Əsas səhifə 

Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət və qarşılıqlı anlaşmaya sadiqlik – Qoşulmama Hərəkatının prinsipləri

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin «Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi» mövzusuna həsr olunan Bakı konfransı təsisatın siyasi, humanitar platforma olmasının təsdiqidir

BMT Baş Assambleyasından sonra dünyanın 120 dövlətinin təmsil olunduğu ən böyük siyasi təsisat kimi böyük nüfuza malik Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunan Azərbaycan qısa müddətdə beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunması ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi. Hərəkata sədrliyi dövründə prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri üzərində quran Azərbaycan quruma sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini artırdı. Humanist təşəbbüsləri ilə diqqəti cəlb edən Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Üzv dövlətlərdən 37 gənc bu proqramdan faydalanır. Azərbaycanın Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq 40 ölkəni təmsil edən Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə gənclər siyasətinin prioritet kimi diqqətdə saxlanılmasının təzahürüdür. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında qeyd olunduğu kimi, elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdə olan Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələrdə də təmsil olunur. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunması ölkəmizə marağı daha da artırır. Zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malik respublikamız aztəminatlı ölkələrə yardımların göstərilməsində də fərqlənir. Törətdiyi fəsadlarla yadda qalan pandemiya dövründə 80-dən artıq ölkəyə humanitar yardım göstərən, «vaksin millətçiliyi»nə qarşı birgə mübarizə təşəbbüsü ilə dünya dövlətlərinəi müraciət edən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına ianə ayrılmasında da fəal iştirak etmiş, mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Dünən Heydər Əliyev Mərkəzində öz işinə başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin «Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”» mövzusuna həsr olunan və üç gün davam edəcək Bakı konfransında dünyanın 40-dan çox ölkəsini təmsil edən parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının iştirakı Hərəkatın nüfuzuna, qurumun hazırkı sədri Azərbaycana yüksək etimadın ifadəsidir. Konfransda çıxış edərək, müzakirə olunan məsələnin qlobal əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasını həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində atılan addım adlandırdı. Bildirildi ki, humanizmi əks etdirən Azərbaycanın bu təşəbbüsünün dəstəklənməsi, parlamentlərarası şəbəkənin formalaşması təkcə Hərəkata üzv ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri intensivləşdirəcək. Qeyd olunduğu kimi, Qoşulmama Hərəkatı təşkilat üzvlərinin səsinin dünyaya yayılması üçün siyasi, humanist platformadır.

«Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır» sözləri ilə qurumun xətti ilə institusional inkişaf istiqamətində daha çox addımların atılmasını ölkələr arasında həmrəyliyin gücləndirilməsinə dəstək adlandıran Prezident İlham Əliyev bildirmişdir ki, Hərəkata qoşulduğu ilk günlərdən təşəbbüsləri ilə diqqəti cəlb edən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin axırına kimi uzadılması islahatçı dövlət kimi tanınan, iqtisadi, siyasi qüdrəti ilə seçilən, diplomatik uğurları dəstəklənən ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadın, inamın təzahürü, Prezident İlham Əliyevin sədrlik fəaliyyətinin yüksək qiymətləndirilməsinin məntiqi nəticəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətinə təsadüf edən COVID-19 ilə mübarizədə tolerant ölkə kimi təkcə ölkə daxilində deyil, beynəlxalq arenada bu xəstəliklə mübarizədə fəallıq göstərən, multikultural dəyərlərə sadiqliyini başqa ölkələrə yardımları ilə bildirən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi xeyirxahlıq nümunəsi kimi beynəlxalq səviyyədə dəstəkləndi. «Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu» söyləməklə 80-dən çox ölkəyə maliyyə və humanitar yardımın göstərilməsini xatırladan dövlət başçımız qeyd etdi ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı 10 milyon ABŞ dolları məbləğində ianənin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə verilmişdir.

Pandemiyanın təhlükəli vəziyyət aldığı çətin günlərdə «peyvənd millətçiliyi»nə qarşı etirazını açıq şəkildə bildirən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi də vaksinlərin bölünməsində ayrı-seçkilik hallarını tənqid etmişdir: «Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim «peyvənd millətçiliyi»nə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.»

Dünya siyasətinin aktual mövzuları ilə bağlı ədalətli mövqeyini bildirən Azərbaycan Hərəkatın üzvü və sədri kimi beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizədə də fəal olmuşdur.
Ermənistanın 30 il işğal altında saxladığı ərazilərinin azad edilməsi zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs etməklə xalqımızın öz gücünə ədaləti bərpa etməsini beynəlxalq hüququn təminatı adlandıran dövlət başçımız illərdən bəri təcavüzkarı dəstəkləyən, işğalçıya havadarlıq edən bəzi ölkələlərin təxribat, qarayaxma, böhtan və şantaj kampaniyasını ikili standartlardan qaynaqlanan ədalətsizlik adlandırdı.

«Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq» sözləri ilə hər zaman Azərbaycanın yanında olan Qoşulmama Hərəkatı üzvlərinin humanizm prinsiplərinə sadiqliyini yüksək dəyərləndirdi. Eyni zamanda 30 il işğal altında olan ərazilərimizdə törətdilən vəhşilikləri, milli-mənəvi dəyərlərimizə vurulan ziyanları, hərbi cinayətləri, ekoloji terrorları, dini abidələrimizə qarşı edilən təhqirləri erməni faşizminin təzahürü kimi diqqətə çatdırdı. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların 30 ildə erməni vandallarının törətdikləri cinayətlərə göz yummasını separatizmə dəstək adlandıran dövlət başçımız haqlı olaraq Minsk qrupunu təsis etməklə artıq tarixə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin əbədi olmasını istəyənlərə iradlarını da çatdırdı: «Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.»

Amma zamanın hökmünü Vətən müharibəsi nəticəsində gücü, qüdrəti ilə bildirən, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan ərazilərini 44 gün ərzində azad etdi. Fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaq olan Minsk qrupunun bacara bilmədiyi «ədaləti» Azərbaycan öz gücü ilə bərpa etdi. Bununla da təkcə regional deyil, qlobal məsələ olan beynəlxalq hüququn təməl prinsipləri, BMT Təhlükəsizlik Şurasının illərdən bəri həllini gözləyən qətnamələri həll olundu. Qoşulmama Hərəkatının bir çox üzvünün oxşar tarix və problemlərə malik olmasını, ədalətsizliklə üzləşməsini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, qlobal problemlərin həllində, milli maraqlarının müdafiəsində yardıma ehtiyacı olanlara Azərbaycan öz təcrübəsi ilə dəstək ola bilər. Tarixi hadisələr də göstərdi ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəlib. Qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin, proqnozlaşdırıla bilinməyən vəziyyətlərin, ərzaq, enerji və humanitar böhranların mövcud olduğu dünyamızda Qoşulmama Hərəkatı təkcə ölkələrin maraqlarının müdafiəsi, bir-birini dəstəkləmək təşkilatı deyil, beynəlxalq arenada daha fəal rol oynayan platforma olduğunu fəaliyyəti ilə təsdiqlədi.

Daha çox xəbərlər