Cənnətin bu dünyada təcəssümü: Şəhid Qurban İbrahimov
İsti bir yay günü gəlişi ilə qəlblərə sanki bir sərinlik gətirmişdi Qurban. Ailədə üç oğul payının ən kiçiyi idi. Sanki ilk övlad imiş kimi sevinmişdi hamı Qurbanın gəlişinə. Təbii ki, hər bir övladın ayrı yeri, yaşanan ayrı bir sevinci, xoşbəxtliyi var. Lakin Qurban sanki qəlbinin dərinliyində ayrıca bir yeri fəth etmişdi oğul atası Namiq İbrahimovun. Atasi Qurban kişinin adını vermişdi ürək parasına. Bəlkə də buna görə qəlbinə daha yaxin hiss edirdi. İllər ötür, Qurban yavaş-yavaş böyüyür, böyüdükcə onunla bərabər ona olan sevgi, məhəbbət də böyüyürdü. Çünki Qurban daha kiçik yaşlarından dürüstlüyü, ağlı ilə hər kəsin qəlbinə yol tapıb, hamının sevimlisinə çevrilmişdi.
Ailədə Qurbandan balaca bir də bacıları dünyaya gəlmişdi. Dörd övlad payının hər birini özü kimi imanlı, əxlaqi gözəl böyütmüşdü İntizar ana. Həyatın bütün çətinliklərinə, bütün sınaqlarına birlikdə sinə gərmişdilər. Hər şey yaxşı olacaqdi… Övladlarına baxıb ürəyi dağa dönən ata bütün əziyyətlərini unudurdu yavaş-yavaş. Vətənə, millətə layiqli üç oğul böyütmüşdü mərd, qeyrətli ata. Vətən sevdalısı üç oğul…
Oğlanlarının hər birində hərbiyə maraq ön planda idi. Böyük qardaş Aftandil İbrahimov uzun müddət Dövlət Sərhəd Xidmətində çalışıb. Ortancıl qardaş Əli İbrahimov isə Müddətdən Artıq (MAXE) çavuş kimi Xüsusi Təyinatli Qüvvələrdə xidmət edib.
Bəli, gələk məqaləmizin baş qəhrəmanı, adını tarixə “Cənnət günəşi”, “Şuşa fatehi “kimi yazdıran, oğul kimi Oğul, övlad kimi övlad olan, könüllərimizin fatehi Qurban İbrahimova.
Şəhadətindən sonra hey bu ailəyə yaxinlaşmaq, Qurban haqqında ətraflı danışıb, məlumat toplamaq istəmişdim. Lakin oğul itkisindən sonra ürəyində yaranan narahatlıq səbəbindən heç cür ürəyim əl vermirdi şəhid anası İntizar ananın qaysaq bağlamış yarasını deşməyə. Nə qədər möhkəm, iradəli, güclü görünsə də qəlbindəki yara onun yarası idi. Hər Qurbanın adı çəkiləndə iliklərinə qədər hiss edərdi bu yaranın dərinliyini.
Amma danışmalı idim. Qurbanın necə bir oğul olduğunu ən incəliyinə kimi öyrənməli, onu daha böyük kütləyə tanıtmaq üçün vəzifə borcumu yerinə yetirməli idim. Çəkinə-çəkinə də olsa müraciət etdim. Qəbul etdi və beləcə canlandı Qurbanlı xatirələr İntizar ananın dilindən…
– Mənə elə gəlir ki, Qurban aramıza bir mələk olaraq enmişdi. Sakit, gülərüz, zarafatcıl təbiəti ilə tək ailədə deyil, evdən kənarda, məktəbdə, işlədiyi yerlərdə də hamının sevib, hörmət etdiyi biri idi. Fikir verirdim ki, son vaxtlar balamın üzünə sanki nur gəlmişdi. İşıqlı çöhrəsi daha da işiqlanmışdı sanki. Etdiyi yaxşılıqlardanmı idi, dininə bağlılığındanmı, yoxsa şəhidliyə hazırlıqdanmı heç cür izah edə bilmirəm. Bir dəfə də olsun bir insanın xətrinə dəyməz, evdə səsini əsla ucaltmazdi. Heç bir özəl günümüzü unutmayan diqqətçil, düşüncəli idi balam. Haramı halala qatmaz, ancaq pul qazanıb ailəyə dəstək olmaq üçün çalışardı. Halal zəhməti ilə qazandıqlarının qədrini bilər, ancaq ailəmiz üçün xərcləyərdi. Hətta Qurbanın şəhadətindən sonra öyrəndik ki, əldə etdiyi gəlirin bir miqdarı ilə imkansız bir neçə ailəyə yardım da edirmiş mənim qəlbi böyuk oglum. Evdə elə də çox danışmazdı ancaq dini ibadətlə məşğul olardi. İşdən ac-susuz, yorgun gəlməsinə baxmayaraq ilk əvvəl namazını qılar, şükrünü edərdi. Özü kimi bir neçə gənc yoldaşına da namaz qılmağı öyrətmiş, bu yolun insanı nə qədər saflaşdırdığını aşılamağa çalışmışdı. Mənə də namaz qılmağı Qurban öyrətmişdi. İndi hər gün alnımı möhürə qoyduğumda sanki nəfəsini yanımda hiss edirəm, qoxusunu duyuram. Qurban mənim sağ əlim idi. İşdən nə qədər gec gəlsə də yenə də ev, həyət işlərində əziyyət çəkdiyimi görsə buna biganə qalmazdı… Nə zaman məni qəmgin görsə, tez yanıma gəlib, xoş bir təbəssümlə könlümü alardı:
– “Ürəyini sıxma, səni saraylarda yaşadacağam ana” deyərdi.
Mənim cənnət mələyim. Kaş sən yanımızda olardın da mən nə yorğunluqdan, nə əziyyətdən hec nədən şikayət etməzdim.
Başsağlığı üçün evlərinə getmişdik. Ağladı İntizar ana:
-Nə olardı kaş, bircə dəfə üzümə ağ olardi. Kaş ondan geriyə bir qəlb qırıqlığım qalardı. Bəlkə onda bu qədər yanmazdım. Axı, bir mələk olaraq doğulan birindən necə inciyə bilərsən. Mənim cənnət qoxulu mələyim.
Atası ilə də aralarında fərqli bir bağ var idi. Qurbanı heç yanından ayırmaz, hara getsə özü ilə aparar, ustalığın sirlərini öyrədərdi. Lakin vətənpərvər balamda hərbiyə maraq daha güclü idi. Bu səbəbdən də Qurban Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xidmət etdiyi yerlərdə də həmişə sevilib, seçilib, dəyər görürdü. Dəfələrlə “Təşəkkürnamə”lər göndərmişdilər evə. Həmişə işə gedəndə sanki son dəfə gedirmiş kimi qucaqlayardı məni. Bu dəfə də qucaqlayıb öpdüm amma nədənsə içimdə bir narahatlıq var idi.
Oktyabr ayının 11-də Qurban da Naxçıvandan gedən ilk XTQ ilə birlikdə Qarabağa yollanır. İmkan düşdükcə zəng edirdi. Vaxt darlığından çox vaxt atası ilə danışırdı. Evdə narahat olmayaq deyə həmişə arxada olduqlarını deyirdi. Qurban bir müddət kəşfiyyatçı-snayper vəzifəsində xidmət etmişdi. Vəzifəsinin bu olmasına baxmayaraq bir əlində də avtomatla döyüşürmüş. Ayağından yaralansa da dörd gün yaralı ayaqla döyüşüb. Özünün tapdığı otlarla yarasını bağlayıb və döyüşə davam edib. Yaralı olmasına baxmayaraq yaralanmış döyüş yoldaşlarını çiynində döyüş meydanından çıxarırmış (şəhadətə də elə o vaxt ucalıb)
Bəli mən Qurbanın döyüş xatirələrini onun göz yaşlarına hakim ola bilməyən döyüş yoldaşlarının dilindən dinlədim. Bütün bunları dinlədikcə içimdə həm oğul fəryadı, həm də bir şəhid anasının duya biləcəyi qürur yüksəlirdi.
Son danışığı atası ilə olub. Atası sanki bilirmiş kimi oğlu ilə səs yazısını saxlayıbmış.
– “Bizim yaxşı olmağımız səndən asılıdır. Özünü qoru… (çünki yaxşı bilirdi Qurbansız həyat olmaz)
-Narahat olma ata hər şey yaxşıdı.
Qurban hələ şəhid olmamışdan onun şəklini arxasında üçrəngli Bayraqla birlikdə böyüdüb hara getsə yanında aparardı.
Xeyli müddət idi ki, Qurbandan bir səs soraq yox idi. Yerdə göydə qərar tuta bilmirdik. Pərişan halda idik. Zəfər çalınmışdı artıq, Qurbanın həsrətində olduğu Şuşa da alınmışdı. Lakin qanı bahasına bu torpaqları alan balamın nəşini götürmək bir neçə gün çəkdi.
Qərar tuta bilməyən ata bir xəbər bilmək üçün yola düşür. Günlərlə çarəsizcə oğul axtaran ata yüzlərlə cansız bədənlə, solmuş çöhrələrlə, ümidini itirmiş insanlarla qarşılaşır. Bu zaman kəsiyində ata ürəyi tamam taqətdən düşür. Dağ olsa dözməz bu dəhşətli səhnələrə.
Oğlunun şəhadət xəbərini alan ata bu ağır xəbəri həyat yoldaşına necə verə biləcəyi dərdindən günbəgün solur. Nəhayət noyabr ayinin 12 -si Namiq İbrahimov oğlunun nəşini götürə bilir. 13 noyabrda şəhid Qurban İbrahimovun nəşi yaşadığı Naxçivan Muxtar Respublikasi Kəngərli rayonunun Qabıllı kəndində son mənzilə yola salınır. Bayrağı köksünə sixan ata: “Hamı mənə başsağlı verir, mən oğlumu vətənə əmanət etmişdim. Mən də vətənə başsağlığı verirəm. BAŞIN SAĞ OLSUN VƏTƏN!!!”
30 illik vətən həsrətinə son qoyan Qurban İbrahimovun həsrətinə ata ürəyi cəmi 12 gün tab gətirə bildi. Axı o demişdi “Bizim yaxşı olmağımız səndən asılıdır. Sən yaxşi ol ki, biz də yaxşı olaq.”
Qurban öz həyatından keçdi, vətəni qorudu, həm də ən layiqli şəkildə.
Mən düşünürəm ki, vətənə, millətə layiqli övlad böyüdən ata, ananın məqamı da şəhidlik qədər ali və müqəddəsdir. İnşallah ki, cənnətdə bərabərsiniz.
Könülləri fəth edən bir fatehə döndün sən,
Hər kəlməsi ürəyə toxunan bir nəgməsən,
Bu yollardan izlərin silinərsə, gəlməsən,
Ətrini hiss etdirər əsən hər səhər mehi,
Şəhadətin mübarək olsun ” Şuşa fatehi”
Xuraman Cəfərli,
Kəngərli Rayon MKS-nın Qabıllı kənd kitabxana filialının müdiri

