Gündəm 

Məqsəd və hədəf: Keyfiyyətlə sürəti birləşdirmək, ətraf mühiti qorumaq, ekoloji təhlükəsizliyi təmin etmək

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda keçirilən XI sessiyasında, Zəngilan rayonunun Ağalı kəndindəki «Ağıllı kənd» yaşayış massivində təşkil olunan «Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi» adlı beynəlxalq konfransda 30 il Ermənistanın işğalı altında qalan ərazilərdə törədilən vəhşiliklərdən, ekoloji terrorlardan söz açılmışdır

Otuz il işğal altında qalan torpaqlarımız azad edildikdən sonra başlanan bərpa- quruculuq işlərinin sürətlənməsi, infrastrukturun yenilənməsi, enerji ilə təchizat sahələrinə diqqətin artırılması, su hövzələrinin yenilənməsi Böyük Qayıdışı tezləşdirmək naminə həyata keçirilən önəmli layihələrdir. Xüsusilə Zəngilan rayonunda həyata keçirilən «ağıllı kənd», «ağıllı şəhər» layihələri, Qarabağın və Şərqi Zəngəzurun «yaşıl enerji» zonası elan olunması Prezident İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsidir. Baş planı hazırlanan Zəngilana həyat yenidən qayıdır. Bu rayonda dördzolaqlı avtomobil yolu çəkilir, hava limanı tikilir, aqropark salınır. Bir sözlə, Zəngilan park şəhərinə çevrilir. Rayonun Ağalı kəndində həyata keçirilən mütərəqqi təşəbbüs olan «ağıllı kənd» layihəsinə uyğun olaraq əlavə 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli ictimai yaşayış binalarının inşası nəzərdə tutulur. Məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər və məşğulluq üçün nəzərdə tutulan «ASAN xidmət», DOST mərkəzindən istifadə etməklə, kiçik və orta biznesə dəstək üçün hər cür şərait yaradılır.

Bu günlərdə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda keçirilən XI sessiyasında videoformatda çıxış edən, erməni vandallarının 30 il ərzində işğalda saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərdən bəhs edən, təkcə Zəngilanda deyil, azad olunmuş bütün ərazilərdə aparılan bərpa- quruculuq işlərindən danışan Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkilini qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirmişdir. Vurğulanmışdır ki, «2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi» və «Yeni Şəhər Gündəliyi» dayanıqlı urbanizasiya və şəhərlərimiz üçün daha yaxşı gələcək üzrə səylərimizi istiqamətləndirir. Bütünlükdə ölkədə aparılan genişmiqyaslı yenidənqurma işlərinin nəticəsidir ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bütün bölgələrində tarixi, memarlıq nümunələri qorunur, infrastruktur yenilənir, müasir dövrün şəhərsalma tələblərinə uyğun quruculuq işləri davam etdirilir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən ərazilərdə qısa müddətdə görülən işlərdən bəhs edən dövlət başçımızın vurğuladığı kimi, Livanın ərazisi qədər olan işğaldan azad edilmiş torpaqlarımızda erməni faşistlərinin törətdikləri vandalizmin nəticələri tədricən aradan qaldırılır. «Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması» adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» sözləri ilə erməni vandallarının törətdikləri vəhşiliyin miqyasını diqqətə çatdıran Prezident İlham Əliyev onu da əlavə edib ki, bunlara baxmayaraq Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Sülh danışıqları üçün 5 əsas prinsip irəli sürən Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Ermənilərin işğal altında saxladıqları ərazilərə basdırqdıqları bir milyondan artıq minaların təmizlənməsi prosesi davam edir. 2020-ci ilin noyabr ayında başa çatan Vətən müharibəsindən sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə beynəlxalq hava limanı inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni görkəmdə şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasının başlıca məqsəd olduğu ölkəmizdə yenidənqurma prosesini sürətləndirməkdə məqsəd və hədəf keyfiyyət və sürəti birləşdirmək, ətraf mühiti qorumaq, ekoloji təhlükəsizliyi təmin etməkdir.
Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini qiymətləndirən Prezident İlham Əliyev BMT-nin Yaşayış Məskənləri Proqramının («UN-HABITAT») icraçı direktoru xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələri qarşılıqlı əməkdaşlıq üçün faydalı addım adlandırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndindəki «Ağıllı kənd» yaşayış massivində «Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi» mövzusunda beynəlxalq konfransda da işğaldan azad edilən Azərbaycan ərazilərində ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşə-bərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verilib. Ermənistanın işğalı dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərdən bəhs edən Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, ermənilərin təbiətə vurduqları zərərlərdən olan su mənbələrinin , çayların çirkləndirilməsi, su mənbələrinin qurudulması, məcrasının dəyişdirilməsi təbiətə, fauna və floraya qarşı vəhşilik olmaqla insanların həyatı üçün də təhlükə törədir. Zəngilanın təbiətini korlayan, Bəsitçay təbiət qoruğunu məhv edən ermənilər çoxillik palıd ağaclarını da kəsmiş, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də Azərbaycana məxsus qızıl yataqlarını istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər…Oxçuçaya axıdılan tullantıların təbiətə vurduğu zərərlə bağlı beynəlxalq təşkilatlalara müraciətlər edilsə də hələ də narahatlıq doğuran vəziyyət davam etməkdədir. Prezident İlham Əliyevin «Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib» sözləri erməni vandalizminin sərhəd tanımadığının əyani izahıdır.

Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiətə vurulan ziyan, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Bildirib ki, BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətlərinin «Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi»nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsi ekoloji tarazlığın qorunması baxımından daha vacibdir. Müxtəlif beynəlxalq təşkilatların və yerli mütəxəssislərin iştirak etdikləri konfrans Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq.

Daha çox xəbərlər