ARAN TV Siyasət 

Erməni vəhşiliyinin növbəti təzahürü: İtkin düşənlərin taleyi torpaq altından üzə çıxır – TƏHLİL

Edillidə növbəti dəfə aşkarlanan kütləvi məzarlıq bu ərazinin Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edildiyini sübut edir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində fevral ayından sonra növbəti dəfə kütləvi məzarlıq aşkar olunub. Məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insanın qalığı tapılıb. Geyim və əşyalarına əsasən, həmin şəxslərin hərbçi olduqları məlum olub. Bu isə azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.

Beynəlxalq ictimaiyyətə çağırış

Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum qalan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb. Azərbaycanın İnsan Haqları Müvəkkili – Ombudsman Aparatı bununla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Qeyd olunub ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də özünün “Twitter” hesabında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı paylaşım edib.

Edillinin Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edildiyini diqqətə çatdıran prezidentin köməkçisi dörd min azərbaycanlı hərbçi və mülki şəxsin itkin düşdüyünü, Ermənistan tərəfinin kütləvi məzarlıq yerlərini verməkdən imtina etdiyini vurğulayıb.

Bir milyon qaçqın və məcburi köçkün, bir milyon mina

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mövzu ilə bağlı “Kaspi” qəzetinə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün quruculuq işləri həyata keçirildikcə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi torpaq altından üzə çıxır. Komitə sədri söyləyib ki, Ermənistan və həmin dövrlərdəki erməni hərbi-siyasi rejimi Azərbaycan torpaqlarına qarşı müxtəlif istiqamətlərdə total cinayətlər törədiblər:

“Ermənistan bir milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməklə, minlərlə dinc sakini soyqırımına məruz qoymaqla yanaşı, işğal etdiyi torpaqlarımızda bir milyona yaxın mina basdırıb. Xocalıda törədilən soyqırımı, Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqlar ermənilərin hərbi cinayətlərini ortaya qoyan faktlardır. Bunlar bəşəriyyət və insanlıq əleyhinə törədilən müharibə cinayətləridir. Təəssüf ki, saxta təbliğatlara, sübutu olmayan iddialara inanıb erməni təəssübkeşliyi ortaya qoyan beynəlxalq təşkilatlar Xocalıda, Edillidə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərini, işğaldan azad olunan ərazilərimizdəki dağıntıları, talanı görmürlər”.

Beynəlxalq humanitar hüququn norma və prinsipləri

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov da “Kaspi” qəzetinə açıqlamasında deyib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində yeni məzarlığın aşkar edilməsi Ermənistanın beynəlxalq humanitar hüquqa aşkar hörmətsizliyinin və dövlət səviyyəsində bu cinayətləri dəstəkləməsinin növbəti sübutudur. Millət vəkilinin sözlərinə görə, bu kütləvi məzarlıqların hər biri özlüyündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə şəxsiyyət əleyhinə olan cinayətlərin məcmusu deməkdir:

“Bu insanlar qəsdən niyə öldürülüblər? Sadə bir cavabı var: azərbaycanlı olduqları üçün. 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya və Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində ifadə olunduğu kimi, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə onların öldürülməsi soyqırımı hesab olunur. Digər tərəfdən, kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı əsirlikdə olub. Onlar silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər.

Edillidə son aşkarlanan kütləvi məzarlıqda adi gözlə skeletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu isə müharibə qanunlarını, o cümlədən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq norma və prinsiplərini, daha konkret desək, “Hərbi əsirlərlə rəftara dair”, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolların köklü pozuntusu kimi məsuliyyəti labüd edir”.

Canilərin cəzalandırılmasını özümüz reallaşdırmalıyıq

B.Məhərrəmov təəssüflə vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu məsələdə lazımi həssaslığı göstərməyərək ikiüzlü, riyakar münasibət sərgiləməkdədir:

“Beynəlxalq hüquq konkret şəkildə tələb edir ki, qeyd etdiyimiz əməllərdən hər hansı birini törədənlər rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar. Yəni hüquq da, ədalət də tələb edir ki, bu cinayətləri törədən erməni hərbçiləri, Ermənistanın ozamankı hərbi-siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən, cəzasızlıq mühiti ilə yeni cinayətlərə rəvac verən bugünkü hay hakimiyyəti də məsuliyyətə cəlb olunmalıdır.

Amma real mənzərəyə baxsaq, dünya erməni vandalizmini, barbarlığını görməzdən gəlir. Bu isə o deməkdir ki, necə ki Azərbaycan öz imkanları hesabına BMT qətnamələrinin icrasına hərbi-siyasi yolla 44 günlük savaşda özü nail oldu, bu canilərin cəzalandırılmasını da biz özümüz reallaşdırmalıyıq. Əks halda, Ermənistan terror siyasətini davam etdirməklə bölgədə yeni faciələrə yol açmaqda davam edə bilər”.

Daha çox xəbərlər