Gündəm 

Səngimək bilməyən erməni vandalizmi

İrəvandakı tarixi Təpəbaşı məhəlləsi UNESCO-nun missiyasının gedəcəyi ünvanlardan biri olmalıdır

Bu danılmaz faktdır ki, 30 ilə yaxın zaman kəsiyində əzəli torpaqlarımız olan Qarabağın Ermənistanın işğalına məruz qalması nəticəsində mədəniyyət abidələrimiz yerlə-yeksan edilib. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqlərin ilkin nəticələrinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Monitorinqin nəticələri göstərir ki, bu abidələrin 95 faizi dağıdılıb. Təbii ki ermənilər tərəfindən atılan bu insanlığa sığmayan əməllərin kökündə Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsini məhv etmək məqsədi dayanıb.

Tolerant ölkə kimi daim seçilən, multikultural dəyərlərə həmişə hörmətlə yanaşan Azərbaycanda kilsələr, sineqoqlar qorunub saxlanılır, təmir edilir. Ermənilər isə tarixi Azərbaycan torpaqlarında İslam mədəniyyətinə məxsus abidələri tamamilə dağıdıb və ya erməniləşdiriblər. Onlar müsəlman aləminin müqəddəs hesab etdiyi məscidlərdə mal-qara saxlayıblar. Qarabağda ermənilər tərəfindən dağıdılmış, talan edilmiş muzeylər, məscidlər, abidələr təkcə Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumən bəşər mədəniyyətinə qarşı həyata keçirilmiş vandalizm aktıdır.Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarında, xarici KİV-lərə müsahibələrində dəfələrlə vurğulayıb ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir.

Diqqəti digər bir məsələyə də yönəltmək istərdik. Belə ki, tarixdə ilk erməni dövləti 1918-ci il mayın 28-də bizim əzəli yurd yerlərimiz olan İrəvan xanlığının ərazisində yaradılmışdır. Yəni, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan şəhərindəki, eləcə də ətraf ərazilərdəki yaşayış məntəqələrinin, məhəllələrin, küçələrin, dağların, göllərin, bulaqların və s. böyük əksəriyyətinin adlarının Azərbaycan türkcəsində olması da bu faktı təsdiqləyir.

Xain xislətli ermənilər XIX əsrin əvvəllərində köçürüldükləri indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında da tarixi saxtalaşdırmaqla məşğuldurlar. Bir müddət öncə 102 nəfər Azərbaycanın elm və ictimai xadimi Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanladılar. Sözügedən müraciətdə bildirilir ki, hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır: “Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Bu gün Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır”.

Həmçinin müraciətdə qeyd olunur ki, 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Demək bu illər ərzində Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilib. Müraciətdə xahiş olunur ki, Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də UNESCO-nun missiyasının gedəcəyi ünvanlardan biri olsun.

Tarixçilərimizin ərsəyə gətirdikləri “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmada qeyd olunub ki, Təpəbaşı qədim İrəvan şəhərinin üç hissəsindən biridir. Hazırda İrəvan şəhərinin tarixi hissəsində yeganə tarixi şəhər strukturu məhz bu yerdə qalmaqdadır. XVII əsrdən mövcud olan bu hissə zaman ərzində tədricən adını, ölçüsünü, coğrafi mövqeyini, fiziki sərhədlərini, etno-dini kimliyini və demoqrafik xüsusiyyətlərini dəyişmişdir.

Yerli tədqiqatçılarımız sübut edirlər ki, həm İrəvanın XX əsrin 30-cu illərində yenidən qurulması, həm də Ermənistan respublikası dövründə Təpəbaşı hissəsi erməni ideologiyasının başağrısına çevrilib. Erməni milli ideologiyası şəhər içərisində ayrıca bir şəhər, Azərbaycan şəhəri olmuş İrəvandan yeganə nümunələri özündə saxlayan bu parçanı yox edə bilmir. Artıq 17 ildir ki, Ermənistanda “Köhnə İrəvan” adlı layihə üzərində iş getməkdədir. Layihənin rəhbəri Levon Vardanyandır. Lakin hələ bu layihə sona çatdırıla bilmir.

Təpəbaşı hazırda İrəvan şəhərinin mərkəzindəki Kentron adlı inzibati rayonda yerləşir. O özündə qədim İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədər gedən tarixi yolun yeganə şahididir. Ermənilər Təpəbaşını “Kond” adlandırırlar. Bu söz tərcümədə hündür təpə mənasını verir.

İstər Qarabağda həyata keçirilən vandalizm aktı, istərsə də İrəvan şəhərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət nümunələrinin yox edilməsi cəhdinin səbəbi hər kəsə məlumdur. “Böyük Ermənistan” qurmaq xülyası onları hər vəhşiliyə əl atmağa vadar edib və bu çirkin əməllər hələ də davam edir.

Daha çox xəbərlər