Soydaşlarımız vahid amal uğrunda təşkilatlanır
Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 20 il ötür
Azərbaycanın müstəqilliyini bərpasının ilk illərində hakimiyyətdə olan şəxslərin bilavasitə səriştəsizliyinə görə xarici siyasətin, beynəlxalq münasibətlərin vacib elementlərindən sayılan diaspor quruculuğuna diqqət yetirilməmişdi. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi istiqamətində heç bir addım atılmamışdı. 1991-1993-cü illərdə Qarabağda cərəyan edən faciələr, Xocalı soyqırımı dünya ictimaiyyətinə öz çılpaqlığı, yaşanılmış dəhşəti, insanlığa sığmayan halı ilə çatdırılmadı. Biz həmin illərdə istər ideoloji-siyasi, istərsə də təbliğat kompaniyaları baxımından Ermənistana məğlub olduq. Təəssüf ki, o vaxtlar çoxmilyonlu dünya azərbaycanlıları vahid məqsəd, amal ətrafında təşkilatlanmamışdı. Ölkənin informasiya blokadasında olması, Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir əhəmiyyətli işin görülməməsi xarici siyasətdə problemlər yaradırdı.
Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya, milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların potensialının milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Lakin qeyd edək ki, ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən bir neçə il əvvəl, 1991-ci il dekabrın 16-da imzalanan “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərarla atılmışdı.
Bu düşünülmüş siyasətin təməli isə uzun illər əvvəldən qoyulmuşdu. Belə ki, ulu öndər Heydər Əliyevin 1969–1982-ci illəri əhatə edən respublikaya birinci rəhbərliyi dövründə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. Azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə strateji töhfələr verdi. Daha sonralar Ulu Öndər bu proses haqqında bunları demişdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.
Uzaqgörən dahi siyasətçi, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Dünya Azərbaycanlılarının ilk qurultayı “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdi. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultaydakı geniş nitqində ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin, həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurətindən, həmçinin Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söylədi. Noyabrın 10-da işini başa vuran qurultay Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi, qurultay nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti, qurultay iştirakçılarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti, Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti adlı sənədlərini qəbul etdi.
Dünya Azərbaycanlılarının II Qurultayı “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirildi. Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi. Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirdi.
Hər 5 ildən bir paytaxt Bakı dünya azərbaycanlılarının qurultaylarına ev sahibliyi edərək 50 milyondan artıq soydaşımızın Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, genişmiqyaslı addımların atılması istiqamətində mərkəz rolunu oynadı. Göründüyü kimi, uzun illər davam edən məqsədyönlü, düşünülmüş siyasətin nəticəsində bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas qayədir.
Məhz düşünülmüş siyasətin həyata keçirilməsində müstəsna fəaliyyəti olan qurumlardan biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fond erməni işğalına etiraz edilməsi və bu istiqamətdə məlumatlandırma tədbirləri çərçivəsində dünyanın bir çox şəhərlərində nümayişlər keçirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” adlı kompaniya ilə erməni vəhşiliyini dünyaya tanıdıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” adlı Azərbaycan məktəblərinin təsis olunması aparılan siyasətin parlaq təzahürlərindəndir. Qeyd edək ki, sözügedən həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bundan başqa 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.
Bu gün Azərbaycan diasporu böyük gücə malikdir. Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bu sahədə qurulmuş vahid siyasətin nəticəsidir.
Ən vacib məqamlardan biri isə odur ki, bu il aprelin 22-23-də Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada keçirildi. Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayı idi. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı araya gətirən Qurultay həm də böyük rəmzi məna daşıyırdı. Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev bəyan etdi ki, Zəfər Qurultayı dünyada yaşayan hər bir azərbaycanlı üçün qürurverici hadisədir: “Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr – hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər, bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik.”
Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi.

