Pambığın alış qiymətində yenidən artım: Bəs, ixracda vəziyyət necədir?
Prezident İlham Əliyevin tapşırığına əsasən, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 750 manatdan 800 manata, 2-ci növün qiyməti 730 manatdan 780 manata, 3-cü növün qiyməti 690 manatdan 740 manata, 4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Bununla da pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. Belə ki, cari ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Fermerlər ötən illə müqayisədə növündən asılı olaraq pambığın hər tonundan 12,5-14,3 faiz daha çox qazanacaqlar.
Bundan başqa, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək. Bunun müqabilində pambıq üçün əkin subsidiyası verilmir. Əkin subsidiyası Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilməklə 2021-ci il üçün bir hektar pambığa görə 220 manat idi. Əvəzində bu ildən pambığın hər tonu üçün məhsul subsidiyası bu rayonlara şamil edilməklə 100 manatdan 170 manata yüksəldilib. Başqa sözlə, fermer nə qədər sahədə pambıq əkməsindən asılı olmayaraq istehsal etdiyi məhsula görə subsidiya alacaq.
Ancaq artan təkcə pambığın daxili bazardakı alış qiyməti deyil. Dünya bazarlarında bu məhsulun qiyməti artmaqdadır. Elə bundan irəli gələrək pambıq lifi xeyli müddətdir ki, Azərbaycanın qeyri-neft ixracında ilk yerdədir. Təkcə cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən pambıq lifi ixracının fiziki çəkisinin 31,5 faiz azalmasına baxmayaraq ixracın dəyəri 5,3 faiz artaraq 142 milyon 179 min dollara çatıb. Cari ilin 7 ayında bir ton məhsulun ixracının orta qiyməti 2 min 345,6 dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətin 53,8 faiz artması deməkdir.
Həmçinin pambıq ipliyinin ixrac qiyməti də artıb. Belə ki, cari ilin 7 ayında bu məhsulun bir tonunun orta ixrac qiyməti 4 min 180 dollara olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 faiz çoxdur. Nəticədə ötən il ölkədə pambıq istehsalı əvvəlki illə ilə nisbətən azalsa da pambıq məhsullarının ixracının dəyərində artım olub. Onların ixrac dəyəri qeyri-neft ixracının 10 faizə yaxın hissəsini təşkil edir.
Bununla belə, bu il pambıq əkini sahələrinin həcmi ötən ildəki göstəricidən fərqlənmir. Cari ildə Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkildiyi bildirilir. Hərçənd ki, 2018-ci ildə 136,4 min hektar, 132,5 min hektar ərazidə pambıq əkilmişdi. Lakin bu sahədə ən yüksək məhsuldarlıq 2020-ci ildə olmuşdu. Həmin il əkin sahəsi əvvəlki illərlə müqayisədə azaldılaraq 100,1 min hektar sahəyə ensə də 336 min ton məhsul götürülmüşdü.

