Gündəm 

Mina ölüm tələsidir: Təhlükəli ərazilərə daxil olmayın!

Ermənistanın mina terrorunun qurbanları artır. Bu,  işğalçı ölkənin məkrli və antihumanist siyasətidir

Mina problemi dünyada qlobal təhlükə sayılır. BMT-nin hesabatına görə, təkcə son bir ildə dünyada 7 minə yaxın insan mina partlayışlarından həlak olub və ya yaralanıb. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir.

30 illik işğal dövründə Emənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar. Təsadüfi deyildir ki, hazırda Azərbaycan bütün dünya üzrə minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. İndiyədək mülki şəxslər də daxil olmaqla 200-dən çox insan minaların partlaması nəticəsində həyatını itirib. Sözügedən rəqəmlər işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı aydın təsəvvür yaradır. Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan minalar bu gün Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında qoyur.

Təbii ki, bu cür cinayətlərin qarşısının alınması üçün  dövlətimiz tərəfindən zəruri olan bütün addımlar atılır. Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları  haqqında  verdiyi məlumata əsasən, , iyulun 18-dən dən 24-ə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 184 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 181 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Qeyd olunub ki, 953 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir. Qardaş Türkiyənin minatəmizləmə işində ölkəmizə verdiyi dəstək isə daha real və əhatəli məzmuna malikdir.

Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirən Avropa İttifaqı respublikamıza ərazilərin minalardan təmizlənməsinə dəstək verən böyük donor qismində çıxış edir. Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Əməkdaşlıq çərçivəsində respublikamıza yardım edənlər arasında, həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunu və Böyük Britaniyanı qeyd edə bilərik. ABŞ-ın Marşal İrsi İnstitutu vasitəsilə minaaxtaran itlərin alınmasına dəstək verilib. Böyük Britaniya tərəfindən isə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinə dəstək göstərilib.

Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq huma­nitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensi­yasının I saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nüma­yiş etdirir. Beynəlxalq hüquqa zidd addımlarından əl çəkməyən Ermənistana təzyiq göstərilməli, beynəlxalq ictimaiyyətin və təşkilatların sərt tənqidlərinə tuş gəlməlidir. Unutmaq olmaz ki, bu, təkcə Azərbaycanın problemi deyil, bu həm də  ümumbəşəri qorxunc reallıqdır və problemin həllinə hər kəsin qatılması vacibdir.

Ermənistanın mənfur siyasətindən əl çəkməməsi, əksinə minaları Azərbaycana qarşı təzyiq vasitəsi kimi görməsi sülh sazişinin imzalanmasının  qəsdən uzadılmasına xidmət edən bir məsələdir. Eyni zamanda, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bəzi məsələlərdə danışıqlar zamanı müsbət fikirlər söyləsə də yenə də orada ikili yanaşmalar açıq-aşkar özünü göstərib. Ermənistan tərəfi artıq 44 günlük Vətən müharibəsində hansı duruma düşdüklərini unutmamalıdırlar. Buna görə də həm mina xəritələri, həm də digər maddələrin vaxtında yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddəalar və nəzərdə tutulmuş məsələlər tez bir zamanda icra olunmalıdır. Ermənistan gecikmədən bu məsələlərin həllini həyata keçirməlidir.

Ermənistanın insanlığa zidd addımlar atması, regiona mina “əkməsi”, minalanmış ərazilərin xəritəsini tam verməməsi səbəbindən minlərlə keçmiş məcburi köçkün bu gün də öz yurdlarını ziyarət edə bilmir. Bu səbəbdən, neçə-neçə yaşlı insan öz doğma torpağını görməyərək dünyasını dəyişib. Bütün bu kimi hallar Ermənistan hakimiyyətinin antihumanist davranışı nəticəsində baş verir. Bu baxımdan, Ermənistan hökumətinin özünü  müxtəlif tribunalardan dünyanın gözünə baxa-baxa özlərini “humanist”  kimi təqdim etmək kimi cəhdləri də fiaskoya uğrayır.

Qarabağ və Şərqi Zəngəzurda təhlükəsiz həyatın təmin olunması üçün mühüm layihələr həyata keçirilir

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra Azərbaycan dövlətinin qarşısında duran əsas milli prioritet keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışıdır. Buna görə də, qələbədən dərhal sonra Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb. Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi qoyulub. İşğaldan azad edilən ərazilərimizdə infrastruktur bərpa olunur, yollar çəkilir, su-elektrik stansiyaları tikilir, beynəlxalq hava limanlarının təməlləri qoyulur, istifadəyə verilir, “ağıllı” şəhər, kənd və kənd təsərrüfatı layihələri qurulur,  “yaşıl enerji”  və  “sıfır tullantı” konsepsiyaları tətbiq olunur.  İşğalçı Ermənistan tərəfindən barbarlıqla dağıdılan, məhv edilən tarixi, mədəni, dini irsimiz bərpa olunur. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı tikildi, Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş şəhərlərin baş planları hazırlanır və təsdiq olunur. Qarabağ bölgəsi sənaye mərkəzinə çevriləcək, Ağdamda tamamilə yeni şəhər inşa ediləcək. Zəngilan isə park şəhərinə çevriləcək. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi irimiqyaslı tikinti və bərpa işləri ilə paralel olaraq minatəmizləmə ilə bağlı apardığı sürətli işlər də onu deməyə əsas verir ki, dövlətimiz qarşısına qoyduğu bu hədəfi uğurla icra edir. Həm də Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi ilə bölgədə sülhün, inkişafın bərqərar olmasına töhfə verilir.

Xatırladaq ki, azad edilmiş torpaqları minalardan təmizləmək də olduqca bö­yük zəhmət tələb edən işdir. Bu gün Azərbaycan dövlətinin Ermənistanın “mina terroru” ilə mübarizəsinə dəstək vermək hər bir vətəndaşımızın borcudur. Bu işdə vətəndaşların öhdəliyi rəsmi qurumların tövsiyə və göstərişlərinə əməl etmək və həyatlarını erməni təxribatına qurban verməmək üçün qaydalara riayət etməlidir. Qarabağımıza təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə onları məsuliyyətli və sayıq olmağa çağırır. Səylərimizi birləşdirirərək, işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühiti yaradaq. Qurum bir daha mina və partlayıcı qurğuların təhlükəsi ilə bağlı vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırır. Mina gizli düşməndir. Təhlükəli ərazilərə daxil olmayın! Minalanmış ərazilər ölüm tələsidir. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur. Partlamamış hərbi sursatlar ölümcüldür. Ailənizi və yaxınlarınızı düşünün. Xəbərdaredici işarələrə əməl edin, evinizə sağlam qayıdın!

Daha çox xəbərlər