Cəmiyyət 

Narkomaniya qarşı mübarizə sağlam həyatın təminatıdır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədi ilə İş Planı təsdiq edilmişdir.

Nazirliyin və digər aidiyyəti orqanların yerli bölmələrinin əməkdaşları ilə birgə narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi məqsədilə bir sıra profilaktik tədbirlər, həmçinin regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən mütəmadi monitorinqlər həyata keçirilmişdir.

Respublikanın münbit torpaq sahələrində və meşə zolaqlarında əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar olunması, həmçinin bu bitkilərin məhv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, nazirliyin regional ekologiya idarələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Qubadlı rayon Muradxanlı kəndi ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitmiş çəkisi 4108 kq olan 16403 ədəd çətənə kolu və Zəngilan rayonu Bürünlü kəndi ərazisində çəkisi 1200 kq olan 1713 ədəd çətənə kolu aşkar olunmuş və yığılaraq müvafiq Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə məhv edilmişdir.

Eyni zamanda, Regional meşə təsərrüfatı mərkəzləri tərəfindən İsmayıllı rayonu ərazisində Qalınçaq meşəbəyliyinin 7 saylı meşə dolayının 55-ci kvartalında əkilib becərilmiş 41 ədəd çətənə kolu aşkar edilmiş və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilmişdir.

Bundan əlavə, Beyləqan rayonu ərazisində 5 saylı meşəbəyliyin 6 saylı dolayında 817 ədəd yabanı halda bitmiş cətənə kolu aşkar edilmiş və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə məhv edilmişdir.

Həmçinin 2022-ci ilin müvafiq dövrü ərzində mütəmadi olaraq keçirilən reydlər zamanı Altıağac, Şahdağ, Samur-Yalama Milli Parkı və Zaqatala Dövlət Təbiət Qoruğunun xidməti ərazilərində narkotik xassəli bitkilərin yabanı halda bitməsi faktı aşkar edilmişdir.

Altıağac Milli Parkının Altıağac sahəsinin 7-ci dolayının 31-ci kvartalında 0,2 ha ərazidə 570 ədəd narkotik xassəli bitkilərin yabanı halda bitməsi faktı aşkar edilmiş və bu bitkilər müvafiq Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Şahdağ Milli Parkının İsmayıllı bölməsi, Talıstan meşəbəyliyinin 2 saylı meşə dolayı üzrə 500 m2 ərazidə ümümi sayı 1850 ədəd olan narkotik xassəli bitkilərin yabanı halda bitməsi faktı aşkar edilmiş və bu bitkilər müvafiq Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Samur-Yalama Milli Parkının Xudat meşə sahəsinin 8-ci dolayının 15-ci kvartalında 25 m2 ərazidə 28 ədəd narkotik xassəli bitkinin yabanı halda bitməsi faktı aşkar edilmiş və bu bitkilər müvafiq Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Zaqatala Dövlət Təbiət Qoruğunda Mazımqara sahəsinin 03 və 05 saylı dolayları üzrə 101 ədəd, Gərəkli sahəsinin 01 saylı dolayının 73-cü kvartalı üzrə 71 ədəd olmaqla ümumilikdə 172 ədəd narkotik xassəli bitkilərin yabanı halda bitməsi faktı aşkar edilmiş və bu bitkilər müvafiq Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Bununla yanaşı ETSN-in müvafiq qurumları tərəfindən narkotik tərkibli yabanı bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Quba, Xaçmaz, Şabran, Lənkəran, Masallı, Cəlilabad, Saatlı, Şirvan, Salyan, Sabirabad, Ağcabədi, Bərdə, Füzuli, Tərtər, Ağdam rayonlarında qabaqlayıcı kompleks profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, əhalinin və məktəblilərin iştirakı ilə görüşlər keçirilmişdir.

2022-ci ilin 9 ayı ərzində Quba rayonu üzrə Qımılqışlaq kənd tam orta məktəbində, Alekseyevka kənd bələdiyyəsində, Xaçmaz rayonu üzrə Xaspoladoba bələdiyyəsində, Qusarçay bələdiyyəsində, Gödəkli tam orta məktəbində, Xudat şəhəri 3 saylı tam orta məktəbində, Şabran rayonu Aygünlü kənd bələdiyyəsində “Narkotik bitkilərin zərərli xassələri və insan sağlamlığına mənfi təsiri”, Lənkəran rayonu üzrə Viravul kənd 2 nömrəli tam orta məktəbində, Lənkəran şəhər Gənclər və İdman İdarəsində, “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyində, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyində, Masallı şəhər 6 nömrəli tam orta məktəbində, Cəlilabad şəhər 8 saylı tam orta məktəbində, Muğanlı kənd tam orta məktəbində, Ocaqlı kənd 2 nömrəli tam orta məktəbində, Qarazəncir kənd tam orta məktəbində, Şükürlü kənd tam orta məktəbində, Ağalıkənd kənd tam orta məktəbində, Əliqasımlı bələdiyyəsində, Komanlı bələdiyyəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ictimai mübarizə”, “Narkomaniya və onun fəsadları, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği”, Saatlı rayonu 4 saylı tam orta məktəbində, Şirvan şəhər 10 nömrəli tam orta məktəbində, 5 nömrəli ümumi orta məktəbində, 9 nömrəli tam orta məktəbində, 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyində, Salyan rayonu Sarvan kənd tam orta məktəbində, Sabirabad rayon Güdəcühür kənd tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə”, Ağcabədi rayonu üzrə Aşaği Avşar bələdiyyəsində, Quzanlı bələdiyyəsində, 6 saylı tam orta məktəbində, 7 saylı tam orta məktəbində, Taynaq kənd tam orta məktəbində, Poladlı kənd tam orta məktəbində, Sarıcalı Kənd tam orta məktəbində, Hindarx qəsəbəsi 1 saylı, 2 saylı 3 saylı tam orta məktəblərində, Bərdə rayonu üzrə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, 4 saylı tam orta məktəbində, Kətəlparaq kənd tam orta məktəbində, Şirvanlı kənd tam orta məktəbində, Kürdborakı kənd tam orta məktəbində, Şahvəlilər bələdiyyəsində, Füzuli rayonu üzrə Qayıdış qəsəbə 1 saylı tam orta məktəbində, Araz Dilağarda bələdiyyəsində, Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsində, Ağdam rayonu Quzanlı bələdiyyəsində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır”, “Narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir” mövzularında və Mingəçevir şəhəri Mingəçevir Dövlət Universisteti və Mingəçevir şəhəri“ Gənclər Evi” Xidmət Mərkəzində 26 iyun – Beynəlxalq narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə günü ilə əlaqədar maarifləndrici görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Həmçinin bildiririk ki, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin, eləcə də yabanı bitənlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir və bu iş daim nəzarətdə saxlanılır.

Amil Sefiyev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri

Daha çox xəbərlər