Cəmiyyət 

Müəllim nüfuzu. O, niyə aşağı düşüb?

Müəllim… Bu peşənin nə qədər şərəfli olduğunu böyük yunan filosofu Aristoteldən başlamış dünyanın ən böyük zəkaları dönə-dönə vurğulayıblar. Təbii ki, dünyanın ən böyük alimlərini də müəllim yetişdirib. Hər bir millət öz müəllimlərini həmişə uca tutub, ona ehtiram bəsləyib. Dahi Atatürk millət vəkillərinə maaş təyin edilərkən tapşırıb ki, məmurların maaşı müəllimlərin maaşından yüksək olmamalıdır. Görün, Mustafa Kamal Atatürk müəllim əməyini necə yüksək qiymətləndirib.

Bizim cəmiyyətimizdə də bu peşənin sahibləri şərəfli yer tutublar. Orta və yaşlı nəsillərin nümayəndələri təsdiq edərlər ki, biz müəllimi həmişə müqəddəs hesab etmişik. Hətta müəllimlərimizi elə bütləşdirmişdik ki, onların çörək yemələrini, yatmalarını belə təsəvvürümüzə gətirə bilmirdik. Yolda müəllimlə rastlaşanda salam verib papağımızı çıxarıb kənara çəkilmiş, ona ədəb-ərkanla yol vermişik.

Ayrı-ayrı dövrlərdə ictimai quruluşlar dəyişsə də müəllimə olan hörmət və ehtiram heç vaxt dəyişməyib. Ümummilli liderimiz Heydər Əliyev bəlkə də dünyanın yeganə liderlərindən biridir ki, ömrünün son günlərinə qədər ona dərs demiş müəllimlərini hörmətlə yad edirdi. Ulu Öndər dəfələrlə ibtidai sinifdə ona dərs deyən Kərbəlayi Məhəmməd haqqında xatirələrini danışır, ona Allahdan rəhmət diləyirdi.

Şəxsən Ulu Öndərin təşəbbüsü ilə tanınmış pedaqoq, Yevlax rayonunun Xaldan kənd orta məktəbinin direktoru Zahid Şöyübova Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adın verilməsi dahi rəhbərimizin müəllimlərə verdiyi dəyərin göstəricisi idi. Sovet dönəmində təhsil işçilərinə belə yüksək adın verilməsi möcüzəyə bənzəyirdi. Şöyübovla bərabər bir çox müəllimlərin SSRİ-nin orden və medalları, fəxri adları ilə təltif olunması böyük rəhbərin müəllimlərə hörmətinin zirvəsi idi. 1970-80-ci illərdə bacarıqlı müəllimlər yüksək vəzifələrə təyin olunur, dövlətin idarəedici orqanlarına irəli çəkilirdilər.

Bütün bunları gənc nəslin bilməsi üçün deyirik. Çünki indi müəllimin nüfuzu əvvəlki onilliklərlə müqayisədə xeyli aşağı düşüb. Bəs bunun səbəbi nədir?

Müşahidələr göstərir ki, ilk növbədə pedaqoji sahədə işləməyə layiq olmayanların, ali məktəbi “birtəhər” bitirənlərin məktəblərə göndərilməsi ilə müəllim nüfuzu müəyyən dərəcədə sarsıldı. Ancaq iş bununla qurtarmadı. “Yarımçıq”ların sayı getdikcə artdı və beləliklə müəllimlər həm şagirdlərin, həm valideynlərin, həm də ictimaiyyətin gözündən düşməyə başladı. Pedaqoji işdən baş çıxarmayan “yarımçıq” müəllimlər şagirdlərə bilik verməyi bacarmayanda cəza üsullarına əl atdılar. Sinifdə uşaqların döyülməsi məktəbdən çıxıb valideynlərə də çatdı. Bir çox valideynlər övladını haqsız döyən müəllimlərə hədə-qorxu gəlməyə, hətta əlbəyaxa olmağa belə başladılar. Bəyənmədiyimiz Sovet dönəmindəki məktəb nizam-intizamı pozuldu, müəllim nüfuzu aşındı. Ölkəmizin bazar iqtisadiyyatı yolunu seçməsi ilə təhsil müəssisələrində baş verən neqativ halların sayı sürətlə artdı.

Hazırda Bakıdakı istərsə də bölgələrdəki bir çox məktəblərdə bəzi müəllimlər şagirdlərə dərsləri öz bilikləri ilə deyil, şillə-yumruqla “öyrətməkdən” başqa çarə tapmırlar. Səbəbi də budur ki,  belə müəllimlərin əksəriyyəti tədris etdikləri fənni  dərindən bilmir. Bundan əlavə, şagird psixologiyasına bələd deyillər və bunu öyrənməyə cəhd də göstərmirlər. Ona görə də bu tip müəllimlər valideynlərdən tələb edirlər ki, hər kəs özü uşağının dərslərini evdə özü öyrətsin. Təbii ki, bu, müəllimin öz vəzifəsini valideynlərin çiyninə yükləməkdir. Bir çox valideynlər var ki, ağır əməkdən sonra axşam dincəlməlidir, sadəcə olaraq onların uşağın dərsləri ilə məşğul olmağa vaxtları çatmır. Elə valideynlər də var ki, mürəkkəb məsələ-misalları həll etmək savadında deyil və saatlarla oturub uşaqları öyrətmək onun üçün mümkünsüzdür. Həm də axı, bu bir günlük, bir aylıq, hətta bir illik də deyil.

Repetiterlik mərəzi haqqında hər birimizin məlumatı var. Burada isə vəziyyət başqadır. Bilikli və hazırlıqlı müəllimlər sinifdə yalnız vaxt keçirməklə məşğul olur, şagirdləri öz evlərinə “çəkirlər”. Əlbəttə, indi elə müəllimlər var ki, bir şagirdi ayda 100-150 manata hazırlaşdırır, bununla öz biliklərini şagirdlərə pulla satırlar. Ancaq təhsil heç də biznes predmeti deyil. Əgər müəllimin potensialı imkan verirsə ki, ali məktəblərə qəbul imtahanlarından yaxşı nəticələrlə çıxan şagird yetişdirsin, onda sinifdə bu potensialdan niyə istifadə etmir? Dediyimiz kimi, firavan yaşamaq üçün biliyini satır. Bəs pulu olmayan ailələrin övladları necə, onların arzuları, gələcəkləri yoxdurmu?

Təhsil müəssisələrində şagirdlərdən pul toplanması faktını gizlətmək özümüzü aldatmaqdan başqa bir şey ola bilməz. Son illərdə süpürgə pulu”, “fond pulu”, “təmir pulu”, “direktorun ad günü” və s. müxtəlif adlar altında valideynləri soymaq artıq vərdiş halına keçmişdi. Doğrudur, son vaxtlar bunları müəyyən qədər yığışdırsalar da, ancaq təhsil müəssisələrində belə yaramaz əməllərin kökü tam kəsilməyib. Bəs bunların və haqqında danışmadığımız digər neqativ halların qarşısını almağın çarəsi yoxdurmu? Əlbəttə, var. Yaxşı olar ki, məktəbdə formal fəaliyyət göstərən valideyn komitələrinin işi canlandırılsın və onların məktəb üzərindəki nəzarəti gücləndirilsin. Onlara müəyyən səlahiyyətlər verilsin və il ərzində gördükləri iş barədə hesabatlar tələb olunsun. Ancaq orta məktəblərdə dərslərin keyfiyyətinin yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi baş təhsil idarələrinin vəzifəsi olduğu üçün həmin idarələr də öz vəzifələrini lazımınca yerinə yetirməlidirlər.  Təhsil Nazirliyi kadrların seçilib yerləşdirilməsi sahəsində ciddi tədbirlər görməli, məktəblərin fəaliyyətində vacib dəyişikliklər etməlidir. Polisin həddi-buluğa çatmayanlarla iş aparan bölmələri məktəbdəki şəraiti daim nəzarət altında saxlamalıdır. Bu qurumların rəhbərləri unutmamalıdırlar ki, təhsil xalqın gələcəyini müəyyənləşdirir. Gələcəyimizi isə nüfuzunu itirmiş naşılara tapşırmaq olmaz.

Daha çox xəbərlər