Cəmiyyət 

“Ağıllı kənd”

Bir kəndin “ağıllı” olması üçün nələr lazımdır?

Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərdə inşa olunacaq yeni yaşayış məskənlərinin “Ağıllı kənd” (“Smart Village”) konsepsiyası əsasında tikilməsi nəzərdə tutulub. Ötən ilin əvvəlində Azərbaycan Prezidenti müvafiq qurumlara bu barədə tapşırıqlar verib və aprel ayının 28-də işğaldan azad edilən Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu ilin may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Xatırladaq ki, Azərbaycan ərazisində “Ağıllı kənd” konsepsiyasının tətbiqi Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Məlumdur ki, son illər dünyada informasiya – kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə müxtəlif yenilikləri və dəyişiklikləri də gətirdi. Bu yeniliklərdən biri də “Ağıllı kənd” konsepsiyası hesab olunur. “Ağıllı kənd” konsepsiyası insanların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Bu konsepsiyanın tətbiqi rəsmi qurumların yerli sakinlər, o cümlədən də infrastrukturla birbaşa əlaqə qurmağa, kənddə baş verənləri və kəndin necə inkişaf etdiyini izləməyə imkan verir. “Ağıllı kənd” konsepsiyası İKT-nin imkanları kənddə xidmətlərin keyfiyyətini artırmaq, xərcləri və resurs istehlakını azaltmaq, vətəndaşlarla hökumət arasında təmasları artırmaq üçün istifadə olunur.

“Ağıllı kənd”lərdə tətbiq olunan elektron və texniki imkanlar məlumatların bir araya toplanmasını və analizini asanlaşdırır. Nəticədə bu məlumatlar resursların səmərəli istifadəsinə yönəldilir. Məsələn, nəzarət kameraları, yaxud naqilsiz sensor şəbəkələri vasitəsilə kənd ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə etmək mümkün olur və nəticədə problemə vaxtında müdaxilə etmək imkanı yaranır.

Bir kəndin “ağıllı” olması üçün nələr lazımdır?

Qeyd etdiyimiz kimi, bir yaşayış məskəninin “ağıllı kənd” adlandırıla bilməsi üçün mütləq İKT-nin ən son nailiyyətlərindən istifadə olunmalıdır. Müasir texnologiyaların olmadığı bir yerdə “ağıllı kənd” layihəsinin icrası mümkün deyil. Dünyanın bir çox ölkəsində “ağıllı kənd” layihəsi tətbiq olunsa da, bu konsepsiya barəsində hansısa vahid bir tərif yoxdur. Bu layihə ilə bağlı yalnız ümumiləşdirilən fikirlər mövcuddur. Bir yaşayış məskəninin “ağıllı kənd” olması üçün nələr lazım olduğunu aşağıdakı kimi sıralamaq olar:

Bütün sahələri əhatə edəcək şəkildə elektron və rəqəmsal texnologiyalar tətbiq olunmalıdır. “Ağıllı kənd”də yaşayanların yüksəksürətli internetə çıxış imkanları olmalıdır. Dövlət strukturları, özəl müəssisələr və fərdi evlər zəruri cihazlarla təmin olunmalıdır. Rabitə əlaqələrinin qurulmasında həm simli, həm də simsiz texnologiyalardan istifadə olunmalıdır. “Süni zəka”, robot texnikasından istifadə imkanları olmalıdır. Kəndin idarə olunmasında sakinlərin iştirakı təmin edilməlidir. Təbii ehtiyatlardan səmərəli istifadə edilməli və ətraf mühit qorunmalıdır. “Ağıllı kənd”lərdə alternativ enerjidən istifadə olunmalı və təşviq edilməlidir. Şəhərlərdəki sosial və mədəni obyektlər kəndlərdə də qurulmalıdır. “Ağıllı kənd”lərdə mədəniyyət və incəsənət sahəsinə ayrılan diqqət şəhərlərlə eyni səviyyədə olmalıdır. Kənd sakinlərinin müxtəlif mədəni tədbirlərdə iştirakına şərait yaradılmalıdır. Təhsilə xüsusi əhəmiyyət verilməlidir, sakinlərə İKT avadanlıqlarından istifadə mütəmadi olaraq öyrədilməlidir. “Ağıllı kənd”lərdə İKT geniş yayıldığından məlumatların təhlükəsizliyi və gizliliyinə xüsusi diqqət yetirilməlidir.

“Ağıllı kənd” layihəsinin məqsədi nədir?

“Ağıllı kənd” layihəsinin tətbiqində əsas məqsəd kənd yerlərində yaşayan insanların həyat səviyyəsini yüksətməklə onların şəhərlərə köçünün qarşısını almaqdır. Avropanın bir çox ölkələrində gənc yaşda olan insanların kəndlərdən böyük şəhərlərə köç etməsi urbanizasiya prosesini sürətləndirir. Bu da öz növbəsində ciddi ekoloji, iqtisadi və siyasi problemlərə səbəb olur. Bu səbəbdən də “Ağıllı kənd” konsepsiyası urbanizasiyanın qarşısını almaqda əsas vasitə hesab olunur. Artıq dünyanın bir çox ölkəsində “ağıllı kənd” layihələri tətbiq olunur. Eyni zamanda nəhəng İKT şirkətləri “ağıllı kənd” layihələri ilə bağlı yeni məhsullar, xidmətlər təqdim edirlər.

Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq. Ən əsası, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağın və Şərqi Zəngəzurun regionumuzda həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyi də artacaq. Azərbaycan hökumətinin əsas məqsədlərindən biri də məhz bundan ibarətdir.

Daha çox xəbərlər