölgədə hərbi iştirakçılığına da ehtiyac aradan qalxmış olar. Amma bunu dərk eləyən Rusiya tərəfi ciddi şəkildə əks arqumentlərlə davranışını davam etdirir və mümkün qədər Brüssel formatının gözdən düşməsi, əldə olunmuş razılıqların yerinə yetirilməməsi ilə tərəflərdə, xüsusən Azərbaycan tərəfində bu formata etimadsızlığın yaranmasına çalışır. Ona görə də son günlər xüsusilə Ermənistana ciddi təzyiqlər həyata keçirilir. Ermənistanla Azərbaycan sərhədində son günlər artan təxribat hadisələri də Rusiyanın qeyd etdiyimiz planının tərkib hissələrindəndir. Rusiya Ermənistan vasitəsilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə xələl gətirmək və münasibətlərin düzəlməsi istiqamətindəki bütün prosesləri tormozlamağa çalışır. Mayın 16-17-də keçirilməsi gözlənilən işçi qrupunun görüşünün normal bir görüş xarakteri daşıyacağından, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə xidmət etməkdən daha çox Rusiyanın prosesdə əsas aparıcı rolunun qabardılmasına xidmət edəcək”.

A.Əliyev qeyd etdi ki, sərhədlərin delimitasiya və demarkasiyasının hansı sənədlər əsasında həyata keçiriləcəyi bu günə qədər razılaşdırılmayıb: “Prezident İlham Əliyev dəfələrlə qeyd etdiyi kimi, 1918-ci ildən sovet imperiyası dağılana qədər mövcud olan bütün hüquqi xəritələr hamısı müzakirə obyektinə çevrilməlidir və o xəritələr əsasında delimitasiya prosesi həyata keçirilməlidir. Eyni zamanda daha bir vacib məqam ondan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi tərəflərin bir-birinin ərazi bütövlüklərini tanımasından sonra həyata keçirilən hüquqi bir prosedurdur. Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımalarına bu işçi qrupunun nail olması şübhə doğurur. Avropa İttifaqı və Azərbaycan mümkün qədər Ermənistan tərəfinə təzyiqlər etməklə bütün vasitələrdən istifadə etməklə Ermənistanı Azərbaycanla sülh prosesinə məcbur etməlidir. Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolunun Azərbaycanla və Türkiyə ilə münasibətləri tənzimləməkdən keçdiyi bir vəziyyətdə Azərbaycanın əli kifayət qədər güclüdür”.

Daha çox xəbərlər