Əsas səhifə 

Böyük qətiyyət, cəsarət və öz xalqına sonsuz məhəbbət nümunəsi

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi  milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur

Ulu Öndər Heydər ƏLİYEV

Qədim tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına – istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynamış, milli dövlətçilik tariximizə öz adlarını əbədi həkk etmişlər. Bütün türk dünyasının nadir tarixi simalarından sayılan, zəmanəsinin qüdrətli siyasətçiləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyev məhz mayası Vətənə və xalqa məhəbbətdən yoğrulmuş Naxçıvan torpağının yetirməsidir.

Heç də təsadüfi deyildir ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan MR həqiqi inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. Belə bir vaxtda mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər rus qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada muxtar respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi.

1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.

Heydər Əliyev müdrik siyasətçi kimi İttifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı. Belə bir ağır vaxtda o, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Naxçıvan parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyasında muxtar respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə, sözün həqiqi mənasında, Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi. Sonralar o dövrü Heydər Əliyev belə qiymətləndirdi: “1990-1991-ci illərdə müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi.  Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Respublikası öz xidmətlərini göstərdi”.

Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə Heydər Əliyevin Naxçıvana qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Belə bir şəraitdə Heydər Əliyev böyük qurtuluş savaşının Naxçıvan cəbhəsindən Azərbaycanın azadlıq mücadiləsinə qalxdı. Onun rəhbərliyi ilə Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi. Sonralar Heydər Əliyev Naxçıvana səfəri zamanı o dövrü belə xarakterizə edirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən, xüsusi yer tutur. Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın birlikdə tarixi nailiyyətidir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim birliyimiz, dəyanətimiz, dözümlülüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dövrü oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.

1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə sədr seçilməyə razılıq verdi. O, muxtar respublikaya başçılıq etməyə başladığı ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi hər il dekabr ayının 31-nin “Dünya azəri türklərinin həmrəylik və birlik günü” kimi bayram olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi. 1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. “Qars müqaviləsi”nin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı. Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi.

Azərbaycanın siyasi tari­xin­də parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yeni­dən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Nax­çıvan Muxtar Respublikasının rəh­bəri kimi fəaliyyət gös­tər­məsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azər­bay­can siyasi mühitində aparıcı qüv­vəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gə­tirib çıxartdı.

Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan MR-in iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir.

Prezident İlham Əliyev Naxçıvan MR-in milli tariximizdə rolunu belə xarakterizə etmişdir: “Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır… Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. …O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.

Leyla İsmayılova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini

Daha çox xəbərlər