Cəmiyyət 

Edilli qətliamı: Dünyanın kor gözləri və kar qulaqları…

Birinci Qarabağ müharibəsində Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərində vandallıq və dəhşətli cinayətlər törədib. Erməni hərbçiləri əsir tutduqları hərbi və mülki vətəndaşlarımızı insanlıqla bir araya sığmayan işgəncələrlə qətlə yetiriblər. Onlar öz çirkin əməllərini beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədi ilə vəhşicəsinə öldürdükləri minlərlə Azərbaycan vətəndaşlarını kütləvi məzarlıqlarda basdırıblar, eynilə 1918-1920-ci illərin qırğınlarında olduğu kimi.

Azərbaycan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın axtarışı ilə bağlı neçə illərdir dünyaya çağırış edir ki, Ermənistan əsir götürdüyü 4000 vətəndaşımızın taleyindən heç bir xəbər vermir. Onlara təzyiq göstərin, heç olmasa qətlə yetirib kütləvi şəkildə basdırdıqları məzarlıqların yerini göstərsinlər… Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar hələ də susurlar. Bu susqunluq nə qədər davam edəcək? Yəni bu zəif, cılız olduğu qədər də qəddar olan Ermənistan beləmi əziz-xələfdir bunlar üçün?

Xatırladaq ki, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan Ermənistandan Qarabağda basdırdığı minaların xəritəsini istədi, bu barədə də çoxsaylı tələblər oldu. Həmin çağırışlar bu gün edilir. Təəssüf ki, təcavüzkar pislənmir, ona heç bir təsir göstərilmir. Sanki dünyanın gözləri kor, qulaqları kardır. Xeyr, heç də elə deyil. Azərbaycana “erməni əsirləri qaytarın” deyib təzyiqlər göstərənlər burada da bizim səsimizə səs vermirlər. Hətta üçtərəfli Bəyanat imzalandıqdan, müharibə Ermənistanın kapitulyasiyası ilə dayandırılandan sonra da ərazilərimizə keçib hərbçilərimizi, dinc sakinlərimizi qətlə yetirən diversantların və terrorçuların azad olunmasından ötrü hər cür təzyiq vasitəsinə əl atanlar işğalçıların əlində olan mina xəritələrini alıb bizə vermirlər ki, ermənilərin darmadağın etdiyi əraziləri abadlaşdıranlar təhlükə altında qalmasınlar. Müharibənin bitməsindən sonra 300 nəfərə qədər soydaşımız mina partlayışlarından həlak olub, yüzlərlə insanımız yaralanaraq şikəst olub.  Ermənistanın yüzlərlə hərbçinin qaytarılması müqabilində təqdim etdiyi xəritələrin də özləri kimi saxta olması faktına belə beynəlxalq qurumlar reaksiya vermirlər.

Təsadüfə baxın ki, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlanması Azərbaycanın Ermənistan hərbçilərini qaytardığı günə təsadüf edir. Müqayisə edin, biz erməniləri sağ-salamat qaytarırıq, onlar isə hətta bizim qətlə yetirilənlərimizin  basdırıldığı yerləri  belə göstərmirlər. Yalnız Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə tikinti-abadlıq işləri üçün aparılan qazıntı işləri nəticəsində insan qalıqları aşkarlanır. Bu isə  onu göstərir ki, Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsipləri, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozulub. Bu “kobudluq” “sivil” dünyanın gözləri qarşısında otuz iki il davam edib və Ermənistana xaricdən gəlib-gedən beynəlxalq təşkilatların nümayəndələri və dövlətlərin rəsmiləri bu barədə heç nə “eşitməyiblər.”

Belə məlum olur ki, azad edilən ərazilər həm də naməlum qəbir və kütləvi məzarlıqla doludur. Hər yerdə insan qalıqları aşkarlanır. Başlıbeldə də belə olmuşdu, Fərruxda da,  Edillidə də… Misal üçün, Tərtərin Suqovuşan kəndində, Kəlbəcərin Yanşaq kəndində yeraltı sığınacaqlar və bunkerlər aşkarlanıb. Düşmən işğal illərində azərbaycanlı əsirləri qışın şaxtalı günlərində heç bir şəraiti olmayan, dəhşətli işgəncələrə və təhqirlərə məruz qoymaqla məhz bu daş kameralarda ac-susuz saxlayıb. Şübhəsiz ki, bir gecədə məhv edilən Xocalıda,  Ağdamda, Ağdərədə, Xocavənddə, Malıbəylidə, Kərkicahanda, Kəlbəcərdə və digər yerlərdə yeni kütləvi qəbiristanlıqlar tapılacaq.

Təəssüf ki, törədilmiş bu cinayətlərdən xəbərdar olan dünyanın güc mərkəzləri azərbaycanlıların soyqırımlarına hələ də ciddi münasibət bildirmir, cinayətkar Ermənistanın cəzalandırılmasını tələb etmirlər. Bəs belədirsə, onda Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar niyə yaradılıb? Əgər onlar işğalçının arxasında durmasalar Ermənistanın cinayətkar rəhbərləri bugünədək kütləvi məzarlıqları gizlədə bilməzdilər. Elə olmasaydı hər cür bəhanə ilə gizlətdikləri mina xəritələrini verər, kütləvi məzarlıqların yerlərini bizə bildirərdilər. Düşmənimiz nə qədər qəddar, dünya bizə qarşı nə qədər biganə olsa da Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatacaqdır. Geci-tezi var…

Daha çox xəbərlər