Cəmiyyət 

Erməni vandalizmi cəzasız qalmamalıdır!

BMT-nin sessiyasında İrəvandakı Azərbaycan irsinin dağıdılması məsələsi qaldırılıb

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər… Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar. Erməni terroristlərinin 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü tarixi-mədəni irsimizin ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır.

Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər tarixi abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları  düşmən tərəfindən hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. İşğalın davam etdiyi müddətdə Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus maddi-mədəniyyət nümunələri və digər milli sərvətlərimiz məhv edilib.

Qarabağda və Şərqi Zəngəzurda qaldıqları son günə qədər ermənilər öz vandallıqlarını həyata keçirmiş, evləri yandırmış, kilsələrin xaçlarını sökmüş, monastırların zənglərini oğurlamış, tarixi və mədəni abidələrimizin ətrafındakı əraziləri minalamış, torpaqlarımızı tərk edərkən məşhur tarixi xalçalar kimi qiymətli mədəni irs nümunələrini özləri ilə aparmışlar.

Hazırda işğaldan azad edilmiş bölgələrimizdə abadlıq-quruculuq işləri davam etdikcə bir-birinin ardınca kütləvi məzarlıqlar, dəhşətsaçan mənzərələr aşkara çıxır və sivilizasiyanın indiki çağlarında özünə insan deyən varlıqların bu cür tükürpərdici cinayətləri hər kəsin qanını dondurur.  Belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndində tapıldı. İndiyə qədər Edilli kəndində 3 kütləvi məzarlıq sahəsi aşkar olunub. Birinci və ikinci sahədə ümumən 6, üçüncü sahədə isə 12 meyit aşkarlanıb. Bu məzarlıqlar ermənilərin tarixboyu xalqımıza qarşı misli görünməmiş qırğınlarından daha biridir.  Bu günlərdə isə erməni barbarlarının azərbaycanlılara məxsus qəbiristanlığı vəhşicəsinə dağıtmalarının görüntülərinin yayılması ilə hər kəs bu vəhşi toplumun əsl üzünü, iyrənc simasını bir daha görüb tanımış oldu. Yayılan görüntülərdə məkan haqqında dəqiq məlumat olmasa da, “Teleqram” kanallarında bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğu bildirilir. Lakin hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, burada əsas məsələ erməni vandallarının azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşiliyinin, hər zaman əl atdıqları çirkin əməllərinin və azərbaycanlılara məxsus izləri vandalizm yolu ilə tarixdən silmək cəhdlərinin ortada olmasıdır.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlardan xəbər verən Quba kütləvi məzarlığı və digər toplu məzarlıqlar, o illərin arxiv sənədləri arasında azərbaycanlılara qarşı soyqırımı faktlarını əks etdirən dəhşətli fotolar, ən nəhayət, Xocalı soyqırımı,  son zamanlarda tapılan kütləvi məzarlıqlar bu vandalların şər mahiyyətinə necə də uyğun gəlir. Ən dəhşətlisi isə odur ki, ermənilər bu vəhşi əməllərindən hələ də nəticə çıxarmayıblar. İnsanlığa zidd bu cür bəşəri cinayətləri hələ də özlərinə rəva görür,  bu antiinsani əməllərindən utanıb-qızanmırlar.

Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-ə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir.

Bütün bunlarla yanaşı,  mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-lərin təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandallığının canlı şahidi olaraq bunu öz ölkələrinin ictimaiyyətinə də çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 51-ci ümümi müzakirələr sessiyasında İrəvanda Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı vandalizm aktları törədildiyi diqqətə çatdırılıb. Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (International Institute for Rights and Development-Geneva, IRDG) nümayəndəsi Asmita Baidya çıxışında XIX-XX əsrlərdə yerli Azərbaycan əhalisinin zorla deportasiya edildiyi İrəvan şəhərində Azərbaycan irsinə qarşı misli görünməmiş şəkildə mədəni soyqırımı törədildiyini bildirib.

IRDG təmsilçisi söyləyib ki, İrəvanda dövlət tərəfindən təşkil edilmiş mədəni vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutları məhv etməyə yönəlmiş genişmiqyaslı anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olub: “XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan) ərazisində 310 məscid qeydiyyata alınsa da, bu gün şəhərdə yalnız bir məscid – Göy məscid qalıb. Məscidin təhrif edilməsinə və dağıdılmasına baxmayaraq, “Göy məscid” adı Azərbaycan dilində belə adlanır”.

Asmita Baidya xatırladıb ki, ermənilər XX əsrdə üç dəfə Göy məscidin binasını yandırıblar və bu vandallıq aktları 1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda baş verib. Həmçinin Ermənistanın Göy məscidi İrana 99 il müddətinə icarəyə verdiyi diqqətə çatdırılıb.

Sonda qeyd edilib ki, İrəvanda Azərbaycanın mədəni irsinin təhrif edilməsi təkcə məscidlər arasında deyil, xalqımıza məxsus digər artefaktlarla bağlı da müşahidə olunur: “Bu vandalizm aktları beynəlxalq humanitar hüququn, o cümlədən UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun iki Protokolu kimi normativ sənədlərin, habelə 1970-ci il Konvensiyasının kobudcasına pozulmasıdır”.

Dünya birliyi unutmamalıdır ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan dağıtdığı bütün tarixi abidələrə, mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir. Bunun üçün Ermənistana qarşı beynəlxalq təzyiq gücləndirilməlidir.

Daha çox xəbərlər