Nədir yediyimiz?
Qidaların təhlükəsizliyi aktual problemə çevrilməkdədir
İllər ötdükcə qidalarımızın təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Qida təhlükəsizliyi dedikdə qida məhsullarının istehlak edildiyi zaman onun insan sağlamlığına mənfi təsirini tamamilə istisna edən vəziyyət başa düşülür. Əksər ölkələrdə yaşayan insanlar tərəvəzlərdəki nitratların və ağır metalların miqdarından, qəbuledilməz GMO-lardan, eləcə də digər bu kimi zərərli maddələrdən şikayətçidirlər. Satışa çıxarılan bu qəbildən olan qida məhsullarının arzuolunmaz fəsadları da kifayət qədər ciddi olur. İstehlak olunan məhsulun gözlə dəyərləndirilməsi təbii ki, yetərli deyil. Yalnız hərtərəfli laboratoriya testi məhsullarda zərərli maddələri aşkar edə və sonuncunun təhlükəsizliyini təsdiqləyə bilər.
Qədim yunan filosofu Hippokrat hesab edirdi ki, insan xəstəlikləri onun qida rejiminin, vərdişlərinin və həyat tərzinin pozulmasının nəticəsidir. Həqiqətən də insanın yemək üçün istehlak etdiyi şey onun sağlamlığına, ümumi rifahına və əhvalına təsir edə bilər. Düzgün qidalanma olmadan bir insanın ahəngdar inkişafı və faktiki mövcudluğu mümkün deyil.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, beynəlxalq istehlakçı təşkilatı – Consumers İnternational Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynov hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması ümumbəşəri problemdir və bu problem ölkəmizdən də yan keçməyib. Həmsöhbətimiz bildirdi ki, dünyada bazar münasibətləri, bazar iqtisadiyyatı inkişaf etdikcə bu sahədə mürəkkəbləşmələr baş verir: “Çox yaxşı haldır ki, Azərbaycan 14 ildən artıqdır Ümumdünya Ticarət Təşkilatının (ÜTT) çağırışlarına əhəmiyyət vermir. Çünki ÜTT-yə daxil olan ölkələrin bazarında daha çox təhlükəli qidalar olur. Lakin bununla belə Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunub. Kənar ölkələrdən Azərbaycana hər növ qida məhsulu gətirilir. Ölkəmizdə də hər cür qida istehsal olunur. Təsadüfi deyil ki, qida təhlükəsizliyini təmin etmək üçün Prezident İlham Əliyevin Fərmanı ilə çox əhəmiyyətli dövlət orqanı olan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Bundan əlavə, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət strategiyası mövcuddur”.
E.Hüseynov qeyd etdi ki, Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı son dərəcə yaxşı, münbit şəraitdən bəzən sui-istifadə edənlər də olur. Ekspert fikrini belə əsalandırdı ki, xarici ölkələrdən Azərbaycana arzuolunmayan qidalar daxil olur: “Məsələn, kütləvi informasiya vasitələrində reklam olunan kiloqramı 4-5 manat olan sosislər, kolbasalar görürük. Hər gün mənə istehlakçılardan çoxlu sayda zənglər gəlir. Ən məşhur texnoloqlarla söhbət etmişəm. Onlar deyirlər ki, biz bilmirik bu qidaları necə, nədən hazırlamaq olar? Hətta heyvanın dərisindən hazırlasan belə o qiymətə başa gəlməz. Sual olunur: bu təhlükəli qidadırmı? Cavab isə bilinmir. Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinə fikir versək görərik ki, orada qidanın təhlükəsizliyinin təmin olunmasından bəhs edilir. Keyfiyyətə gəldikdə isə bir kəlmə də olsun toxunulmayıb. Demək olar ki, keyfiyyət məsələsi masanın üzərində qalıb”.
“İstehlakçıya həm təhlükəsiz, həm də keyfiyyətli qida lazımdır. Qida təhlükəsiz ola bilər, lakin keyfiyyətli olmaya da bilər. Keyfiyyətli qida isə təhlükəsiz olur” deyən ekspert xatırlatdı ki, 18 may 2021-ci ildə məcburi sertifikatlaşdırılan mallar siyahısı ləğv olundu: “Bir çox mallar var ki, onların təhlükəsizliyi təmin olunmalıdır. Onlar sertifikatlaşdırıldıqdan sonra bazara çıxarılmalıdır. O cümlədən qida məhsulları da bunların içərisindədir. Nazirlər Kabinetinin 343 saylı qərarından danışırıq. Bu gün əgər bir şəxs görərsə ki, təhlükəli qida satılır və hansı dövlət orqanına məlumat versə heç bir struktur onun qarşısını almaq hüququ yoxdur. Bu kimi vəziyyət istehlakçı təşkilat olaraq bizi narahat edir və düşünürük ki, qida təhlükəsizliyinin təmin olunmasında keyfiyyət də çox mühüm komponent kimi gündəmə gəlməlidir. Üstəlik təhlükəli qidanın satışa çıxarılmasının qarşısının alınması üçün cəld reaksiya mexanizmi olmalıdır. AQTA-nın Əsasnaməsində dəyişiklik aparılmalıdır. Qida təhlükəsizliyi hallarının pozulmasına cəld reaksiya verən dövlət qurumu fəaliyyət göstərməlidir. Ola bilər ki, bu Qida Təhlükəsizliyi Agentliyi və yaxud başqa bir qurum olsun. Təhlükəli qidaların geri çağırılması mexanizmi də yoxdur. Məlumdur ki, qanunla yararlılıq vaxtı keçmiş qidaların satışı qadağandır. Yararlılıq vaxtı keçmiş qidalar necə olur? Bu qidaların ünvanı haradır? Onların əksəriyyətinin son ünvanı biz istehlakçılarıq”.
E.Hüseynov istifadə müddəti bitmiş qidaların utilizasiyası məsələsinə də toxundu: “Alqoritm belədir: marketlərdə qidanın yaralılıq vaxtı keçdikdə satışdan çıxarılır. Bir yerə toplanır. Destibütora qaytarılır. Destribütor onu nə edir məlum deyil. Ona görə də istəyirik ki, vaxtı keçmiş qidalar birbaşa utilizasiya olunsun. Azad İstehlakçılar Birliyinin və Qida Təhlükəsizliyi Agentliyinin birgə iştirakı ilə 1-2 firma Sumqayıt poliqonunda bir ayda 100 tona qədər malı məhv etdi. Biz çalışırıq ki, bu firmaların təşəbbüsünə digərləri də qoşulsun. Çünki Hipokrat deyib ki, biz nə yeyiriksə oyuq. Azad İstehlakçılar Birliyi olaraq təklif edirik ki, sertifikat verən və yoxlama funksiyalarını aparan orqanlar fərqli olmalı, bir-birinə opponentlik etməlidirlər”.

