Daha çox həmrəylik, daha çox inkişaf!
İslam dövlətlərinin turizm nazirləri Bakıda bir araya gəldilər
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha da artan nüfuzu Azərbaycanı bir çox dünya ölkələrinin diqqət mərkəzinə gətirib. Təsadüfi deyil ki, ölkəmiz indi nəinki BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların tribunasından söz sahibi kimi çıxış edir, eyni zamanda, Bakı mötəbər tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bugünlərdə paytaxtımız daha bir mühüm tədbirə ev sahibliyi edir. İyunun 28-də Bakı Konqres Mərkəzində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransının açılış mərasimi keçirildi.
Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir. Dövlət Himnimizin səsləndirilməsi və İslam dünyasının müqəddəs kitabı olan Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan konfransda ilk olaraq DTA-nın sədri Fuad Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına salamlama mətnini çatdırıldı. Mətndə qeyd olunur ki, 2021-ci ildə Azərbaycanın İƏT-ə üzv olmasının 30-cu ili tamam olub və İƏT ölkəmizin müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır: “Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib. Biz bundan sonra da bu işə hərtərəfli töhfəmizi verməyə davam edəcəyik. Bu illərdə İƏT-in fəal üzvü kimi Azərbaycan üzv dövlətlərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar çərçivəsində öz əməkdaşlıq əlaqələrini qurub. Bakı şəhəri İƏT-ə üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib.”
Dövlət başçısının müraciətində 2017-ci ildə Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğu və 54 dövlətin iştirakı ilə IV İslam Həmrəylik Oyunlarının keçirildiyi xatırlanır, İƏT-in Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçılıq siyasətini pisləməsi, Ermənistanı təcavüzkar dövlət kimi tanıması, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr və bəyanatlar qəbul etməsi qeyd edilir. Bildirilir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü icra etməli oldu: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, unikal relyef müxtəlifliyi, füsunkar təbiəti, qədim tarixi abidələri ilə zəngin turist potensialına malik bölgələrdir. Hazırda “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun həyata keçirilir.”
Sənəddə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərimizdəki bütün mədəni irsimizi, o cümlədən İslam dininə aid bütün abidələri dağıtdığı, 67 məsciddən 65-ni yerlə-yeksan etdiyi, qalan məscidlərə isə ciddi zərər -vurduğu, heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədərək təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir edildiyi qeyd olunur. Bildirilir ki, Ermənistan burada, həmçinin meşələrimizi məhv edib, torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləndirib, şəhər və kəndlərimizi dağıdıb, çoxsaylı minalar basdırıb. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənsitan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir edilməsini şiddətlə qınayıb.
Prezident İlham Əliyevin salamlama mətnində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin iclasının artıq 2-ci dəfədir ki, ölkəmizdə keçirildiyi, Azərbaycanın təşkilata üzv dövlətlərlə turist sahəsində səmərəli əməkdaşlıq etdiyi də xatırlanır: “Statistik göstəricilərə əsasən, COVID-19 pandemiyasından əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən 3 milyondan artıq turist Azərbaycana səfər edib. Xalqlarımızın dini və mədəni yaxınlığı, Azərbaycan xalqının qonaqpərvərliyi, turizm infrastrukturunun inkişafı, asanlaşdırılmış viza sisteminin tətbiqi, habelə ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq şəraiti Azərbaycanı turistlər üçün cəlbedici məkan edir. Biz qarşıdakı illərdə İƏT-ə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turizm əlaqələrimizin daha da genişlənəcəyinə inanırıq.”
Tədbirdə giriş sözü ilə çıxış edən 10-cu konfransın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali rəhbərliyi Azərbaycana verdi. Daha sonra tədbir DTA-nın sədri Fuad Nağıyevin çıxışı ilə davam etdi.
F.Nağıyev bu konfransın pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirdi.
DTA-nın sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını diqqətə çatdırdı.
F.Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verdi. O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq, dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət etdi.
Daha sonra çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri olan ölkələr arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini söylədi.
Qeyd edək ki, “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələlərlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olundu, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edildi. Həmçinin konfransın yekun Qətnaməsi və Bakı Bəyannaməsi qəbul edildi, növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023 və 2024-cü illər üzrə “İslam dünyasının paytaxtı” elan ediləcək şəhərlər müəyyənləşdirildi.
“Turizmin inkişafı üzrə” Qətnamədə azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edildi.
“Bakı Bəyannaməsi”ndə isə qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi və digər mühüm məsələlər öz əksini tapıb.
Konfransda İƏT üzvlərinin turizm nazirlərinin növbəti, 12-ci görüşünün Mərakeş Krallığında keçirilməsi qərarlaşdırıldı.
Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xivə şəhəri “İslam dünyasının turizm paytaxtı” seçildi. Bununla da İƏT Turizm Nazirlərinin 11-ci Konfransı öz işini başa çatdırdı.
Qeyd edək ki, konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.








