Böyük Qayıdışın ilki – “ağıllı kənd”
Müharibə… Özü ilə bəlalar, müsibətlər gətirən, milyonlarla insanın həyatına son qoyan, dünyasını alt-üst edən, onları yurd-yuvasından didərgin salan qanlı-qadalı hadisələr… Harada, hansı səbəbdən baş verməsindən, kimin qalib və ya məğlub olmasından asılı olmayaraq, müharibələrin ağrı-acısı illərlə unudulmur, yaddaşlardan silinmir. Dünyanı lərzəyə salan müharibələrin acı həqiqətlərini isə el-obasından qaçqın düşmüş günahsız insanlar yaşamağa məhkum olurlar.
Böyük türk dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi: “Millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir”. Hər zaman sülh tərəfdarı olan, xalqların birgəyaşayışına böyük önəm verən Azərbaycan mənfur qonşusu Ermənistan tərəfindən iki əsrdən çox müddətdə dəfələrlə hərbi cinayətə – müharibəyə məruz qalmışdır.
“Böyük Ermənistan” ideyasını həyata keçirmək istəyən mənfur erməni millətçiləri 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə siyasəti aparmışdır. Hələ XVIII əsrdən bəri çar Rusiyasının dəstəyi ilə tarixi yurd yerlərimizdə erməni dövləti qurmaq məqsədilə Bakıda və respublikamızın şəhər və rayonlarında ermənilərin məskunlaşdırılması siyasəti yürüdülmüş, iki yüz il ərzində məqsədyönlü şəkildə həyata keçirilmiş bu siyasətin kökündə isə ermənilərin Azərbaycan xalqının tarixinə, mədəniyyətinə sahib olmaq amili dayanmışdır.
Mərhələ-mərhələ gerçəkləşdirilən siyasətin davamı olaraq Ermənistan 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddialarına və etnik zəmində təxribatlara başlamış və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüşdür. Beləliklə, XX yüzilliyə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq, minlərlə insanın doğma yurd-yuvalarından kütləvi surətdə və zorakılıqla didərgin salınması ilə tarixə yazılmışdır.
30 il müddətində torpaqları işğal altında qalan, ərazi bütövlüyü pozulan Azərbaycan çətin vəziyyətlə üzləşsə də, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, onların sosial müdafiəsi ilə birbaşa məşğul olması üçün Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələlərin həll edilməsi məqsədilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” yaradılmışdır.
1992-ci ildə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunu qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 saylı Fərmanı ilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi”nin adı dəyişdirilərək “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” adlandırılmışdır.
Qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, sosial müdafiəsi, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılması, müvəqqəti məskunlaşdıqları yerlərdə məşğulluğun artırılması, yoxsulluğun azaldılmasını təmin etmək Komitənin əsas vəzifələri kimi müəyyənləşdirilmişdir.
Eyni zamanda, 2005-ci ilin fevral ayında ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalamış və ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilmişdir. Ölkə ərazisində dövlət tərəfindən yüzdən çox qaçqın şəhərciyi salınmışdır. İlbəil məcburi köçkünlərin müavinətləri artırılmış, dövlət bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərmişdir.
2019-cu ildə Qobu qəsəbəsində məcburi köçkünlər üçün rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsindən ibarət yaşayış üçün bütün şəraitə malik “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış kompleksi tikilib istifadəyə verilmiş, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin edilmişdir.
2019-cu ildə 1300 qaçqın ailəsinin yerləşəcəyi “Qobu Park-2” yaşayış kompleksinin açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev demişdir: “Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir”.
Həmin ilin sonunda Şirvan rayonunda 685 mənzilli qəsəbə, Göyçay rayonunda 130 mənzildən, Kürdəmir rayonunda 565 mənzildən ibarət binalar inşa olunmuş, Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilib istifadəyə verilmiş, Ucar rayonunda 250 ailəlik qəsəbə salınmışdır. 2020-ci il üçün isə dövlət tərəfindən 7059 məcburi köçkün ailəsinin yerləşdirilməsi nəzərdə tutulmuşdur.
İndi Azərbaycan Böyük Qayıdışın astanasındadır. Vətən müharibəsindən sonra Qarabağın bərpasına – dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasına, “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasına başlayan qüdrətli ölkəmiz inkişafa, tərəqqiyə doğru unikal təcrübə nümayiş etdirir. Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və bununla da 30 illik kağız üzərində qalan hüquqlarımızın təmin edilməsi bütün dünyaya səs saldığı kimi, işğalçının viran qoyduğu ərazilərin sürətli bərpa prosesi də tarixi hadisəyə çevrilib. Bu gün 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır. 44 günlük Vətən müharibəsindən sonra düşmənin yer üzündən sildiyi kənd və şəhərlərdə – minlərlə kvadratkilometrdən çox ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi, sozün əsl mənasında böyük güc, böyük potensial, maliyyə və vaxt tələb etsə də, proses sürətlə davam edir. Ölkə başçısı İlham Əliyevin xalqımızın xoş gələcəyinə hesablanmış uzaqgörən siyasəti sayəsində vaxtilə öz yurd-yuvasından köçkün düşmüş əhalinin doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün genişmiqyaslı layihələr həyata keçirilir. Bu gün işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturun və mədəni-tarixi abidələrin bərpası, bir sözlə, müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrası reallaşdırılır.
Bütün dünya Azərbaycanın gücünün, qüdrətinin, dövlətimizin başçısının möhkəm iradəsinin, yüksək idarəçilik məharətinin və qurub-yaratmaq əzminin şahididir. 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, vandallar tərəfindən yerlə-yeksan edilən şəhər və kəndlərimizin sürətlə bərpası prosesi hazırda geniş vüsət alıb. Artıq müstəqil siyasət yürüdən, gücünü, potensialını, iradəsini ortaya qoyan Azərbaycanda bu gün məcburi köçkünlər üçün qaçqın şəhərcikləri deyil, həm böyüklüyünə, həm də son dərəcə müasirliyinə görə fərqlənən, sakinlərin təhlükəsizliyi, rahatlığı, rifah halı, məşğulluğu və bütün bunların fonunda gələcək inkişafını təmin edən “ağıllı kənd”lər, “ağıllı şəhər”lər salınır.
Mehparə ƏLİYEVA,
“Respublika”.

