Azərbaycan bərpa olunan enerji potensialına görə bölgədə birincidir
İşğaldan azad edilən ərazilərdə enerji layihələri ilə bağlı investisiyaların yatırılmasına hazırlıqlar gedir
Çağdaş dünyada aparıcı ölkələrin enerji istehsalında bərpa olunan enerji layihələri geniş yer tutur. Çünki bu, həm ekoloji baxımdan, həm də az xərclə çox gəlir gətirmək imkanlarına görə daha səmərəlidir. Ölkəmizdə də bərpa olunan enerji istiqamətində layihələrə start verilib. Qeyd edək ki, Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malikdir. Xüsusilə ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı, Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa rayonları bu baxımdan əlverişli ərazilərdir.
Həmçinin ölkəmizdə təbii iqlim şəraiti günəş enerjisindən istifadəyə də geniş imkanlar açır. Hətta bu sahədə də bölgədə birinciyik. Mütəxəssislərin hesablamalarına görə, ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Bu isə digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, nəticədə günəş enerjisinin istehsalına yatırılan sərmayələrin səmərəliliyi artmış olur. Təbii ki, günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll etməyə imkan verəcək. Ölkəmizdə texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt-dir. O cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Məhz buna görə də bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas hədəf 2030-cu ilə qədər elektrik enerjisindəki ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hətta işğaldan azad olunmuş ərazilərdə dağ çaylarının üzərində azhəcmli SES-lər də qurulub. Energetiklərin fikrincə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün də əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyasına malik müvafiq ərazilər müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir.
2022- ci ilin iyunun ayında Bakıda baş tutan Bakı Enerji Həftəsində bərpa olunan enerji layihələrini həyata keçirən xarici şirkətlər də iştirak edərək Azərbaycana sərmayə yatırmaq istəklərini bildirdilər. Bunlardan Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətlərinin adını çəkmək olar. Artıq bu şirkətlər bərpa olunan enerji layihələrinə dair Azərbaycan hökuməti ilə müqavilələr imzalayıblar. Həmin şirkətlər daha çox Qarabağa və Şərqi Zəngəzura sərmayə yatıracaqlar ki, bu da ölkəmizin enerji dayanıqlılığını təmin etməklə bərabər, «yaşıl iqtisadiyyat»ın inkişafına da töhfə verəcək.
Təbii ki, Azərbaycan dövləti bu müqavilələri imzalamaqla ölkəmizdə bərpa olunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlamaq şansı əldə edib. Beynəlxalq enerji mütəxəssislərinin də söylədikləri kimi, Azərbaycanda bərpa olunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız olan «ACWA Power» və «Masdar» şirkətləri ilə əməkdaşlığımız böyük perspektivlərə hesablanıb. Məsələn, «Masdar» şirkəti dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayır. Şirkət Azərbaycanda 200 MVt-lıq günəş layihəsini həyata keçirəcəkdir. Bununla da ölkəmiz enerji sahəsində daha bir uğurlu addım atmaqla öz iqtisadi təhlükəsizliyini geniş şəkildə qorumaq imkanları qazanacaq.

