Lider qətiyyəti və zamanın hökmü: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Zəngilanı Qərbi Zəngəzurla, Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirəcək dəhliz xalqımızın Zəngəzur «nisgilinə» də son qoyacaq
2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda qeyd olunan «Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası» ilə bağlı bənd tarixi nailiyyətimiz olmaqla Prezident İlham Əliyevin qətiyyətini əks etdirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsini işğalçı Ermənistan üzərində qazandığı Zəfərlə başa vuran Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların əsasında da türk birliyini təmin edəcək Zəngəzur dəhlizinin bərpası dayanır. Hazırda Zəngəzur dəhlizinin bərpası ilə bağlı işlərin sürətlənməsi, dəmir və avtomobil yollarının çəkilişinin beynəlxalq səviyyədə, xüsusilə Avropa İttifaqı tərəfindən dəstəklənməsi Azərbaycanın diplomatik uğurlarının məntiqi nəticəsidir. Qədim Azərbaycan torpağı olan Zəngəzur iqtisadi zonası kimi dəhlizi də Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya, Avropa ilə birləşdirəcək, türk dünyasının mərkəzi rolunu oynayacaq.
Qlobal səviyyədə kommunikasiyaların açılmasının başlıca amili olan Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. «Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir» sözləri ilə dəhlizin bərpası ilə bağlı Ermənistanın tərəddüdlərinin heç bir fayda verməyəcəyini bildirən Prezident İlham Əliyevin sözləri işğalçı ölkədə isterika, təlaş yaradır.
Dəhlizlə bağlı işçi qrupu çərçivəsində aparılan danışıqlar da göstərir ki, nəticə bütün tərəflər üçün məqbuldur və nəzərdə tutulan səviyyədə, coğrafiyada və parametrlərə uyğun həyata keçiriləcək. Artıq beynəlxalq müstəvidə də təsbit edilən bu dəhliz yaxın iki il ərzində tam istismara veriləcək. Xalqımızın milli, tarixi ənənələrini yaşadan və gələcək maraqlarımızı təmin edəcək dəhlizinin bərpası ilə Zəngəzur «nisgilinə» son qoyulacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də, istəməsə də tarixi nailiyyətimiz olan və böyük əhəmiyyət daşıyan dəhliz bərpa olunacaq.
Ötən il Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Ordubad rayonunun dəmir yol stansiyasında yaradılan şəraitlə tanış olan, Azərbaycan Televiziyasına müsahibəsində burada olmağının məqsədini açıqlayan Prezident İlham Əliyev bildirmişdir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsində bu stansiya böyük əhəmiyyətə malikdir: « Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.»
Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın qazandığı tarixi nailiyyət olacaq.
Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsində də Zəngəzur dəhlizinin bərpasının vacibliyi xüsusi bəndlə qeyd olunub. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, Zəngəzur dəhlizinin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi göstərilir: «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.»
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir» sözlərində bu dəhlizdən istifadə edəcək bütün dövlətlərin mənafeləri əks olunub.
Əsas odur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi haqqında nəinki danışır, artıq bərpa işlərini sürətləndirir. Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edəcək layihələrin hazırlanması isə Ermənistandan səslənən revanşist çağırışların heç bir əhəmiyyət daşımayacağını bildirir.
Bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə Prezident İlham Əliyevin «Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandum»unu imzalamaları tarixi hadisə olmaqla ölkəmizin təşəbbüsü ilə Avropanın enerji xəritəsini tamamilə dəyişən qlobal layihələrin beynəlxalq səviyyədə dəstəklənməsi idi.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanması, bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialala malik respublikamızın təşəbbüslərinin Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilməsi Zəngəzur iqtisadi zonasına, eyni adlı dəhlizin inşasına sərmayə qoyuluşunu da artıracaq.
“Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir» sözləri ilə tərəflər arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlərin davam etdiriləcəyini səmərəli əməkdaşlıq adlandıran Prezident İlham Əliyevin sözlərinə
«Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük» açıqlaması ilə tərəfdar olduğunu bildirən xanım Ursula Fon der Lyayen əminliklə bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. Bu töhfədə Şərqi Zəngəzurun da payı olacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də qeyd olunduğu kimi, dünyanın geosiyasi müstəvisində mövqeyi möhkəmlənən, hadisələrə təsir imkanları artan ölkəmizin bölgədə yaratdığı reallıqlardan da söz açılır.
Müşavirədə Avropa tərəfindən təqdim olunan yeni layihə ilə bağlı fikirlərini «Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız «Şahdəniz»” yatağıdır» sözləri ilə bildirən Prezident İlham Əliyev yaxın gələcəkdə «Abşeron»”, «Şəfəq»”, «Asiman»”, «Ümid-Babək»” və «Azəri-Çıraq-Günəşli»”nin dərin qaz adlandırılan yataqlarının istismarı ilə hasilatın daha da artacağını diqqətə çatdırır. Dövlət başçımızın «Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək» sözlərinin əsasında da Zəngəzur dəhlizinin bərpası ilə yaranacaq imkanlar nəzərdə tutulur.
Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı təkliflər paketinin hazırlanması bərpa-quruculuq işlərini bütün sahələrini əhatə edəcək. Prezident İlham Əliyevin bu günlərdə « Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin yaradılması ilə bağlı imzaladığı Fərman, «Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti, və İdarəetmə Xidmətinin Nizamnaməsi»nin təsdiqlənməsi ilə görüləcək işlərin konkret istiqamətləri aydın göstərilir. Nizamnamədə qeyd olunduğu kimi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkilini, bu qaydada tikilmiş çoxmənzilli binaların idarəedilməsi, habelə müvafiq ərazidə abadlaşdırma və mənzil- kommunal təsərrüfatı sahələrində fəaliyyəti təmin edəcək.
Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik» sözləri isə bölgədə yaranan reallıqların, bərpa-quruculuq işlərinin daha böyük coğrafi əraziləri əhatə edəcəyini təsdiqləyir.

