Siyasət 

Qarabağdakı qara yara

Artıq onu kəsib atmağın zamanıdır!..

Oktyabrın 30-da ermənilərin Xankəndidə keçirdikləri qanunsuz mitinq Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarına zərbə vurmaqla yanaşı, separatçıların qondarma rejimini ləğv etmək və silahlı terrorçuları zərərsizləşdirmək üçün bölgədə antiterror əməliyyatının keçirilməsini də qaçılmaz edir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, suveren sərhədlərimizin şübhə altına alınmasına yönəlmiş bu aksiyanın təkcə ermənilər tərəfindən deyil, eyni zamanda, kənar qüvvələr vasitəsi ilə də təşkil edildiyi, məqsədli şəkildə həyata keçirilən təxribat cəhdi olduğu açıq şəkildə görünür. Hiss olunur ki, Cənubi Qafqazda dayanaqlı sülhün yaranmasından, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından narahat olanlar sadə erməniləri ayağa qaldırmaqla həll edilmiş, başa çatmış münaqişəni yenidən qızışdırmağa, problem yaratmağa çalışırlar. Bəs Qarabağın ermənilər yaşayan ərazilərindəki sakitlik və sabitlik kimləri narahat edir? Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunu elan etdiyi bir vaxtda vəziyyəti yenidən gərginləşdirmək cəhdlərinin qarşısını almaq üçün nə etmək lazımdır?

Qeyd edək ki, oktyabrın 30-da Qarabağdakı qara yara olan erməni separatçı qüvvələrinin qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti son siyasi-ictimai hadisələrə həsr olunmuş növbədənkənar sessiya keçirərək “bəyanat” verib. Ardınca isə Xankəndinin Dirçəliş meydanında mitinq keçirilib. Dırnaqarası “milli assambleya”nın qəbul etdiyi “bəyanat” başdan-ayağa təxribat xarakterli olmaqla, Qarabağda Azərbaycanın hakimiyyətini inkar etmək məqsədi daşıyır. Separatçıların “bəyanat”ının əsas müddəaları bundan ibarətdir ki, “artsax” (Qarabağ-M.R.) heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq, bu ideya “Azərbaycan-Qarabağ münaqişəsi”nin həllinin əsasını təşkil etməlidir. Bundan başqa, Ermənistan Respublikasının heç bir orqanının “artsax xalqı”nın təhlükəsizliyini təmin etmək missiyasından imtina etmək və ya suveren “artsax respublikası”nın mövcudluğuna şübhə doğuran hər hansı sənədi məqbul hesab etmək hüququ yoxdur: “Biz Ermənistan hakimiyyətindən mövcud fundamental sənədlərə, xüsusən Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə və Ali Məhkəmənin tarixi qərarına əsaslanaraq, beynəlxalq platformalarda iki erməni respublikasının ümumi maraqlarını müdafiə etməyi tələb edirik. Biz bölgəmizdə sülhün və sabitliyin təmin edilməsindəki tarixi rolunu nəzərə alaraq Rusiya Federasiyasını Rusiya Prezidenti Vladimir Putinin birbaşa və fəal iştirakı ilə “artsax xalqı”nın təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirməyə çağırırıq.”

Göründüyü kimi, separatçı qurumun Azərbaycanın qanunvericiliyinə zidd addımının ssenarisi Xankəndinin özündə yazılmayıb. Bu məqamda qondarma “DQR”in qondarma “prezident”i Araik Arutyunyanın bu yaxınlarda Rusiyaya səfərə getmək istəməsi ilə bağlı Ermənistan KİV-də yayılan məlumatlar yada düşür. Görünür, bir müddət əvvəl İrəvanda keçirilmiş qapalı görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Araikə Qərbin təzyiqi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa məcbur edildiyini, Qarabağa iqtisadi yardımdan başqa heç nə etmək imkanının qalmadığını açıq şəkildə söylədikdən sonra qondarma rejimin rəhbərliyinin sığınmaq üçün Rusiyaya üz tutması ilə bağlı yayılan xəbərlər də əbəs deyil. Xankəndidəki mitinqin təşkilatçılığı ilə bağlı bir məqam da diqqət çəkir. Erməni mətbuatının məlumatlarına görə, aksiyada 40 minə yaxın insan iştirak edib. Say təbii ki, çox şişirdilib. Ancaq Qarabağ ərazisində yaşayan hər bir ermənilərin ümumi sayının faktiki olaraq 20 mindən bir az artıq olduğu reallığı ilə mitinq iştirakçılarının sayı tərs mütənasibdir. Həmin 20 mindən artıq erməninin lap ən yaxşı halda üçdə biri aksiyaya qatılsaydı belə, hansı ki, bu, mümkün deyil, yenə də aksiya iştirakçılarının sayı 10 min nəfərdən az olmalı idi. Bəs qalan təxribatçılar Qarabağa, Xankəndiyə necə gəliblər? Onların bu qanunsuz aksiyaya qoşulmasını kim maliyyələşdirib? Axı bu qədər insanı Ermənistandan Xankəndiyə daşımaq böyük məbləğdə vəsait tələb edir. Bu məqamda son vaxtlara qədər Rusiya vətəndaşı olmuş, daimi yaşamaq üçün Qarabağa köçdüyünü elan etmiş erməni milyarder Ruben Vardanyan yada düşür. Bir müddət öncə noyabr ayının əvvəllərindən Qarabağdakı qondarma “respublika”nın “dövlət naziri” kimi fəaliyyət göstərəcəyini elan edən Vardanyanın qanunsuz olaraq Azərbaycan ərazisinə səbəbsiz gəlmədiyi hamıya bəllidir. O, rəsmi “Facebook” səhifəsində bütün sağlam qüvvələri öz ətrafında birləşdirəcəyini və “ölkəni” böhrandan çıxarmaq üçün real işlərə rəhbərlik edəcəyini bildirmişdi. Niyəsə məhz Xankəndidəki mitinqdə erməni milyarderin “real işləri”nin təzahürü də açıq görünür. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Vardanyan

Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb. Hətta prosesin neçə baş verdiyi də bildirilir: Ətraf kəndlərdən gələnlər Xankəndiyə çatmamış yanacaqdoldurma məntəqələrində 8 litr benzini pulsuz ala biliblər. Bunun üçün yanacaqdoldurma məntəqələrinə Vardanyan əvvəlcədən sifariş verib. Ermənistandan avtobusa doldurulub gətirilənlər isə Laçın dəhlizinə daxil olduqdan sonra salondaca “mükafat”larını alıblar. Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminatını də erməni milyoçu öz üzərinə götürüb. Bir daha xatırladaq ki, Ruben Vardanyan məhz Rusiyanın “layihəsidir”.

Qarabağdakı son təxribat bu bölgənin müəyyən hissəsində müvəqqəti yerləşdirilmiş və Xankəndini Ermənistanla birləşdirən yola da nəzarət edən Rusiya sülhməramlılarının fəaliyyəti barədə də ciddi suallar yaradır. Çoxlu sayda erməninin mitinqə gəlməsinə niyə şərait yaradılıb? Və Xankəndidəki qanunsuz aksiyaya sülhməramlılar niyə müdaxilə etmədilər?

Sual doğuran həm də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlətinin başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatlara, bu sənədlərin imzalanmasına vasitəçilik edən tərəfin münasibətidir. Bəlkə Azərbaycanın da bəzi dostluq münasibətlərini yenidən nəzərdən keçirməsinə ehtiyac var?..

Daha çox xəbərlər