Cəmiyyət 

Şuşa ətirli Xaribülbülüm

Salam olsun sənə, Xarıbülbülüm. Salam olsun sənə, şah qamətli gülüm. Sən bizlər üçün nisgil, kədər, ağrı,həsrət simvolu idin. Ay gözəl gülüm, Şuşanın maralı gülüm  bağrına dağ çəkildiyini, torpaqlarının viran olduğunu gördükcə yanırdı sinəmizdə alovlu od…Yanar odun sönəcəyi günü həsrətlə gözləyirdik. Yerlər, göylər də dözə bilmirdi bu iztiraba.Gözün dolmuşdu,yanaqlarınsa solmuşdu. Düşünürdün ki, bu ah naləni görmürükmü? Hər çəkdiyin naləni gördükcə  dünyadan tədirgin olurduq bilirsənmi? Sənə qovuşub toxunacağımız günün,ətirli iyini ciyarlarımıza çəkəcəyimiz günün xəyalları ilə yaşayırdıq. Ay gözəl gülüm bu günün gerçəkliyini yaşamaq üçün bir igidin ömrü qədər gözlədik. Xarıbülbülüm düz 29 il qəfəsdə qaldın, doğmalarının həsrətindən saralıb sarı rəngə boyandın. Başın çox bəlalar çəkdi, lakin boyun əymədin düşmənə. Bu torpağın düşmənə məxsus olmadığını  bəyan etdin hər kəsə.

2020-ci il 8 noyabr tarixi Zəfər günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsinin önündə atasının ona olan etimadını doğrultduğunu və onun vəsiyyətini yerinə yetirdiyinin hesabatını verdi. Necə ki, ulu öndər Heydər Əliyev  demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər  inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. Bəli, həmin gün Şuşa qoxulu Xarıbülbülümüzə qovuşduq.  Qovuşduğumuz  gün nisgilimizə son qoyuldu.

Xarıbülbülüm sən məhəbbət rəmzisən, sədaqətin əsl özüsən.Sən həm də cənnət rəmzisən. Sənin özəlliyin ondadır ki, torpağından ayrı düşəndə solub məhv olursan. Bülbülüm sən adi çiçəkdən çox bir möcüzəyə bənzəyirsən. Xırda bənövşəyi rəngli ləçəklərin, otların, başqa gül-çiçəklərin içərisindən çətinliklə seçilirsən…

Artıq Şuşamızda yeni həyat başlayıb. Biz əmin idik Şuşamızın azadlığına qovuşacağımıza, əmin idik sürətli quruculuq və abadlıq işlərinin aparılacağına, ən əsası əmindik Şuşa torpağının festivallara, poeziya günlərinə, mədəni tədbirlərə və bir çox başqa tədbirlərə  ev sahibliyi edəcəyinə. Elə bu günlərdə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı da dediklərimizi bir daha təsdiq edirdi.

Bilirəm gözün yolda qalmışdı Bülbülüm, hər il keçirilən festivalların artıq səsini eşitmirdin.  Düz 30 il sonra Qarabağ torpağında Xarıbülbül festivalının keçirildiyini görəndə göz yaşını tökməmək əlində deyildi. Şuşanın hər dağı, hər daşı səsinə səs verirdi. Eşidirsənmi, Xarıbülbülüm deyə sənə səslənirdilər. Bu gələn səs doğmalarımızın səsidir, bu gələn səs milli musiqi alətlərimizin səsidir,- deyə hay verirdin onlara… Festivalı elə tükənməz sevgi ilə izləyirdin ki, baxışınla hər şeyi ifadə edirdin. Ay gözəl gülüm sevinən təkcə sən deyildin. Sevinirdi Vaqifin, Natəvanın, Zakirin, Ü.Hacıbəylinin, Bülbülün, Haqverdiyevin, Qaryağdıoğlunun ruhları… Çünki onların nigarançılığına son qoyulmuşdu.

Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olundu, ölkəmizin müxtəlif regionlarını təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirildi, klassik musiqi əsərləri təqdim olundu. Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış etdilər. Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxışları hər birimizi valeh etdi.

Nuray ƏSGƏROVA

Daha çox xəbərlər