Boşanma statistikasına töhfə verən rekordsmen
Əmin və rəvan bir bir şəkildə deyir ki, “üçüncü dəfə seçim etdim və düşünürəm ki, bu artıq son evliliyimdir”.
Adam az qalır zəng vurub desin ki, onu deyici olma, bəy, dünyanın işini nə bilmək olar, yəni “heç vaxt “heç vaxt” demə” söhbəti.
Söhbət müğənni Rəvan Qarayevdən gedir. Sənətçi bu yaxınlarda üçüncü dəfə ailə qurub. Allah xoşbəxt eləsin, qoşa qarısınlar, oğullu-uşaqlı olsunlar, neynim-necə eləyim deməsinlər və sair və ilaxır.
Qısa zaman kəsiyində 3 dəfə ailə qurmaq hər kəsə nəsib olan şey deyil. Bu, bir az fərasət, bir az da cəsarət məsələsidir (xəcalət tərəfinə toxunmayaq). Oğlanlar tanıyıram, yaşı qırxa dirənib, hələ də subay-salıq gəzir, tay-tuşlarının yanında özünü sındırmır, “subaylıq sultanlıqdır” deyir. Amma bu tacsız “sultan” ana-bacısının sürəkli danlağına başqa cür cavab verir: “Kimi alım?”.
Doğrudan da yaşı qırxa çatmış və keçəlləşməkdə olan kişi kimi alsın? Gedən var ki?
Rəvan qardaşın isə belə bir problemi yoxdur, indiyədək üçünü alıb, yeni xanımının qorxusundan “bu, son evliliyimdir” deyir, amma sözdür də, deyir. “Aldanma, şair sözü, əlbəttə, yalandır” məsələsi… Adam peşəkardır, qəsdə dursa, birini də alar, o potensial onda var, üstəlik bu xüsusda kompleksi də yoxdur. Olsaydı, çalışardı ki, son evliliyi barədə xəbərlər mediaya çıxmasın. Amma bu intervü verir. Müsahibə üçün müraciərlər çox ilsa, yəqin brifinq-zad keçirər.
İndi gələk məsələnin başqa cəhətinə. Personasına barmaq tuşlamaq kimi çıxmasın, ölkədə boşanma faizini artıranlardan biri də məhz Rəvan Qarayev imiş. Adam 3 evliliyinin ikisini boşanma ilə başa çatdırıb və bu, milli boşanma statistikasına 66,6 faizlik töhfə deməkdir.
Sonra da deyirlər, ölkədə hər üç yeni qurulmuş ailədən biri dağılır. Budur, Rəvan üçdə iki əmsalla rekord qırır.
Əlbəttə, bu, ürək-könül məsələsidir, qarışmaq düzgün deyil. Sənətçi özü də əvvəlki boşanmalarının ciddi problemlər səbəbindən baş verdiyini bildirib və deyib ki, bundan əvvəlki həyat yoldaşı ilə münasibətləri normal olaraq qalır.
Yenə şükür edək ki, adam iki evlilikdən sonra qadın xeylağına münasibətini dəyişməyib. Hiss olunur ki, bəy axtarışdadır və köhnə tamadaların bir neçə milyon dəfə təkrarladıqları pritçada deyildiyi kimi, “öz yarısı”nı axtarır.
Onun yerində kim olsaydı, bezərdi, deyərdi, iki dəfə evləndim, alınmadı, demək, ailə səadəti deyilən şey yox imiş. Amma sənətçi qardaşımız, türkün sözü, yılmaz-usanmaz şəkildə irəli gedib. Allah eləsin, bu dəfə söhbəti birdəfəlik bağlasın.Adam nə qədər təzəbəy kostyumu geyinər-soyunar?
O, bu təcrübəsi, əzmi, həvəsi, səyləri ilə müasir gənclərə örnəkdir. Əslində Rəvan evlənməyə hazırlaşan gənclər üçün kurs aça, “həyat yoldaşını hansı kriteriyalara görə seçməli” mövzusunda master-klass keçə bilər. İnanın ki, bu çox faydalı olar.
Amerikada, Avropada yaşayan tanış-biliş söz-sözü gətirəndə deyirlər ki, oralarda 35 yaşdan yuxarı kişilərin və qadınların tam əksəriyyəti ikinci dəfə ailə qurur və bu ailə daha uzunömürlü olur. Ümumi qənaət belədir ki, birincidə gənclər uşaq olurlar, təcrübəsizlik edirlər, bal eşqiylə vızıldaşırlar, amma bal ayı qurtarandan sonra ayılırlar ki, xasiyyətləri tutmur, Sərdar Ortac demişkən, iki mədəni insan kimi, ayrılırlar, müəyyən arama-araşdırmadan sonra, özlərinə bab birini taparaq yenidən ailə qururlar.
Biz də yavaş-yavaş o levelə doğru gedirik. Hər halda ildə boşanan 10 min cütlüyün böyük əksəriyyəti ömür boyu subay qalası deyil, mütləq yenidən ailə qururlar. Əlbəttə, “subaylıq sultanlıqdır” əqidəsinə sona qədər sadiq qalan bəylər, “indən belə ər qulluğunda durası deyiləm” azadlıqsevər xanımlar da olur.
Yəni, bu, seçim məsələsidir. Biri gələcək həyat yolunu elə seçir, biri belə seçir. Baxın, yazının qəhrəmanı Rəvan bəy də deyir ki, üçüncü dəfə seçimimi etdim. İndi onun sözünün başına ip salmaq kimi çıxacaq, amma belə anlaşılır ki, sənətkar üçüncü dəfə ailə qurmaq istərkən seçim qarşısında qalıbmış, ən azı iki namizədi varmış və o seçimini indiki xanımından yana edib.
Bəli, ehtiyat igidin yaraşığıdır. ”Mixaylo” rolunun məşhur ifaçısı, böyük sənətkarımız Nodar Şaşıqoğlu da evlənib-boşanmaq məsələsində fərasətli olub. Xanımıyla söz-sözə gələndə pencəyini götürüb gedir, hər şeyi qadına buraxırmış.
**
Dünya köhnə dünyadır, “praqmatik məcnunlar”ı təzədir.

