Siyasət 

“Şuşa İli”nin işığında

“Tarın atası”nın evi abadlaşdırılacaq

Prezident İlham Əliyev Şuşa şəhərində tarzən Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadığın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat ayrılıb.

Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailəsi maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli və iki otaqdan ibarət idi.  Mirzə Sadıq tarzən kimi şöhrət qazandıqdan sonra Şuşanın ən yaxşı küçələrindən birində üçmərtəbəli ev tikdi və tikintisində özü də fəhlə kimi işlədi.

Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi vardı. Atası oğlundakı gözəl səsi görərək onu xanəndə Xarrat Qulunun məktəbinə apardı. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq məlahətli avazından xoşu gəldi və öz  məktəbinə qəbul etdi. Sadıqdan başqa bu məktəbin məzunları Şuşanın tanınmış muğam ifaçıları idi: Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim və Keçəçi oğlu Məhəmməd. Bu məktəb Sadığın musiqiçi kimi formalaşmasına böyük təsir göstərdi.

Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın on səkkiz yaşında səsi qəflətən batdı. Amma musiqiyə, sənətə bağlılığı onu ruhdan salmadı. O, bir müddət tütək, ney, sonra da kamança çaldı. Lakin bu alətləri dilləndirsə də, özünü ancaq tarda tapdı. Müğənni Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədov olmuşdur. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyətinin sayəsində bu sənətin sirlərinə yiyələnərək hətta müəllimindən da yaxşı tar çalmağı öyrənmişdi. Ustadı Mirzə Muxtar şagirdinin bu istedadına sevinərək qibtə edərdi.

Çox məşhurlaşan Sadıqcan öz dövründə “Qafqazın birinci tarzəni” kimi tanınırdı. Ona ümumxalq məhəbbəti o qədər güclü idi ki, hamı ona əzizləmə mənasında Sadıqcan deyərdi.  Bəstəkər Əfrasiyab Bədəlbəyliyə görə, o bəzən mizrabdan istifadə etmədən, sol əlin barmaqları ilə fərqli səslər yaradır, barmaqlarını simlərə xüsusi bir şəkildə vuraraq və ya basaraq, müxtəlif səslərin uzanması üçün pərdələri çəkirdi, hansı ki, qlissandonu xatırladırdı.

Mirzə Sadıq sol əlindəki barmaq uclarını bərkləşdirmək üçün öz hazırladığı maye ilə onları yağlayıb, şamdan keçirirdi. Məlumdur ki, mizrabın istifadəsi vaxt keçdikcə ələ zərər verir. Bunun qarşısını almaq üçün Sadıqcan onları xüsusi bir maddə ilə örtürdü. Musiqi tədqiqatçısı Əbdülhəmid Babayev yazırdı: “Mən ilk dəfə Sadıqcanı 1897-ci ildə Bakıda – İçərişəhərdə Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tar çalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürək və cüssəli idi. O, məclisə çox ədəb və ərkanla girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun əlində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı.     ”

Məşədi Məliyin oğlu, tarzən Bəhram Mansurovun atası olan Məşədi Süleyman bəy Mansurov ilk dəfə Sadıqcanı Tiflisdə görmüşdü və onu xatırlayarkən deyirdi: “Onun tarla möhtəşəm ifası dinəyicini heyran qoyurdu. O, mizrab olmadan, virtouz kimi tarı çənəsinə qaldırıb çalırdı, bəzən isə tarı boynuna qaldırıb çalırdı. O, həm də bəzən aşıqlar kimi, tarı başının üzərində qaldırırdı.”

Şahidlərinin sözlərinə görə, Sadıqcan tarla qaratoyuğa bir neçə kiçik təsnif və mahnıları öyrədə bilmişdi. Bu barədə Qurban Pirimov yazırdı: “Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbül gətirim. Mən də bir şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə oxumalarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi.”

XIX əsrin ikinci yarısında, beş simli tarın ifa imkanları sürətlə inkişaf edən Azərbaycan muğam sənətinin tələblərini artıq yerinə yetirə bilmirdi və alətin böyük dəyişikliklərə ehtiyacı var idi. Sadıqcan ilk olaraq tarın ifasında və quruluşunda bir sıra əhəmiyyətli dəyişikliklər etdi. Azərbaycan musiqi tarixinin tədqiqatçısı Firudin Şuşinski yazırdı: “Sadıqcan novator tarzən idi. Yəni o, tarın təkmilləşdirilməsi üzərində işləyərək quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox artıq pərdələri atıb 17 pərdə saxlamış, səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cinkənə simi əlavə etmişdir. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırdı. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni, kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla “lal barmaq” üslubunu da icad etdi.”  Şuşinskinin yazdığına görə, Sadıqcana qədər tarı adəti üzrə diz üstündə qoyub əyilərək çalardılar. Sadıqcan bu bəsit qaydanı sıradan çıxararaq həmin alətin tarixində ilk dəfə onu sinə üzərində çalmağa başladı. Sadıqcana qədər tarın beş simi var idi. O, tara altı sim də əlavə edərək 11-ə çatdırdı. Onun yaratdığı yeni tar daha gözəl, daha mükəmməl hesab olunurdu. Sadıqcanın yeni rekonstruksiya etdiyi tarından sonra solo instrumental ifaçılıq daha çox müvəffəqiyyət qazanırdı.”

Dövri əlyazmalarda qeyd olunur ki, Sadıqcan tarın gövdəsini (çanaqlarını) yeni formada hazırlamaqla əlaqədar əvvəllər çəp şəkildə yonulmuş, üzləri kiçik ürək şəkilli formalı çanaqları nisbətən dərin qazımaqla onun çəkisini azaltmışdır. Həmçinin üzlərinin diametri xeyli genişləndirilmiş və o, oval şəklini almışdır. Bu kimi dəyişiklik tarda iki keyfiyyəti üzə çıxarmışdır. Birincisi yeni tarın fiziki-akustik səslənməsi güclənmişdir. İkincisi, odur ki, əvvəllər, böyük çanağın baş tərəfinin maili olması imkan vermirdi ki, tar sinədə çalınsın, yeni tarda isə bu maillik aradan qaldırılmış və o, sinədə çalmağa uyğunlaşdırılmışdır. Nəticədə, tar ifaçılıq texnikasının imkanları genişləndirilmişdir.

Bütün bunlara görə Sadıqcan Azərbaycanda tarın “atası kimi” əbədi şöhrət qazandı. Ruhu şad olsun!

Daha çox xəbərlər