Dağıntılardan quruculuq mərhələsinə qədəm qoyan torpaqlarımızda həyat qaynayır
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizə gedən yolun başlanğıcı olan Anım Günündə Füzuli rayonuna və qədim Şuşa şəhərinə, onun ardınca oktyabr 4-də Ağdama səfərləri rəmzi məna daşıyaraq Ermənistana və dünyaya bir sıra mesajları çatdırdı
44 günlük İkinci Qarabağ müharibəsindən ötən iki il işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri, yeni reallıqların dünya tərəfindən qəbul edilməsi istiqamətində göstərilən səylər və əldə olunan nəticələrlə yanaşı, həmin dövrün gerçəkliklərinin təhlili baxımından diqqətdədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 30 ilin işğalına son qoydu. Tarixi Zəfərimizə qovuşub yeni səhifə açmaq üçün Ermənistana sülh müqaviləsini təklif etsək də nəinki 30 ildə, hətta 44 günlük müharibə dövründə ermənilərin törətdikləri təxribatları unutmadıq. Dünya bir daha illərdir necə vəhşi ilə üz-üzə dayandığımızın şahidinə çevrildi, amma yenə də seyrçi mövqedə dayanmağı ilə diqqət çəkdi.
Reallıq budur ki, Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin, münaqişənin əsl mahiyyətinin, ən əsası ermənilərin və onlara havadarlıq edənlərin bugünədək yeritdikləri siyasətin məqsəd və məramını, beynəlxalq hüququn maraqlarının arxasında əridiyini bir daha açıqladı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. İşğalçı Ermənistan, həmçinin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini zamana və məkana görə tətbiq edən dövlətlər dərk etdilər ki, beynəlxalq hüquq mövcuddur. Onun icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Belə ikili yanaşmalar dünyanın özünün hüquq problemini yaşamasını qabardır, aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inamsızlıq yaradırlar. Necə ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daim rəsmi Bakı tərəfindən bəyan edilirdi və tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gətirilirdi. Qurumun həmsədr dövlətlərindən olan Fransa istər 30 ilə yaxın dövrdə münaqişənin nizamlanması prosesində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində və 10 noyabr üçtərəfli razılaşmasının əldə edilməsindən sonra ermənipərəst mövqeyini qabarıq şəkildə ortaya qoydu. Hətta Fransa senatı qondarma «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul etdi. Təbii ki, bu kimi sənədlər Azərbaycanın reallıqları, tarixi faktlar qarşısında sadəcə bir kağız parçasıdır, amma dünyanın aparıcı dövlətlərindən birinin nümayiş etdirdiyi bu kimi mövqe sadəcə ikrah doğurur. Məhz bu kimi reallıqların fonunda dövlət başçısı İlham Əliyev daim bildirir ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq mühüm rol oynayır.
Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarını, Azərbaycanın malik olduğu imkanları, qazandığı uğurları müqayisə etdikdə bunu aydın şəkildə görürük. Ölkə Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə 30-a yaxın müsahibəsinin hər birində tez-tez işğalçı Ermənistana və ona havadarlıq edənlərə bəzi mesajlarını çatdırırdı. «Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir» söyləyən cənab İlham Əliyev bildirirdi ki, bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazi bütövlüyünü təmin etmək istiqamətində bütün səylərini birləşdirdi, səfərbər etdi. Siyasi, iqtisadi, diplomatik, hərbi sahədə qazanılan uğurların miqyası genişləndi. Ordumuz yenidən quruldu. Azərbaycan Ordusu reytinq cədvəlində dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət dünyanın diqqətindən kənarda qalmadı, bəzi inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri artıq ölkəmizin təcrübəsini öyrənirlər. Ölkə Prezidenti daim bu fikri bildirir ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.
Azərbaycanın bu illər ərzində bütün sahələrdə qazandığı uğurlar, təcrübə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən, torpaq sevgisi, birliyimiz, həmrəyliyimiz, ordumuzun döyüş ruhu Zəfərimizi təmin etdi. Təbii ki, müasir texnologiyaların tətbiqi də mühüm rol oynadı. Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadəsi məsələsini gündəmə gətirən və bundan ölkəmizə qarşı məqsədli şəkildə istifadə etməyə çalışan dairələrə dövlət başçısı bu cavabı da müasir texnologiyaların inkişaf etdiyi müasir dövrdə belə ittihamların əsassızlığına işarə idi. Cənab İlham Əliyev bildirirdi ki, yeni texnologiyaların inkişafı və tətbiqi şəraitində bu raketlərin hansı tərəfdən buraxıldığını müəyyənləşdirmək çətin deyil.
İkinci Qarabağ müharibəsində diqqətçəkən məqamlardan biri erməni vəhşilikləri idi. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırdı.
Bunlar 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqları idi. Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu fikir daim şəhid analarının, atalarının, doğmalarının dilindən səslənir ki, təsəllimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.
44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin izlərinin şahidi olduqlarını etiraf edirlər. Azərbaycan tarixi Qələbəsi ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Dövlət başçısı İlham Əliyev bəzi dünya güclərinin Ermənistana dəstək olaraq guya Qarabağ müharibəsinin bitməməsi barədə fikirlər yaratmaq cəhdlərinə cavab olaraq bildirir ki, vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın: «Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər.»
Artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirən ölkə Prezidenti qeyd edir ki, bu termindən yalnız tarix haqqında danışanda istifadə etmək olar. Dövlət başçısı İlham Əliyevin müharibənin getdiyi dövrdə Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin «Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualına ölkə Prezidentinin cavabını yada salmaq istərdik. «Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik» söyləyərək bunun ardınca ünvanlanan «Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub» sualına isə cavab olaraq bildirdi ki, “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi: «Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.»
Azərbaycan ermənilərin bütün vəhişliklərinə rəğmən regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Baxmayaraq ki, qarşı tərəf bu prosesin uzanması üçün bu gün də hərbi təxribatlara əl atdığı diqqətdən kənarda qalmır. Ermənistan silahlı qüvvələrinin avqustun 3-də və sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində törətdikləri təxribatlar da bunun təsdiqidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra bütün çıxışlarında bu çağırışı edir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa «Dəmir yumruğ»u unutmasınlar. Artıq dünya «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatlarının şahidi oldu. Ermənistan onlar üçün yaradılan son şansdan bəhrələnməli, ona havadarlıq edən bəzi dünya gücləri sülh müqaviləsinin imzalanması prosesində dəstəklərini sözlə əməl birlikləri əsasında ifadə etməlidirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Anım Günündə Füzuli rayonuna və qədim Şuşa şəhərinə, oktyabrın 4-də isə Ağdam rayonuna səfərləri iki il bundan əvvəl 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycan Ordusunun hər günü tariximizə Zəfər səhifəsi kimi yazdıqlarını xatırlamağa çağırış edir. Ölkə Prezidenti artıq iki ildə bu ərazilərə səfərlərinin hər birində Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımları ilə diqqətdə olur. Şuşa şəhərində bir sıra yeni inşa edilən obyektlərdə işlərlə yaxından tanış olan dövlət başçısı İlham Əlieyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna gerçəkləşdirdikləri səfər zamanı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldular. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, rayonun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Dövlətimizin başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər.
Göründüyü kimi, ölkəmizin həyatında yeni mərhələ işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə müşayiət olunur. Azərbaycan xalqı bu torpaqların sahibi olaraq quruculuq işlərinin miqyasını günbəgün genişləndirir, Ermənistana və ona havadarlıq edən dövlətlərə 30 ildə göstərdikləri cəhdlərin nə qədər əsassız olduğunu çatdırır. Saxta tarix yazmaqla, ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməklə həqiqətləri ört-basdır etmək mümkünsüzdür. Ədalət kec-tez zəfər çalır. 44 gündə 30 ilin işğalına son qoymaqla bunu bir daha təsdiqlədik.

