Həmişə azadlıqda
Əfv Sərəncam: Humanzim, insanpərvərlik və mərhəmətin nümunəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan müstəqillik illərinin ən qüdrətli və parlaq dövrünü yaşayır. Ölkəmizin hərtərəfli tərəqqisi təmin olunur, vətəndaşların sosial rifahı yüksəlir, azad edilmiş doğma torpaqlarımız yenidən dirçəlir. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixini bu il ilk dəfə Müstəqillik Günü kimi qeyd edən xalqımız tərəfindən bu tarixi gün ərəfəsində Prezident İlham Əliyevin əfv Sərəncamı ilə 213 nəfərin azadlığa qovuşması bütün bu işlərin uğurlu davamı kimi qiymətləndirilir.
Ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev mütəmadi olaraq əfv sərəncamları imzalayır, amnistiya aktlarını təsdiqləyir. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə qovuşmaq istəyən məhkumların müraciətləri nəzərə alınaraq bayram və əlamətdar günlərdə əfv və amnistiya aktlarının qəbul olunması artıq ənənə halını alıb. Son 18 ildə dövlət başçısının imzaladığı əfv sərəncamları 6000-ə yaxın məhkuma şamil olunub. Hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da humanzim prinsiplərinə sadiqliyi böyük rəğbətlə qarşılanır. Xatırladaq ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə ötən dövrdə 40 mindən çox insanı əhatə edən amnistiya aktları qəbul olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə ötən ilin noyabrında Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı 17 mindən çox şəxsə şamil olunmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş etmişdi. Bu humanist addımın davamı olaraq Müstəqillik Günü ərəfəsində dövlət başçısı növbəti humanist addımı ilə təkcə 213 nəfərə yox, məhkuma və onun ailələrinə sevinc bəxş etdi. Ümumilikdə, 213 nəfər məhkumla əhatə olunan Sərəncamla 168 nəfər, o cümlədən 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Probasiya qurumlarında isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılıb, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub. Həmin şəxslərin ölkədən getmək hüquqlarına qoyulmuş müvəqqəti məhdudiyyət götürülərək onlar Probasiya Xidmətinin qeydiyyatından çıxarılıblar.
Göründüyü kimi, növbəti əfv Sərəncamı ölkəmizdə sülhə, sabitliyə doğru atılan daha bir addım kimi dəyərləndirildi. Azadlığa çıxan şəxslər və onların ailə üzvləri, yaxınları göstərdiyi yüksək humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. İnanırıq ki, əfv olunan şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, azad cəmiyyətə qovuşaraq, sürətlə inkişaf edən və gündən-günə dünyada nüfuzu artan Azərbaycanın layiqli vətəndaşları olacaqlar.

