Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir
2016-cı ilin 15 iyulunda qardaş ölkədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdini ilk qınayan, etiraz səsini ucaldan Azərbaycan dövləti, xalqı oldu
Müasir dövrümüz üçün xarakterik olan və tarixi köklərdən qaynaqlanan Prezident İlham Əliyevin « Dünya miqyasında Türkiyə və Azərbaycan qədər biri-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil» sözləri təkcə hər iki qardaş ölkə xalqlarının deyil, bütün türk dünyasının birlik və həmrəylik rəmzi kimi qiymətləndirilir.
Türk dünyasının birliyi yolunda inamlı addımlar ataraq oxşar mental dəyərlərə, tarixə, eyni kökə malik xalqların yaxınlaşmasında aparıcı rolunu davam etdirən Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini təsdiqləyən tarixi faktlar çox olsa da onlardan bəzilərini xatırlatmaqla əsrlərin sınağından çıxmış bu əlaqələrin sarsılmazlığına əminlik yaranması labüddür. Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün «Azərbaycan gülərsə biz də güləriz, Azərbaycan üzülərsə biz də üzüləriz» deyimi, ulu öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlət» aforizmi hər iki ölkənin xalqları tərəfindən müdriklik rəmzinə çevrilib. Türkiyə-Azərbaycan qardaşlığının tarixi anlarını yaşadan Sarıqamış savaşındə, Çanaqqala döyüşündə şad günlərdə bir olan ərənlər çətin məqamlarda da bir olmuş, düşmənə qarşı birgə mübarizə aparmışlar. Türkiyə Cümhuriyyətinin yarandığı illərdə maddi çətinliklə üzləşən qardaş ölkənin rəsmiləri kömək üçün görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanova müraciət edərək borc istədikləri zaman onun cavabı belə olur: «Qardaş qardaşa borc verməz, əl tutar!» Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyası ilə Rusiya imperiyası arasındakı döyüşlərdə, Sarıqamış savaşında ruslar tərəfindən əsir götürülən, «cəhənnəm adası» adlandırılan Nargində saxlanılan türk əsgərlərinə həkim kimi baş çəkən Nəriman Nərimanov onların əzab-əziyyətlərini ürək ağrısı ilə dilə gətirirdi. 1918-ci ildə Azərbaycanın bütün ərazilərində soyqırımlar törədən erməni –bolşevik birləşmələrinin qarşısını alan Qafqaz İslam Ordusunun fədakarlığını xalqımız qardaş köməyi, vəfa borcu kimi hər zaman qiymətləndirir.
Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla sərhədlərini bağlayan, artıq tarixin arxivinə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı danışıqlarda, aparılan müzakirələrdə Azərbaycanla eyni mövqedən çıxış edərək ərazi bütövlüyümüzün toxunulmazlığını təkcə sözlə deyil, əməli işi ilə də təsdiqləyən Türkiyə həqiqi mənada göstərdi ki, hər iki xalq arasındakı bağlılıq sarsılmazdır. Praqada keçirilən «Şərq tərəfdaşlığı» Proqramının beş illiyinə həsr olunmuş Sammitdə Türkiyənin ünvanına deyilən yalanları « Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır. Çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm» sözləri ilə təkzib edən Prezident İlham Əliyev hər iki qardaş ölkəni birləşdirən siyasi, mənəvi, diplomatik münasibətlərin eyni mənbədən qaynaqlandığını dünya ictimaiyyətinə qətiyyətlə bəyan etdi. Bu qardaşlığı Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi regionunda Türkiyənin mövqeyini dəstəkləməklə bildirən Prezident İlham Əliyevin «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözlərinin Türkiyədə qardaş münasibəti kimi sevinclə qarşılanması birliyimizin sarsılmazlıq nümunəsi idi.
2016-cı ilin 15 iyulunda Türkiyədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdini ilk qınayan, etiraz səsini ucaldan da Azərbaycan dövləti, xalqı oldu. Türkiyə Silahlı Qüvvələrinin tərkibində özünü «Yurtda Sülh Konseyi»” adlandıran FETOçu xainlərin əvvəlcədən hazırladıqları plana əsasən, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpüsü xalqına və dövlət tərəfindən verilən rütbələrinə xəyanət edən hərbi mundirli satqınlar tərəfindən nəzarətə götürüldü. Ankarada Prezident sarayı kompleksinin, Türkiyə Böyük Millət Məclisinin, Nazirlər Kabinetinin, Milli İstihbarat Təşkilatı və digər inzibati binaların qiyamçılar tərəfindən atəşə tutulması nəticəsində dövlətə xeyli maddi ziyan vuruldu, insanlar mənəvi sarsıntılarla üzləşdilər. Silahlı müdaxilə ilə davam edən qiyam zamanı bir neçə televiziya kanalları, dövlət orqanlarının yerləşdiyi inzibati binalar dağıdıldı. Hadisə baş verən zaman Muğlada olan, «Türkiyə bu cür qiyamlarla ucuz satılacaq ölkə deyil» sözləri ilə xalqa müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğanın xalqı qiyama qarşı birgə mübarizəyə çağırışı ilə milyonlarla Vətən fədaisi birlik nümayiş etdirdi, meydanlara toplaşan insanların iqtidara olan inamı, sədaqəti, etimadı, həmrəyliyi ilə xəyanətin qarşısı alındı. Ölkənin bütün bölgələrində, ən iri şəhərlərində xainlərə qarşı etiraz aksiyaları keçirildi. İyulun 16-sı səhər saatlarında hərbi çevriliş cəhdinin qarşısı alındı və xəyanətkar dəstənin üzvləri təslim oldular. FETO terror təşkilatının törətdiyi dövlət çevrilişinə cəhd hadisələrində 251 nəfər şəhid oldu, 2196 nəfər isə yaralandı. Prezidentləri Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşən türk xalqı bu terror təşkilatının düşmənçilik niyyətlərinin qarşısını birliyi ilə aldı. Azərbaycan dövləti və xalqı hadisənin ilk anlarından dövlət əleyhinə qiyamı böyük narahatlıqla izlədi, qəhrəman türk xalqına dəstəyini ifadə etdi. İstanbulun Atatürk Hava Limanında baş verən və kütləvi insan qırğını ilə nəticələnən terrordan sonra təşkil olunan hərbi qiyam bir daha göstərdi ki, regionda nüfuzu artan, siyasi sabitliyin qorunmasına töhfələr verən Türkiyənin qüdrətindən təşvişə düşənlər ən çirkin vasitələrə əl atsalar belə niyyətlərinə çata bilməyəcəklər. Dahi öndər Mustafa Kamal Atatürkün «Türk əsarət qəbul etməyən bir millətdir. Türk milləti əsir olmamışdır» sözlərini dövlətə inamı ilə göstərən xalq ən qüdrətli silahdan da güclü birliyi ilə xəyanətkarlara tarixi dərs verdi. Hadisələr zamanı şəhid olanların adları artıq əbədiləşdirilib. İstanbulda onların fotolarından ibarət Xatirə lövhəsi təşkil olunub, abidə ucaldılıb. «15 İyul Şəhidlər Körpüsü» açılıb.
Yaxın tarixə nəzər salanda, ötən illərdə Türkiyədə baş verənləri xatırlayanda bir məqam etiraf olunur. Dünyada , regionda iqtisadi qüdrəti artan, beynəlxalq aləmdə güc mərkəzi kimi sözünü qətiyyətlə söyləyən Türkiyənin mövqeyindən ehtiyatlanan xarici və daxili qüvvələrin, «Gezipark»da, Taksim meydanında keçirilən aksiyaları «ictimaiyyətin etirazı» kimi qələmə verənlərin növbəti cəhdi də baş tutmadı. Hərbi qiyam bir daha göstərdi ki, regionda nüfuzu artan, siyasi sabitliyin qorunmasına çalışan Türkiyənin qüdrətindən təşvişə düşənlər ən çirkin vasitələrə əl atsalar belə xalqın gücü qarşısında üzləşdikləri məğlubiyyətləri ilə barışmalıdırlar. Həmin günlərdə baş verən hərbi çevriliş cəhdini pisləyən, hər zaman qardaş Türkiyənin yanında olduğunu həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubunda bildirən dövlət başçımız İlham Əliyev hadisələri böyük narahatlıqla izlədiyini bəyan etməklə, qiyamın qarşısının alınmasında şəhid olanların ailələrinə başsağlığı vermişdir: « Həmişə türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyəti birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.»
Əslində 15 iyul hadisələri Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının tərəfdarı olan Türkiyənin sülhyaratma missiyasına əngəl törətmək naminə planlaşdırılan xəyanət idi. Pensilvaniyada məskunlaşmaqla hadisələri idarə edən Fətullah Gülənin «camaatı» Türkiyənin qüdrətli dövlətlərlə münasibətlərinə, dünyanın enerji bazarında möhkəmlənən mövqeyinə və roluna qısqanclıqlarını qiyamla bildirdilər. Lakin eyni mərkəzdən idarə olunan daxili və xarici qüvvələr, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə güclənən nüfuzuna həsəd aparanlar türk xalqının gücü qarşısında məğlub oldular. Qardaş ölkəyə qarşı düşmən mövqedə olan qüvvələrin planlaşdırılmış şəkildə hazırladığı belə aksiyalar, terrorlar iqtidarda olan partiyaya qarşı aparılan təxribatlar, qərəzli siyasət mənfur niyyətlərdən qaynaqlanır. Belə qüdrətli ölkənin daxili işlərinə müdaxiləyə təbii ki, yol verilə bilməzdi. Xarici qüvvələr tərəfindən idarə olunan, mövcud iqtidara qarşı mənfi imic formalaşdırmaq niyyətindən qaynaqlanan bu qiyam ölkə vətəndaşlarının Türkiyə iqtidarına inamı əks etdirən ictimai rəyi üstələyə bilmədi. Beynəlxalq ictimaiyyət də xalqın iradəsi ilə seçilmiş iqtidarı dəstəkləyərək hərbi yolla dövlət çevrilişlərini pislədilər. Dünya liderləri birmənalı olaraq Türkiyənin hazırkı iqtidarını dəstəklədiklərini rəsmi bəyan etdilər.
Bu reallığı «Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir…Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik» sözləri ilə ifadə edən dövlət başçımız İlham Əliyev qətiyyətlə bildirir ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadırlar.
Bu səmimi qardaşlıq münasibətini 15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə, mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məqbul hesab etməyən Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə qardaş münasibətini qısa və qəti sözlərilə ifadə etmişdir : « Azərbaycan bizim ailəmizin üzvüdür.» Hər iki xalq arasındakı dostluğun sarsılmazlığını «Türkiyə ilə Azərbaycan tək ürəkdir» sözləri ilə ifadə edən Türkiyə Prezidentinin səmimiyyətinə Azərbaycan xalqı qardaş ölkə ilə həmrəyliyini bu sözlərlə bildirir: « Biz birlikdə güclüyük», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir.»
«Dünyada güc mərkəzinə çevrilən Türkiyə nə qədər qüdrətli olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir» deyimi həyatda öz əksini tapıb. Bu baxımdan xəyanətkar planların « müəllifləri» unudurdular ki, Türkiyə və Azərbaycanda təxribatlar törətməklə iki qardaşın birliyinə xələl gətirməyə çalışsalar da buna nail ola bilməyəcəklər. «Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər» söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi. Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın yenilməzlik rəmzi olan üçrəngli və ay -ulduzlu qırmızı bayraqların qüdrəti, insanların qəlbində alınmaz qala kimi getdikcə möhkəmlənən birlik və həmrəyliyin gücü ilə alındı və alınacaq. M. K. Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözləri türk millətinin məğlubedilməzliyinin təsdiqlənmiş hikmətidir. İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında, Füzuli, Artvin-Rizə Beynəlxalq Hava limanlarının açılışlarında, «TEKNOFEST Azərbaycan» festivalında Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın qoşa dayanmasından təşvişə düşənlər bu gücün güdrətini heç zaman unutmamalıdırlar. Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması mərasimində isti münasibətləri təsdiqləyən hər iki dövlətin başçılarının çıxışları əlamətdar hadisə kimi tarixə yazıldı. «Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi o deməkdir ki, hər iki dövləti dəmir yolu , avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, bu dəhliz əməli işlərlə yaradılır. «Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyası daha da genişləndiriləcək: «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir…Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.» Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xeyir-duaları ilə möhkəmlənən bu güc ümumi düşmənlərimizin qarşısında alınmaz qala, keçilməz sədd, canlı sipərdir.

