Gündəm 

Ulu Öndər ana dili ilə bağlı uğurlu dövlət siyasətinin təməlini qoyub

Qədim Tariximizə nəzər salsaq Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə  22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Makedoniya, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. Bu onu birdaha sübut edirki,Azərbaycan dilinin zənginliyi  dərin tarixi kökə bağlıdır.Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla, qətrə-qətrə hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. Hələ XII əsrdə təkcə Şərqə deyil, dünya ədəbiyyatına öz əvəzsiz əsərləri ilə imza atan dahi Nizami Gəncəvinin əsərlərində ana dilimizin qüdrətini, gözəlliyini duyuruq.Qılıncının hər iki tərəfi kəsən, ana dilini göylərə qaldıran şair-hökmdar Şah İsmayılın Azərbaycan dilini dövlət və poeziya dilinə çevirməsi, ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində xidmətləri əvəzsizdir. 30-cu illərdə repressiya zamanı yüzlərlə milli düşüncəli şairimiz, o cümlədən S.Hüseyn, H.Cavid, Ə.Cavad, M.Müşfiq repressiyanın qurbanına çevrildilər. Bu repressiya milli şüurumuza, düşüncə tərzimizə, millətimizə, dilimizə böyük zərbə oldu. Lakin 70 il Sovet rejiminin ağır və əzici təsiri altında olsa belə dilimiz, dilimizin saflığı uğrunda mübarizə aparan vətənpərvər sənətkarlarımızın gərgin mübarizəsi nəticəsində özünün milliliyini qoruyub saxlaya bildi. Hələ 60-cı illərdə dövlət idarələrində ana dilində danışmağın qadağan olunduğu illərdə bir sıra milli düşüncəli sənətkarlarımız öz yaradıcılıqlarında ana dili mövzusunu ana xəttə çevirdilər. M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, B.Vahabzadə kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdi. B.Vahabzadə dilimizin sıxışdırıldığı bir dövrdə bir-birinin ardınca Ana dilimizin qorunması, inkişaf etməsi haqqında şeirlər, məqalələr yazdı. Şairin “Ana dili” şeiri yaradıcılığının ən monumental əsərlərindən biridir.Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün nə qədər qiymətlidir. Bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşayır. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır.

Həsən Əliyev,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər