Jurnalist çətiri altında gizlənənlərə qarşı mübarizə güclənməzsə…
Müstəqilliyin ilk illərindən milli mətbuatımızda senzura, həmçinin söz və məlumat azadlığını məhdudlaşdıran digər maneələr aradan qaldırılıb, media üzrə zəruri qanunvericilik bazası yaradılıb və jurnalistikanın tərəqqi meyilləri dəstəklənib. Hazırda çoxsaylı çap, internet mediası yaradılarkən heç bir məhdudiyyətin tətbiq edilməməsi, media qurumlarının sərbəst fəaliyyət göstərməsi də bunun əyani təzahürüdür. Bu, bir tərəfdən kütləvi informasiya vasitələrinin sayının artmasında özünü göstərsə də, digər tərəfdən söz və mətbuat azadlığından sui-istifadə edərək reketçiliklə məşğul olanların sayını da artırıb.
Cəmiyyətin probleminə çevrilməklə bərabər, medianın nüfuzuna xələl gətirən “reket jurnalistika” təəssüf ki, onlayn mediaya da sirayət etməyə başlayıb. Belə ki, jurnalistika ilə yaxından ya uzaqdan əlaqəsi olmayanlar internetin yaratdığı imkanlardan istifadə edərək özlərinə “TV kanallar” yaradıb “qazanc yuvası” qurublar. Yəni, “reket media” indi yeni platformaya – “YouTube”a transformasiya olunub və jurnalistikaya heç bir aidiyyəti olmayan kanallar sürətlə artmaqdadır.
Doğrudur, texnalogiyaların sürətlə inkişf etdiyi dövrdə internet TV kanalların sayının artması heç də pis tendensiya deyil. Peşəkar xəbər agentliklərinin və obyektiv, dəqiq və qərəzsiz informasiya portalların internet üzərindən yayım həyata keçirmələri tamamilə təbiidir, amma… Amması budur ki, “TV kanal” açıb müxtəlif məqsədlərə xidmət edən informasiyaları, videomaterialları yayımlayanların “fəaliyyəti” narahatlıq doğurur. Çünki məqsəd jurnalistika ilə məşğul olmaq yox, insanları şərləmək, böhtan atmaq, şantaj etməklə pul qazanmaqdır.
“YouTube”, “Facebook”, “İnstagram”, “Tik-Tok” və s. sosial şəbəkə platformalarında hay-haraylarla, səs-küylərlə, isterik çağırışlarla və qəsdən minlərlə izləyiciləri aldadan, dövlətin maraqlarına qarşı çıxaran, ən kiçik məişət hadisəsini şişirdərək onu siyasiləşdirən bu vasitələrlə ikibaşlı oyunlar oynayan, maddi imkanlarını artıran sözdə “jurnalistlər” bundan əsla utanmırlar.
Üzdəniraq “media nümayəndələri” ölkəmizdəki demokratik şəraitdən sui-istifadə edərək hələ də media məkanında meydan sulayır, at oynadırlar. Belələri müstəqil Azərbaycanımızın dövlət mənafeyini, milli maraqlarını müdafiə etmək, görülən işlərdən söz açmaq, postmüharibə dövrünün reallıqlarından bəhs edən analitik yazılar vermək, verilişlər hazırlamaq, maarifləndirici proqramlara üstünlük vermək, mövcud materiallara obyektiv yanaşmaq əvəzinə ölkəmizdəki demokratik şəraitdən, söz, mətbuat azadlığından sui-istifadə edərək nəinki müxtəlif dövlət orqanlarının, ayrı-ayrı vətəndaşların, cəmiyyətin nüfuzlu üzvlərinin şərəf və ləyaqətini alçaldan, əsassız iddialarla dolu, həqiqətləri əks etdirməyən, böhtan xarakterli “məqalələr” dərc edərək onları “mənəvi terror”a məruz qoyurlar.
Bütün bunlar da azmış kimi, azad və sürətli yayım imkanına malik internet üzərində qorxulu oyunlar oynayan reket kanalları indi də “söyüş müxalifətini” ölkənin informasiya məkanına daşımağa başlayıblar. Kanalın abunəçilərinin sayını artırmaq, izləyici toplamaq üçün kanal “söyüş müxalifəti” üçün platformaya çevrilir. Kim nə istəyir danışır, kimi istəyir tənqid və təhqir edir və efirdə ən nəlayiq ifadələr işlədir. Əlbəttə ki, bu yola əl atanların qazanc məqsədi ilə hətta Anti-azərbaycan şəbəkə ilə iş birliyinə getməsi də qaçılmazdır. Belə olan halda isə Azərbaycanı sevməyən xarici dairələr həmin kanallar vasitəsi ilə ölkəmizə qarşı müxtəlif kampaniyalar apara bilərlər. Hətta erməni lobbisinin maliyyə dəstəyi ilə “qidalanan” bəzi qüvvələr təxribatçı məlumatlarla gündəmin dəyişdirilməsinə cəhdlər edə, aranı qarışdırmağa çalışırlar. Heç kimə sirr deyil ki, müxtəlif xarici fondların, hətta erməni lobbisinə yaxınlığı ilə seçilən bəzi beynəlxalq təşkilatların gizli maliyyəsi ilə fəaliyyət göstərən bir çox internet TV-lərin əsas məqsədi anti-Azərbaycan kampaniyası aparmaqla beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək, onu gözdən salmaqdır.
Mətbuat belə parazitlərdən təmizlənməlidir
Sadalanan faktlar əsasında bu qənaətə gəlirik ki, reket “media” ilə məşğul olanlar çirkin məqsədləri üçün şər-böhtandan, şantaj etməkdən çəkinmir, bu vasitə ilə pul qazanmağa can atmaqla yanaşı, həm də Azərbaycan mətbuatının adına ləkə gətirirlər. Azərbaycanda digər qanunlarla yanaşı, media, söz və ifadə azadlığı birbaşa demokratik prinsiplərə söykənir. Siyasi mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq istənilən şəxslər, o cümlədən jurnalistika ilə məşğul olan adamlar da daxil sosial şəbəkələrdə, saytlarda azad fəaliyyətlərini qura bilərlər, amma bu vasitədən sui-istifadə etmək artıq qırmızı xətti keçmək anlamını daşıyır. Hər cəhdlə dövlətin informasiya və media siyasətinə qarşı çıxan dağıdıcı müxalifət və Qərbdən idarə olunan şəbəkənin məqsədi isə media sahəsində anarxiya və xaos yaratmaqdır.
Əlbəttə ki, vaxtında tədbir görülməsə, bunun daha ciddi fəsadlara yol açacağı bəllidir. Ona görə də ümid edirik ki, hüquq-mühafizə strukturlarımız da hərəkətə keçməklə məhz belə şəxslərə qarşı vaxtında ciddi tədbir görərək artıq cəmiyyətimizin sağlam düşüncəsini zədələyən, korlayan, xalqımıza, milli-mənəvi dəyərlərimizə zidd olan bu kimi acınacaqlı halların qarşısını operativ qaydada alacaqlar. Əks halda, bu problemlər ciddi mənəvi terror təhlükəsi kimi daha ağır fəsadlara yol aça bilər.
Hazırda “Media haqqında” yeni Qanunun qəbul olunması ilə vahid jurnalist vəsiqələri məsələsi də gündəmə gəlib. Yeni Qanuna əsasən, Media Reyestrinin yaradılması, Reyestrə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi media mühitinin sağlamlaşmasına effektiv təsir göstərməklə yanaşı, neqativ halların, xüsusən də “reket jurnalistikası” adlandırılan fəaliyyətlərin qarşısının alınmasına yönəlib.
Bütün bunlarla yanaşı, xüsusi olaraq vurğulamalıyıq ki, “reket jurnalistika”ya qarşı mübarizə birtərəfli olmamalıdır. Onlara qarşı kompleks mübarizə aparılmalıdır. Vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media təşkilatları, hüquq-mühafizə orqanları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bu cür neqativ hallara qarşı vahid mübarizə sərgilənməlidir ki, nəticə əldə etmək mümkün olsun.

