5 medalla təltif olunan şəhidin adı küçəyə verildi – Fotolar
Yardımlı şəhərində küçələrdən birinə şəhidin adı verilib.
Musavat.com-a bu barədə şəhər bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, Yardımlı şəhər bələdiyyəsi ictimaiyyət nümayəndələrinin müraciətini nəzərə alaraq, şəhərin yeni yaşayış massivindəki küçəyə şəhid Əli Nuru oğlu Rzalının adının verilməsi təşəbbüsü ilə çıxış edib. Yardımlı Rayon İcra Hakimiyyəti də bu təşəbbüsə həssas yanaşaraq müvafiq addımlar atıb.
Yardımlı şəhər bələdiyyəsinin sədri Mehman Adıyev Musavat.com-a açıqlamasında bildirib ki, Vətən uğrunda canından keçmiş şəhid Əli Rzalının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ona xüsusi ehtiram göstərilib, adı verilən küçə rəsmi şəkildə müəyyən edilərək adlandırılıb. Bununla yanaşı, küçənin giriş hissəsində şəhidin portreti quraşdırılıb və onun xatirəsinin daim yaşadılması üçün vizual-mənəvi bir abidə yaradılıb.
Görülən işlər bununla məhdudlaşmır. Yardımlı rayon bələdiyyəsi tərəfindən şəhidlərin xatirəsinə ayrılan xüsusi vaxt çərçivəsində onların həyat və döyüş yolu barədə məlumatların ictimaiyyətə çatdırılması, xatirələrinin yad olunması istiqamətində də addımlar atılıb. Bu təşəbbüs yalnız şəhid Əli Rzalı ilə məhdudlaşmır, digər şəhidlərin də adlarının əbədiləşdirilməsi üçün oxşar tədbirlərin həyata keçirilməsi təmin olunur.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də şəhid olub və Yardımlı rayonunda dəfn edilib. Şəhid Əli Rzalı İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” , “Kəlbəcərin azad edilməsinə görə”
– “Şücaətə görə” və “III dərəcəli Rəşadət” ordeni medalları ilə ölümündən sonra təltif olunub.
Şahanə Rəhimli
Musavat.com





