Tariximizin qanlı səhifələri: Qarabağda qırğınlar
XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın bir sıra bölgələrində (Bakıda, Gəncədə, Naxçıvanda, Qazaxda və s.) olduğu kimi, Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir. Ermənilərin əsas məqsədi Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək idi. Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70 faizini, ermənilər 16,6 faizini, kürdlər 12,7 faizini, tatlar isə 0,7 faizini təşkil etmişdilər. Rusiyanın bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Ermənilər öz çirkin niyyətlərini ilk dəfə 1905-1906-cı illərdə açıq biruzə verməyə başladılar. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı. M.S.Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrli belə təsvir edirdi: 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbalayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər. 16 avqust 1905-ci ildə ermənilər Şuşada hücuma başlayırlar. İsmail Özçelik “Karabağ tarihi ve Karabağda ermeni olayları” əsərində ermənilər tərəfindən Şuşada 16-20 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin, erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqınlar etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır.
16-21 avqust 1905-ci ildə daşnak terrorçuları tərəfindən təkcə Şuşa şəhərində 60 nəfər Azərbaycan türkü qətlə yetirilir. Köçərli, Xəlfəli məhəllələrində 18 ev yandırılır. Kişilərin başlarını kəsir, qadınların qarınlarını yarır, qocalara, uşaqlara aman vermirlər. 21-26 avqust 1905-ci il daşnak terrorçuları Şuşa qəzasında ikinci dəfə türk qətliamına başlayırlar. Dörd kənd yerlə-yeksan edilir. Dinc, əliyalın əhalidən 100 nəfəri qətlə yetirirlər. 25 avqust 1905-ci ildə Cavanşir qəzasının Qaladərəsi kəndində yuva qurmuş daşnak terrorçuları Əbdürrəhman bəy Kərim bəy oğlunun köçünə basqın edirlər. Bəy qətlə yetirilir, qoyun sürüləri, 55 baş qaramalı və digər əmlakı zəbt olunur. 25 avqust 1905-ci ildə qondarma daşnak generalı Hamazasp və əlaltısı A.Mikoyanın rəhbəri olduqları terror qruplaşması Cavanşir qəzasının Çıraxlı, Kəmərli, Hacıqərvənd və Pirxud kəndlərinə basqın edirlər. Yüz nəfər Azərbaycan türkü qətlə yetirilir. Kəndlərin əhalisi yurd-yuvalarından didərgin salınır. 3 oktyabr 1905-ci ildə daşnak terrorçubaşı Hamazasp və Mikoyan öz terrorçu dəstəsi ilə Cavanşir qəzasının Sırxavənd və Əliağalı kəndinə basqın edir, əliyalın, dinc əhalini qılıncdan keçirirlər. Yırtıcılar südəmər körpələri süngülərə keçirirlər, beşikləri ilə bir yerdə odlayırlar, onları analarının qucaqlarından alıb divarlara çırparaq para-para edirlər. 4 oktyabr 1905-ci ildə daşnak terrorçuları Cavanşir qəzasının Sırxavənd kənd sakinləri Abbasqulu və İman Həsən oğlu qardaşlarını meşədə qətlə yetirib, cəsədlərini yandırırlar. 27 noyabr 1905-ci il daşnak terrorçuları Cavanşir qəzasının Dəmirli kəndinə basqın edirlər. 8 nəfər dinc sakin öldürülür, sağ qalan əhali ev-eşiyini tərk edir. 19 dekabr 1905-ci ildə Movses Qirqoryanın, Karapet Ter-Osipovun, Ambarsum Koçarovun başçılıq etdiyi daşnak terror birləşmələri Xankəndinin azərbaycanlılar yaşayan məhəllələrindən birinə basqın edirlər. Evlər, dükanlar qarət edilir, qiyməti əşyalar oğurlanır. Sonra da meyitlərə od vurulur. 26 dekabr 1905-ci ildə Abram koxanın rəhbərlik etdiyi daşnak terrorçuları Cavanşir qəzasının Umudlu kənd camaatını hiylə işlədərək mühasirəyə alırlar. Umudlu adıyla tarixə düşən qətliam törədirlər. Uşaqlı, qadınlı 300 nəfəri qətlə yetirərək meyitlərini yandırırlar. 27 dekabr 1905-ci ildə daşnak terror qrupları Şuşa qəzasının Malıbəyli kəndinə basqın edirlər. Nəcəfqulu ağanın evini yandırırlar. Kənddə qətliam törədirlər. Qadın və uşaqları tikə-tikə doğrayırlar.
1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirirlər. Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə-yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
“Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada” kitabında qeyd olunur ki, ermənilər 1905-ci ildən tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan qanlı qırğın törətdilər. Bu müharibə təkcə Yuxarı Qarabağda deyil, 6-9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan Quberniyasında, 29-25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda, Qubada və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə ölümünə səbəb olmuşdur.
Türk tarixçisi Taha Akyol “Azerbaycan Sovyetlər ve ötesi” əsərində isə erməni keşişlərinin 1906-cı ildə Şuşada olan erməni kilsələrini azərbaycanlılara qarşı əsl silah-sursat cəbbəxanalarına çevirərək, kilsələrin zirzəmilərində küllü miqdarda silah-sursat gizlətmələri barədə məlumatlar verir. Allah evindən öz çirkin niyyətləri üçün istifadə etdiklərinə görə o zamankı şəhər üsul idarəsi tərəfindən Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Ter Ovanesyan, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər cəzalandırılaraq Şuşadan qovulmuşdular. Bu da müsəlmanları arxayın salmaq üçün bir oyun idi. Çünki Çar Rusiyasının himayəsində olan imkanlı ermənilər 1905-1906-cı illərdə Türkiyə və İrandan muzdlu erməni döyüşçüləri gətirib Azərbaycan türklərinə qarşı vuruşdururdular. Bu haqda tarixi ədəbiyyatlarda kifayət qədər məlumatlar vardır.
Ümumiyyətlə, 1905-1906-cı illər qırğınları zamanı erməni daşnakları öz məqsədlərinə qismən nail oldular. Belə ki, bir çox yaşayış məntəqələrini ələ keçirərək orada məskunlaşdılar. Bu, əhalinin bir hissəsinin qətlə yetirilməsi, bəzilərinin isə yeni qırğınlar təhlükəsi qarşısında köçüb getmələri nəticəsində baş vermişdi. Ermənilərin məkrli niyyətlərinin daha da geniş miqyasda reallaşmasına Əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatının yaradılması mane oldu. 1905-ci ilin axırları 1906-cı ilin əvvəllərində təşkilat erməni silahlı dəstələrinin qarşısını ala bildi. Lakin bu, müvəqqəti hal idi. Xarici havadarlarına arxalanan və onlardan kömək alan təxribatçı ermənilər geri çəkilərək özlərini gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, terrorçu dəstələrini geniş miqyasda silahlandırmağa, yeni hücumlar hazırlamağa başladılar. 1918-ci ildə erməni quldurlarının Azərbaycanın əksər ərazilərində, o cümlədən Qubada törətdikləri qırğınlar, misli görünməmiş vəhşiliklər daşnak-bolşevik ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi.

