Qazaxda narkotiklərlə bağlı 70 fakt aşkar edilib
Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın və Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın 2022-ci ilə dair “İş Planı”nın bəndlərinin icrasından irəli gələn vəzifələrə uyğun olaraq kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişdir.
2022-ci ilin başlanğıcında Qazax rayonu üzrə 183 nəfər “narkomaniya”, 72 nəfər isə “xroniki alkoqolizm” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. 2022-ci il ərzində 26 nəfər “narkomaniya” diaqnozu ilə dispanserə qeydiyyata götürülmüşdür. Hazırda rayon üzrə 209 nəfər “narkomaniya” və 72 nəfər “xroniki alkoqolizm” diaqnozu ilə xəstə qeydiyyatdadır. 2022-ci il ərzində qeydiyyatda olan xəstələrin müayinədən keçməsi təmin edilmişdir.
Məlum fərmanlardan və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın rəhbərliyi ilə birgə rayon Gənсlər və idman idarəsi, Qazax -Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektoru, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial–İqtisadi Kolleci və rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayəndələri narkomanlığa qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması, narkotik tərkibli bitkilərin əkilib-becərilməsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçirilmişdir.
Rayon ərazisində rayon Polis şöbəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində 2022-ci il ərzində narkotiklə bağlı 70 fakt aşkar edilmişdir. Onlardan 55-i cinayət, 15-i inzibati xəta olmuşdur. Bütün cinayət faktları üzrə cinayət işi başlanaraq cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmuş, ümumilikdə 2.741,067 qr narkotik vasitə maddəsi dövriyyədən çıxarılmışdır.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2022-ci il üçün İş planına, 2022-ci il ərzində rayon Təhsil sektorunun fəaliyyət planına müvafiq olaraq Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, ali və orta ixtisas məktəblərində narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi ilə bağlı 21.01.2022-ci il tarixdən Qazax rayonu üzrə ilk öncə ümumtəhsil məktəblərində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsinə start verilmişdir. 21.01.2022-ci il tarixdə Qazax şəhər 4 saylı və Yuxarı Əskipara, 27.01.2022-ci il tarixdə Ağköynək, 11.02.2022-ci il tarixdə Çaylı kənd 2 nömrəli tam orta məktəbinin, 24.02.2022-ci il tarixdə Bala Çaylı kənd tam orta məktəbində, 10.03.2022-ci il tarixdə Xanlıqlar kənd ümumi orta məktəbində, 04.03.2022-ci il tarixdə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbində, 02.04.2022-ci il tarixdə Qazax şəhər 2 nömrəli tam orta məktəbində, Qazax Rayon Gənclər Mərkəzində 08.04.2022-ci il tarixdə 2, 15.04.2022-ci il tarixdə 1 tədbir, 30.04.2022-ci il tarixdə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində, 13.05.2022-ci il tarixdə isə Birinci Şıxlı kənd tam orta məktəblərinin şagirdləri ilə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları, barədə psixoprofilaktik söhbətlər aparılmışdır.
Rayon Təhsil sektoru məktəbli gənclərdə hüquqi biliklərin öyrənilməsi təbliği işinə də xüsusi diqqət yetirmiş, Azərbaycan Respublikası Konstitusiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun” öyrənilməsi, hüquq saatlarının keçirilməsini təmin etmiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ümumtəhsil məktəblərində görüşlərinin keçirilməsinə nail olmuşdur.
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 697N-li Fərmanı ilə bağlı rayonun təlim-tərbiyə müəssisələrində əvvəlki illərdə aparılmış işlər davam etdirilmişdir.
2022-ci ilin yanvar – may aylarında rayonun hüquq-mühafizə orqanları və səhiyyə işçilərinin iştirakı ilə ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin birgə toplantılarında “Narkomaniya ilə mübarizə”, “Şagirdlərin hüquq və vəzifələri” mövzularında sağlam həyat tərzinə, hüquq pozuntularının profilaktikasına həsr olunan söhbətlər aparılmışdır. Azərbaycan Respublikasının narkomaniyaya qarşı mübarizə sahəsində qanunvericilik aktlarına və təhsil qanununa müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmət təşkil edilmişdir. Rayon Təhsil Şöbəsi valideyn nəzarətindən uzaq, məktəbdən yayınan, yetim və aztəminatlı ailələrin uşaqlarının pedaqoji cəhətdən düzgün istiqamətləndirilməsi üçün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə məqsədyönlü işlərə xüsusi diqqət yetirmişdir. Rayon Təhsil sektoru gənclər arasında hüquq pozuntuları, narkomanlıq və digər neqativ halların proflaktikası ilə bağlı Rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, rayon hüquq-mühafizə orqanları və Səhiyyə şöbəsi ilə əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Rayonun ümumtəhsil məktəblərində laboratoriya, təcrübə otaqlarında və tibb kabinetlərində vaxtaşırı monitorinqlər keçirilmiş və narkotik vasitələrin olması faktları aşkarlanmamışdır. 2022-ci il ərzində rayon məktəbliləri arasında narkomanlıq və narkomanlığa aludə olması hallarına təsadüf olunmamışdır.
Qazax Rayon Gənclər və İdman İdarəsi 2022-ci il ərzində narkomaniya və narkobizneslə mübarizə mövzusunda bir neçə tədbir həyata keçirmişdir. Belə ki, 23 fevral 2022-ci il tarixdə Qazax Rayon Gənclər və İdman idarəsi tərəfindən könüllülərin iştirakı ilə şəhər ərazisində narkomaniya və narkobiznezlə mübarizə məqsədi ilə narkomaniya əleyhinə flayerlərin paylanılması aksiyası həyata keçirilmişdir. Aksiya zamanı iştirakçılara 200 ədəd flayer paylanmışdır.
19 aprel 2022-ci il tarixdə rayon Gənclər və idman idarəsi və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə narkomaniya və narkobiznezlə mübarizə məqsədi rayonun Kosalar kəndi ərazisində narkomaniya əleyhinə flayerlərin paylanması aksiyası həyata keçirilmişdir. Aksiya zamanı Kosalar kənd ərazisində narkomaniya əleyhinə 200 ədəd flayer paylanmışdır.
21 iyun 2022-ci il tarixdə rayon Gənclər və idman idarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun – Narkomaniya Əleyhinə Ümumdünya Mübarizə Gününə həsr olunmuş “Ağ ölümə yox deyək” başlığı altında dəyirmi masa keçirilmişdir.
Narkomaniya əleyhinə maarifləndirici tədbir Bakı Dövlət Universitetinin Qazax filialında da Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Polis şöbəsinin, Səhiyyə şöbəsinin və Bakı Dövlət Universitetinin Qazax filialının iştirakı ilə keçirilmişdir. Tələbə və müəllim heyətinin iştirak etdikləri tədbirin iştirakçılarına narkomaniya əleyhinə kitabçalar, bukletlər və əyani vasitələr paylanılmışdır.
Bundan başqa, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə Qazax Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 26 iyun-Ümumdünya Narkotiklərlə Mübarizə Günü ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2022-ci il üçün İş planına əsasən “Narkotikələrə yox deyək” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə 50 nəfərdən yuxarı sinif şagirdləri iştirak etmiş və mövzu ətrafında rayon Gənclər və idman idarəsi, Polis şöbəsi, rayon Təhsil sektorunun, rayon Səhiyyə şöbəsinin əməkdaşları şagirdləri maarifləndirmiş və onlara tövsiyələr vermişlər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərə də təsadüf edilməsi böyük təəssüf hissi doğurur. Bütün bunları nəzərə alan Bakı Dövlət Universitetinin Qazax rayon filialında və Qazax Dövlət Sosial–İqtisadi Kollecində 2022-ci il ərzində bir sıra tədbirlər keçirilmişdir. Yuxarıda qeyd olunmuş bütün tədbirlərdə Bakı Dövlət Universitetinin Qazax rayon filialının və Qazax Dövlət Sosial–İqtisadi Kollecinin tələbələri iştirak etmişlər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və ümummilli proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirəcəkdir.
Məmməd Alıyev,
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

