Xəzər dənizinin son illərdə sürətlə dayazlaşması yenidən narahatlıq doğurub. Xarici mediada yer alan məlumatlara görə, son 20 ildə dəniz sahillərində ciddi geriçəkilmə müşahidə olunub və alimlər yaxın 5-10 il ərzində bu prosesin davam edəcəyini proqnozlaşdırırlar.
Bəzi mütəxəssislər isə hətta Xəzərin gələcəkdə Aral dənizinin taleyini yaşaya biləcəyi barədə xəbərdarlıq edirlər. Lakin ekoloqlar bu ehtimalların reallıqdan uzaq olduğunu, Xəzərin hidrologiyası və onu qidalandıran çay sistemlərinin Aral gölündən köklü şəkildə fərqləndiyini bildirirlər.
Bəs Xəzər həqiqətən təhlükə qarşısındadırmı və dənizdə baş verən dəyişikliklərin arxasında hansı amillər dayanır?

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Xəzər dənizinin səviyyəsinin enməsi haqqında bir çox proqnozlar mövcuddur. Bu proqnozlar, əsasən, dənizə tökülən çay sularının azalması istiqamətindədir. Yəni belə fikir var ki, Xəzərə gələn çay suları azaldıqca dənizin də səviyyəsi aşağı düşəcək. Lakin onu da qeyd etməliyəm ki, indiyə qədər Xəzərin səviyyəsinə həsr olunmuş elmi proqnozların heç biri özünü doğrultmayıb. Bu, məsələnin birinci tərəfi.
Digər tərəfdən, Xəzərə gələn çay sularının azalması ilə dənizin səviyyəsinin enməsi arasında bir paralellik var. Amma Xəzər heç vaxt Aral gölünün taleyini yaşaya bilməz. Çünki Aral gölünə tökülən Amudərya və Sırdərya çayları çox uzun bir məsafədə quraq səhralardan keçir. Bu bölgələrdə isə əkinçilik həddindən artıq inkişaf etdirilib. Həm iqlim dəyişiklikləri nəticəsində bu çayların suyu azalır, həm də suya olan tələbat sürətlə artır.
Eyni problem uzun illərdir ki, dünyanın daha isti enliklərində yerləşən digər göllərində də müşahidə olunur. Misal olaraq Urmiya, Çad və Eyr (Eyre) göllərinin qurumasının əsas səbəbi onlara gələn çay axınının azalmasıdır”.
Ekoloqa görə, Xəzərdə isə vəziyyət bir qədər fərqlidir: “Xəzərin şimal hissəsinə tökülən Volqa çayı dəniz sularının təxminən 80 faizini təmin edir. Bu çay başlıca olaraq mülayim enliklərdən keçir. Doğrudur, Rusiya ərazisində Volqa çayının da suyunun azalması baş verir. Volqa hövzəsində su anbarları tikilib, buxarlanma və infiltrasiya (sızıntı) artıb. Lakin Volqa mülayim qurşaqda yerləşdiyi üçün onun suları Amudərya və Sırdərya kimi tamamilə azala bilməz. Qeyd edək ki, Aral gölünü qidalandıran çayların suları demək olar ki, tamamilə istifadə olunduğundan, ora artıq çay suyu çatmır.
Bunu nəzərə alsaq, bəli, ən pis ssenaridə belə Xəzərin səviyyəsinin bir qədər də enməsini müşahidə edə bilərik, lakin onun tamamilə quruması baş verə bilməz. Üstəlik, Xəzərə gələn çayların sululuğunda yenidən artım qeydə alına bilər, yəni iqlim yenidən rütubətlənə bilər. Biz bunun bu il şahidi olduq. Əgər bu ilki yağıntılar növbəti illərdə də davam edərsə, Xəzərin səviyyəsinin azalması dayana bilər.
Yəni, bu məsələ bir polemika mövzusudur. Bir daha xatırladaq ki, Volqa mülayim qurşaqda yerləşir, onun hövzəsində qışda qar olur və orada əvvəlki kimi güclü suvarma sistemləri yoxdur. Suya olan tələbat nə qədər artsa da, hesab edirəm ki, Volqa hövzəsində miqrasiya nəticəsində (əsasən Moskva istiqamətinə yönələn miqrasiya) suya olan tələbat tədricən azalacaq”.
