Gündəm 

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı

Dünya tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın da şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə yazıldı. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” cümləsi 44 günlük Vətən müharibəsinin devizinə çevrilmişdi.Azərbaycan xalqı öz liderinin –İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər