Gəlməli, görməli… əsəbiləşməli!
Yazması bizdən, araşdırılması aidiyyəti orqanlardan
Ən çox əhali yaşayan mərkəzlərdə şəhər təsərrüfatının daim diqqətdə saxlanılan aktual mövzusu sərnişindaşımada xidmətin səviyyəsinin yaxşılaşdırılması olsa da çox təəssüf ki, daim narahatlıq doğuran, təndiq hədəfi də elə bu sahədir. Müasir görkəmi, əhalisinin artan sayı ilə Avropanın meqapolisləri ilə müqayisə olunacaq səviyyədə inkişaf edən, gündən- günə gözəlləşən siması ilə qonaqlarını heyrətləndirən Bakını, paytaxta xüsusi yaraşıq verən Xəzəri görənlər Odlar Yurduna təkrar dönmək istəklərini ifadə edirlər. Vətənimizə verilən bu dəyər bir azərbaycanlı kimi hər birimizdə qürur hissi doğurur.
Amma… Ammanın səbəbi elə paytaxt sakinlərinin avtobus dayanacaqlarında hər gün rastlaşdıqları, narahatlıq doğuran vəziyyətdir. Yol- nəqliyyat infrastrukturunun yaxşılaşdırılması naminə dövlət tərəfindən həyata keçirilən layihələr nəticəsində paytaxt vətəndaşlarına göstərilən nəqliyyat xidmətinin səviyyəsi xeyli yüksəlib. Əvvəlki illərdə mövcud olan sərnişindaşıma sahəsindəki neqativ hallar tədricən aradan qaldırılıb. Salınan körpülər, tikilən yeraltı keçidlər daim narahatlıq doğuran tıxac problemini xeyli yüngülləşdirib. Ən müasir tələblərə cavab verən «Bakı Bus» avtobuslarının marşrutlara buraxılması ilə sərnişindaşımada müşahidə olunan keyfiyyət dəyişikliyi, nizam-intizam əhali arasında razılıqla qarşılanır. Paytaxt və Bakıətrafı ərazilərdə yaşayan əhalinin tələbatı nəzərə alınaraq yeni avtobus marşrutları açılır, xidmətin səviyyəsi yüksəlir. Nəqliyyatda xidmətin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən əlavə tədbirlərin görülməsinə baxmayaraq bəzi subyektiv səbəblərdən yaranan narazılıqlar min zəhmətlə qazanılan ğurlara kölgə salır. Bu baxımdan paytaxt sakinlərinin narazılıqla izlədikləri problemlər barədə yazmağa dəyər.
… Bakı Metropoliteninin 20 Yanvar stansiyasının Tbilisi prospekti ( hamının «Velotrek» kimi tanıdığı) istiqamətdəki çıxışında yaranan vəziyyətlə bağlı bəzi qeydlərimizi diqqətə çatdıraq. Məhz həmin istiqamətdən Sumqayıt şəhəri daxil olmaqla respublikanın bir neçə rayonuna getmək istəyən sərnişinləri loru dildə desək « tutmaq» üçün əməlli -başlı yarış gedir.
Metronun pillələrindən çıxmaq istəyənlərin ilk eşitdikləri sürücülərin uca səslə söylədikləri «Sumqayıt, iki nəfər üçün boş yer», «Sumqayıta Saray yolu ilə getmək istəyənlər», «Sumqayıta bir nəfər, qabaq yer, ünvanına çatdırmaqla» sözləri olur. Ən azından 4-5 sürücünün eyni anda eşidilən müştəri «çağırışına» yaxınlıqdakı mağazalardan eşidilən əcaib musiqi səslərini də bu «çağırışlara» əlavə etsək yaranan mənzərinin yaratdığı əsəbi şəraiti təsəvvür etmək o qədər də çətin deyil.
Diqqətə çatdıraq ki, belə hallar xüsusilə axşam vaxtlarında, iş saatları başa çatdıqdan sonra baş verir. «Sumqayıta getməkdən azad olanlar», yaranan basırıqdan canlarını birtəhər qurtaranlar atalar məsəlində deyildiyi kimi yağışdan çıxıb, yağmura düşürlər. Digər sürücülərin ard-arda səsləndirdikləri Saatlı, İmişli, Biləsuvar, Sabirabad, Masallı, Boradigah … «Qabaq yerlər. Çıxan maşın» çığırtısından qulaq tutulur. Nəzarətsizlik və nəzakətsizlik o həddə çatıb ki, etik qaydalara uyğun olmayan hərəkətlərə də yol verilir. Təbii ki, harasa getmək istəyən şəxs ona lazım olan nəqliyyat növünü özü seçir. Daha məcburi qaydada, kişi, qadın olmasına baxmayaraq kimlərisə maşınlara məcburən dəvət etmək ən azından ədəbsizlik, milli- mənəvi dəyərlərimizə yad keyfiyyətlərdir.
Bir sözlə, adı çəkilən metronun çıxışında yaranan vəziyyət dözülməzdir. Piyadalar üçün nəzərdə tutulan əraziləri zəbt etmiş müxtəlif markalı maşınların arasından bir təhər adı dayanacaq olub, nəqliyyat, daha doğrusu şəhərdaxiliı avtobuslar üçün nəzərdə tutulan magistral yola çıxmağın da bir başqa çətinliyi var. Küstar usulla düzəltdiyi stolun üstünə yığdığı qoz, fındıq, limon, meyvə satanların yanından birtəhər keçməyə macal tapmamış başqa bir mənzərə, « eyni nəqarəti təşkil edən xorla» rastlaşırsan. Bu dəfə sürücülər sərnişinləri nisbətən yaxın məsafələrə « dəvət edirlər.» Bəlkə on sürücünün bir ağızdan dedikləri « Koroğlu», «Qara Qarayev», «piramida», «vosmoy» , «adambaşı bir manat» çığırtısından qulaq tutulur. Sonra da neçə müştəriyə ehtiyac olduğu bildirilir. Biri-biri ilə zarafatlaşan sürücülər, hətta insanları ələ salaraq « maşında «Wİ-Fİ» deməkdən də utanmırlar. Avtovus gözləyən sərnişinlərin dayandıqları əraziləri zəbt edən taksi sürücüləri insaları pərən-pərən salmaqdan belə çəkinmirlər.
Taksilərin yaratdığı qələbəlikdən təngə gələn avtobus sürücüləri sərnişinlərini düşürüb, mindirmək üçün boş yer axtarır. Bəzən isə nə qədər təhlükəli olsa da, magistral yolun ortasında dayanmağa məcbur olurlar. Bax, əsl qaçaqaç onda yaranır. Sərnişinlər özlərini birtəhər gözlədikləri avtobuslara çatdırırlar. Amma xatırlatmaq lazımdır ki, çoxluq təşkil edən sərnişinlər arasında yaşlılar, qadınlar və azyaşlılar da olur. Onu da diqqətə çatdıraq ki, piyadalar üçün nəzərdə tutulan ərazilərin, toretuarların taksilər tərəfindən zəbt olunması adi hala çevrilib.
Yazması bizdən, araşdırılması aidiyyəti orqanlardan. Ümidvarıq ki, yaxın günlərdə adı çəkilən ərazidə qayda-qanunlara riayət olunacaq, neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər görüləcək.

