İşğalçı Ermənistan Prezident İlham Əliyevin uğurlu hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü
Tarixi Zəfərimizin qətiyyətli Sərkərdəsi
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər bəzi dövlətlərin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində zaman-zaman müdrik qərarlar qəbul edib. Seçimində heç vaxt yanılmayıb, qurub yaratdığı dövlətlər, seçdiyi liderlər qədim dünyanın, orta əsrlərin, müasir tarixin qəhrəmanlıq salnaməsinə, ədalət rəmzinə çevrilib. Bu gün də yaşadığımız parlaq tarix məhz xalqımızın sərrast seçimidir. Arzuladığımız xoşbəxt gələcəyi yaşayırıq, həmin gələcək bax, bu gündür, xalqımızın əzəmətli təfəkkürünün məhsuludur.
İkinci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.
Ancaq torpaqlarımızın illərlə işğal altında olmasına baxmayaraq, Azərbaycan Prezidenti yürütdüyü siyasətlə hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan etdi. Dəvət olunduğu bütün beynəlxalq ali kürsülərdə, konfrans və forumlarda cənab İlham Əliyev xalqın səsini bəyan edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istədi. Amma ikili standartlar prinsipi heç zaman Azərbaycandan yan keçmədi. Bu cəzasızlıq mühitindən yararlanan Ermənistan Qarabağda daşı daş üstə qoymadı. Bu azmış kimi Ermənistan rəhbərliyinin tutduğu azğın yol, həyasızcasına səsləndirdiyi bəyanatlar Azərbaycanın və şəxsən cənab İlham Əliyevin səbr kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, Ali Baş Komandan böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi, ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.
2020-ci il, sentyabrın 27-də xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin bəhrəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi.
Bu dövrdə Azərbaycana beynəlxalq təzyiqlər daha da gücləndi. Amma Ali Baş Komandan qətiyyətlə vurğuladı: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”
Haqq savaşına başlayan Azərbaycana digər tərəfdən dəstəklər də artırdı. Təkcə 120 üzv və 17 müşahidəçi dövləti, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatından Azərbaycana verilən dəstəyi göstərmək yetərlidir. Müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformaya sədrlik edən Azərbaycana göstərilən dəstək çox mühüm dəyərləndirilməlidir. Çünki Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycana dəstəyi ölkəmizi istəməyən qüvvələrə tərs sillə oldu. Çünki həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad etməyən birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan təşkilatın prinsipial mövqeyinə möhkəm sadiqliklərini nümayiş etdirdilər.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bütün cəbhələrdə öndə idi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi müsahibələrdə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırmağı bacardı. Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi.
Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində strateji yüksəkliklər azad olundu. Noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı.
Məhz qalib Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.
Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Respublika rəhbəri böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi.
Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm qələbənin əldə olunmasına öz töhfələrini verdilər. Qarabağı “Dəmir yumruq”la azad edən Ali Baş Komandan regionda yeni reallıqlar yaratdı və proseslər göstərdi ki, artıq diktəni cənab İlham Əliyev edir.
Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından ötən iki il uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. Döyüşlərin getdiyi ötən ilin bu vaxtlarında təsəvvür belə edə bilməzdik ki, cəmi bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilk olaraq infrastrukturun yaradılmasından, vaxtilə mövcud olmuş avtomobil yollarının yenidən qurulmasından və yeni yolların çəkilməsindən başladı. Çünki yol inkişaf deməkdir və yollar olmadan heç bir şəhərin və rayonun, kənd və qəsəbənin bərpasını və gələcəkdə sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Vətən müharibəsinin başa çatmasından 6 gün sonra – noyabrın 16-da Ali Baş Komandan qalib Sərkərdə kimi Qarabağa səfər etdi. Bu, tarixi bir gün idi. Həmin gün cənab İlham Əliyev savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri cığırları “Zəfər yolu” adlandırdı və həmin traektoriya ilə Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini qoydu.
2021- ci il yanvar ayının 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu, “Zəfər yolu” ilə Şuşaya qalib Sərkərdə kimi ayaq basdı və qədim qalamızdan dünyaya sülh mesajı verdi.
2021- ci il iyunun 15-i Qurtuluş Günündə yeni tariximiz yazıldı. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda, Şuşada qarşıladı.
Şuşa şəhərində iki qardaş ölkənin liderləri – cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzaladılar. Bu bəyannamənin bağlanmasının məhz Azərbaycan xalqının Qurtuluş Günü – 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Çünki biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda böyük dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq var. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj oldu. Qardaş ölkənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq mövqeyindən geri çəkilmədilər.
Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra iki qardaş ölkənin liderlərinin verdiyi bəyanatlar bu möhtəşəm həmrəyliyin məntiqi davamı kimi qiymətləndirilməlidir. Həmin gün Qarabağda möhtəşəm yeni tarix yazıldı. Azərbaycan və Türkiyə liderləri – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan əzəli torpaqlarımızda əl-ələ verərək dünyaya mühüm mesajlar ünvanladılar. Prezidentlər bir daha bəyan etdilər ki, biz hər zaman bir yerdəyik, birliyimiz sarsılmazdır, əbədidir. Biz bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik, birliyimiz gücümüzdə, əməlimizdədir. Hər zaman çiyin-çiyinə bir yerdə irəliləyirik və ən yeni tarixi birlikdə yazırıq.
Təməli qoyulan Zəngəzur dəhlizi isə bütün Türk dünyasını birləşdirib yeni imkanlar açacaq. Bu dəhliz bölgə ilə yanaşı, bütün region ölkələri üçün də əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Asiyanı Avropaya birləşdirəcək bu avtomobil yolu ilə Azərbaycan yeni nəqliyyat damarı açacaq.
Bu gün Qarabağda sürətlə davam edən proseslərdən biri məhz yol-nəqliyyat infrastrukturudur. Prezident İlham Əliyevin hərbi əməliyyatların başa çatmasından sonra işğaldan azad olunmuş rayonlara etdiyi bütün səfərləri yeni avtomobil yollarının təməlinin qoyulması ilə yadda qaldı.

