Əsas səhifə 

Qardaşlığın mavi səmaya qədər yüksələn gücü

Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq

Postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında cərəyan edən mühüm proseslər fonunda görürük ki, zəfər, quruculuq, dünyanı heyran edən layihələri gerçəkləşdirmək yollarında iki qardaş dövlət eyni amal, məqsəd uğrunda birlikdə addımlayırlar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də – Müstəqillik Günündə ölkəmizə səfəri və paytaxtımızda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi də bu əbədiyaşar qardaşlıq və müttəfiqlik münasibətinin daha bir parlaq nümayişidir.

Tarixə nəzər salsaq görərik ki, iki qardaş xalqların bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Xüsusilə də, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı.

Qarşılıqlı əməkdaşlığın ən  parlaq nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada  qardaş  ölkələrimizin  prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Tərəflər Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Şuşa Bəyannaməsi Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Ən əsası tarixi əhəmiyyət daşıyan Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması – yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Mühüm tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, ümumi problemlərlə bağlı birgə addımların atılmasını, davamlı həmrəylik göstərilməsini, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ehtiva edir.

Ötən ilin payızında İstanbul­da keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə (indiki Türk Dövlətləri Təşkilatı) Türkiyə Cümhur­başqanının təşəbbüsü ilə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması dövlət başçımızın Zəfər tarixi yazması­nın və dünya türklüyünə misilsiz töhfələr verməsinin layiqli qiymətidir.

Azərbaycan və Türkiyə prezidentləri vaxtaşırı rəsmi səfərlər və işgüzar təmaslar vasitəsilə görüşür, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir, faydalı nəticələr əldə edirlər. İşğaldan azad edilmiş ərazilərə ilk xarici dövlət başçısı kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı Füzuli Beynəlxalq Hava Li­manının açılışında iştirak edərək dövlət başçımızın yanında olaraq həm çətin, həm də şad günümüzdə Azərbaycana dəstək olduqlarını bir daha nümayiş etdir­di. Böyük Zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələr sırasında Türkiyə Liderinin Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində  iştirakını, Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanış olmalarını, bu rayonda “Dost Aqropark”ın təməlini qoymalarını qeyd edə bilərik.

Bu il mayın 14-də isə qardaş Türkiyə dünyaya səs salacaq möhtəşəm layihəsini təqdim etdi. Türkiyənin qüdrətli lideri Rəcəb Tayyib Ərdoğanın reallaşdırdığı dəniz üzərində tikilmiş dünyanın beşinci hava limanı – Rizə-Artvin Aeroportu istifadəyə verildi. Bu təntənəli açılış mərasimini yenə iki qardaş – prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan həyata keçirdi. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyinə şahid oldu.

Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz , TANAP, TAP kimi enerji layihələri,  prezidentlərimizin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin açılması, Türkiyədə “STAR” neft emalı zavodunun işə salınması, 2020-ci il dekabrin sonunda Azərbaycan kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması və s. ölkələrimizin monolit birliyinin nümayişi kimi fərəh doğurur.

Regionda yeni geosiyasi nizam məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmaqdadır. Məlumdur ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar – danışıqlar və görüşlər də keçirilib. Amma geosiyasi zəlzələ effekti yaradan Rusiya-Ukrayna müharibəsi nəticəsində qütbləşmənin kəskinləşməsi bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflədir, hətta bitirir. O səbəbdən yeni geostrateji seçimlər gündəmə gəlir. Yenə də iki ölkənin iradəsi və mövqeyi həlledicidir. Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında reallaşdırılması nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmindən gedir. “Üçlük” platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün əhəmiyyətlidir. Bu, həm də  yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər. Bütövlükdə, Bakı ilə Ankaranın geosiyasi iradəsi vacib regional məsələlərin həllini təmin edir. Heç şübhəsiz, həm Azərbaycanın, həm də Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün  iqtisadi, siyasi və hərbi-təhlükəsizlik nöqteyi-nəzərdən yeni strateji üstünlüklər yaradır.

Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər.  Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Daha çox xəbərlər