Bərdə Polisi Şəhidin doğum günün məzarı önündə qeyd etdi-VİDEO
Bərdədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsi şəhidi, 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Rzayev Ceyhun İsmayıl oğlunun doğum günü qeyd olunub. Yaşasaydı, Ceyhunun 28 yaşı olacaqdı…
Bərdə rayon polis şöbəsinin əməkdaşları şəhidin məzarını və ziyarət ediblər, önünə gül çiçək dəstələri düzüblər.
Şəhidin məzarı yanında çıxış edən Bərdə rayon polis şöbəsinin rəisi Ənvər Həsənov bildirib ki, Vətən müharibəsində qazanılan qələbə ölkəmizin zəfər tarixidir. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Görüş zamanı məlumat verilib ki, Rzayev Ceyhun İsmayıl oğlu 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Cəbrayıldan Şuşayadək şanlı döyüş yolu keçərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin anası Mehparə xanım oğlu Ceyhunun hərbidəki xidmətlərindən və ömür yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, Ceyhun Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub. Əslən Laçın rayonundan idi.

